Taleh Həmid
(1952-2016)
Şair, publisist. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. “Ulduz” jurnalında şöbə müdiri, “Yeni fikir” və “Müstəqil qəzet”in baş redaktoru vəzifələrində çalışıb. “Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Məni gözləyən olsa”, “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı” və digər kitabların müəllifidir. Respublika Komsomolu mükafatına, 2010-cu ildə Mədəniyyət və Turizm nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
Yaşada axşamlar, sabahlar məni
Səssiz ötüşmədin ömrümdən mənim,
Ay ötən baharım, ay ötən qışım.
Hərdən seyrəldisə dumanım, çənim,
Hərdən buludsuz da yağdı yağışım.
Yağdı yollarıma sevinc də, qəm də,
Gah güneyə düşdüm, gah da quzeyə.
Bir ürək yaşatdım odlu sinəmdə,
Kimsə istisinə qızınsın deyə.
Bahardan payıza uzanan ömrüm
Dinclik soraqlayır yaşım aşmamış.
Bir tərəfdə payız, bir tərəfdə qış,
Görəsən, nə qaldı bəs yaşanmamış?
Daha qəm dindirir, daha qəm çalır
Mənim kamanım da, mənim tarım da.
Özümdən irəli sevgim qocalır,
Göz yaşım buz olur yanaqlarımda.
Durula-durula bulanan ömrüm
Axdıqca içimə çağlayıram mən.
İllər elə verir dərsimi, Allah,
Dünən güldüyümə ağlayıram mən.
Haqq-hesab umuram özüm-özümdən,
Cox vaxt yatammıram uzun gecəni.
Kaş bircə düşməyə dünya gözümdən,
Yaşada axşamlar, sabahlar məni.
Payızlar, salam
Salam, sarı payız, xəzəllər, salam,
Bir güllü yazı da belə itirdik.
Salam, sarısaçlı gözəllər, salam,
Bahardan payıza nəyi itirdik.
Uçan illərimə bir il də hördüm,
Küləklər daramır daha telimi.
Bir qızın əlində üşüyən gördüm,
Payız çiçəyini ürəyim kimi.
Geriyə qayıtmır bu cığır, bu yol,
Çətin bu güneydə üz tutub qalam.
Sağ ol, güllü yazlar, baharlar, sağ ol,
Salam, xoş gəldiniz, payızlar, salam.
Dolanırıq biz
Saat əqrəbində ötür ömür, gün,
Saat dairəsində fırlanırıq biz.
Bizi fırlatsa da bu Yer kürəsi,
Yerin də başına dolanırıq biz.
O dərin dəryaya nahaq daş atdıq,
Çox da öyünməyək – qurduq, yaratdıq.
Biz hardan gəlirdik, haraya çatdıq? –
Allah ümidinə dolanırıq biz.
İlişib qalırıq haqda-nahaqda,
Yerimiz hardadır? – Başda-ayaqda,
Okeanlar, dəryalar durulaşmaqda,
Hələ təzə-təzə bulanırıq biz?
Ömür dediyimiz bu qeylü-qalda
Axır bir sevdadı, əzəl bir sevda.
Bir gün kül olacaq, görəsən, o da,
Nahaqdan odlara qalanırıq biz.
Unut da məni
Bir sevgi yaşatdıq bahardan qışa,
Deyəsən, tuş gəldik axı qarğışa.
Dünən küçənizdə düşdüm yağışa,
Tanıdı yağış da, bulud da məni.
Kimsə agah olar bu gizli sirdən,
Həsrətim oxunar üzündə birdən.
Görünə bilərəm gözündə birdən,
İslat göz yaşında, qurut da məni.
Yoxdu halımıza yanan kəsimiz,
Çətin bir də dinə sınan səsimiz,
Bir kövrək xatirə olsun bəsimiz,
Xatırla da məni, unut da məni...
Sənə məktublar yazıram
Sənə məktublar
yazıram
Qumlar ustündə.
İndicə dalğalar
yuyacaq onu,
Orda nə yazmışam
bilməyəcəksən.
Sən o məktubların pintiliyinə,
Əzgin vərəqlərə
Gülməyəcəksən.
Bilsən nə qədər
qəribsəyirəm,
Çoxdan itib-batan cığır, iz üçün.
Bir vaxt uzaqlarda,
Qalacaq o iz,
İllər saxlayacaq
O naxışları.
Buluddan xəbərsiz,
Göydən xəbərsiz,
Yağacaq dənizə
Qum yağışları.
Demirəm getmisən,
Geri dön, barış.
Həsrətin ən böyük
Dərdim-sərimdi.
Axtarsan sən məni,
Dənizdən soruş,
Dalğalar dalğalı
Sətirlərimdi.
Xatirə yazıram
qumların üstə,
Bu sahil, bir də ki,
Bu dəniz üçün...