Roberto Arlt
(1900–1942)
- Görkəmli Argentina yazıçısı, dramaturq, jurnalist;
- Argentinanın paytaxtı Buenos-Ayresdə anadan olub;
- Avropa mühacirlərinin (atası alman, anası italiyalıdır) övladı olan yazıçının uşaqlığı ağır keçib;
- Məktəbdən qovulan yazıçı xeyli peşə dəyişib;
- Məşhur “Mundo” qəzetinin müxbiri kimi İspaniya və Şimali Afrikada çalışıb;
- Roman, hekayə və pyesləri, əsasən, qrotesk və tragifars janrında qələmə alınıb;
- Tənqidçilər tərəfindən imzası Argentina ədəbiyyatına yeni ənənələr gətirmiş müəlliflər sırasında Borxeslə yanaşı çəkilir;
- Nəsr nümunələri və pyesləri dəfələrlə ekranlaşdırılıb, əsərləri ingilis, alman, fransız, italyan, portuqal və digər dillərə tərcümə olunub;
- İnsultdan vəfat edib.
Cılız sahibkarlar
(hekayə)
Axşam, şam yeməyindən əvvəl Eufrasiya ərinə dedi:
– Bilirsən, mənə elə gəlir, divarımızın o tayındakı, evini tikdiyi yazığın kərpiclərini oğurlayır.
Xoakin şüşə gözünü maddım-maddım ona zillədi:
– Hardan bilirsən?
– Özün fikirləş, bu gün hava qaralan kimi bir də gördüm, öz arabasıyla gəlir. Elədiyini gizlətmək üçün torbalara yığıb doldurduğu kərpicin tozu göz deşirdi.
– Ola bilməz!
– Mən sənə olanı deyirəm. Hələ üstəlik dünən də kafel çırpışdırmışdı. Düzdü, onları da cırıq torbalara yığmışdı, amma küncləri görünürdü.
– Hə, onda… Kim bilir!
– Elədi, elədi! Mən hələ o biri tikiliylə məşğul olanda ona göz qoymuşdum. Əvvəl-əvvəl arabasıyla ertədən qayıdırdı, elə ki, iş tamamlanmağa yaxınlaşdı, bax onda evə hava qaralanda gəlməyə başladı. Arabasının da üstü həmişə nəyləsə örtülü olurdu. Elə bilirəm, özünə çardağı da elə həmin oğurluq materiallarla düzəldib.
– Əlbəttə, başqalarına yandıq vermək üçün belə çardağı düzəltməyə nə var.– Qaradinməz Xaokin dedi.
Bununla da söhbət kəsildi. Şam yeməyini həzmi-rabedən sükutla keçirdilər. Ticarət dəllalının görən gözü də o biri şüşə gözü kimi donub qalmışdı. Bir də yatmazdan əvvəl, artıq lampanı söndürməyə hazırlaşanda Eufrasiya ərinə baxmadan nə təbii alınmasını istədiyindən daha da saxtalaşan səslə dedi:
– Əgər evin sahibi bilsə…
– Onu dama basdırar. – Təkgöz bircə bunu dedi.
Ər-arvad uzandı və söhbət də qırıldı.
İki qonşu gizlində bir-birinə nifrət eləyirdi. Xırda-xuruşdan başlanıb gün-gündən bərkiyən bu hiss hər ikisində eyni idi, fərq yalnız hansının hansına hansı bədbəxtliyi arzulamasındaydı.
Bənna Kosme arzulayırdı ki, Xoakinin təsərrüfatına nəsə bir bədbəxtlik üz versin. Amma hansı bədbəxtlik? Əgər soruşsaydılar, qonşuya məhz nə arzuladığı özünə də düz-əməlli məlum deyildi. Hər halda, xüsusi bir istək idi, hətta düşmənini öldürmək gücündə olan bir istək. Təxəyyülünün kasadlığından Kosme əsəbdən havalanmaq həddinə çatırdı. Və hiss eləyirdi ki, əgər arzusunu dəqiq müəyyənləşdirə bilsə, dünyanın ən xoşbəxt adamı olar.
Amma Xoakin əksinə, arzusunun nədən ibarət olduğunu özü üçün dəqiq müəyyənləşdirmişdi. Çox istəyirdi ki, bənna müflisləşsin, həmişə təsəvvüründə canlandırırdı ki, bəs, qonşusu eyni vaxtda icarəyə götürdükləri torpaq sahəsinin aylıq xərcini ödəyə bilməyib.
Xoakin Kosmenin bostanında satışa çıxarıldığına işarə vuran qırmızı bayrağın yelləndiyini elə ki, gözünün qabağına gətirirdi, onda ürəyinə dəli bir sevinc dolurdu, dişlərini qıcıyırdı və nazik qaşının altındakı şüşə gözü olduğundan da artıq parlayırdı. Bu düşmənçiliyin təməli iki hadisəylə qoyulmuşdu.
O vaxt Xoakin torpaq sahəsini alanda Kosmedən evinin tikintisi üçün layihə hazırlamağı xahiş etdi. Amma sonra ağlına nə gəldisə işi başqa bənnaya həvalə elədi.
İşə başlayanda evini qonşusunun divarına bitişik tikdirməli oldu. Əsəbdən coşan Kosme buna görə, qonşusuna ağlagəlməz qiymət oxudu. Xoakin iki ayağını bir başmağa dirəyib pulu verməkdən imtina elədi. Bir səhər bənnanın evində olmadığından istifadə eləyib sürətlə işə başlamağa göstəriş verdi. Kosme qayıdanda artıq iş-işdən keçmişdi.
Kosmenin məhkəməyə tökdüyü pullar tikilinin ümumi qiymətindən çox çıxdı. Bənnanı havalandıran da elə bu idi. Axı, o, necə də Xoakinin müflisləşməsini arzulayırdı. Hələ bu azmış kimi iş elə birinci instansiyada ilişib qalmışdı. Hikkəsindən alovlanan və get-gedə bədbinləşən Kosme il yarım qanun keşikçiləri və yorğun şikayətçilərlə dolu çirkli məhkəmə otaqlarının qapılarında gününü keçirdi. O, qonşusunu biryolluq məhv etmək üçün aylarla bütün mümkün biclik və hiylələri, ən ağlagəlməz üsulları öyrəndi. Amma key in və təpərsizin birisi olduğundan ağlına nəsə yöndəmli bir şey gəlmədi. Axır ki, artıq heç bir ümid yeri qalmayanda ədalət zəfər çaldı və o, istədiyi pulu ala bildi.
Vaxt keçdikcə, qarşılıqlı nifrət də artırdı, amma bu hiss daha siftə-siftə olan kimi açıq deyildi. İndi bir-birlərini rahat buraxıb nifrətlərini gizlində yemləyirdilər. Bu nifrət şirə kimi damarlarından axıb hansısa amansız arzulara və qonşusunun “ bir gün elədiklərinin cavabını mütləq alacaq” kimi sevinc hisslərinə yol açırdı.
İlk qurşaqdan aşağı zərbə bənnadan gəldi.
Xoakin otaqlarından birini bələdiyyənin icazəsini almadan tikdirmişdi. Amma ən pisi o idi ki, yerli hakimiyyətin sərəncamına görə, döşəmənin altında özül olmalıydı və bu tərəfi onunvaxtında ağlına gəlməmişdi.
Kosme bundan tindəki dükanın bufetində Xoakinin ustasıyda ordan-burdan qeybət eləyəndə xəbər tutdu və bu ağır cinayəti inspektora danışdı. İnspektor gəldi və qanun pozucusu xeyli məbləğdə cərimə ödəməli oldu. Amma buna qədər Xoakin onun qanunu tapdalamasını dəqiqləşdirmək məqsədilə inspektorun ağcaqayın ağacından vurdurduğu döşəməsini necə sökdüyünə də tamaşa eləməli oldu.
Həmin gün Xoakinin hətta şüşə gözündən də bir damla yaş axdı və Eufrasiya mətbəxdən vaxtında bənnadan şikayətə getmədiyinə görə, öz mağmın ərinə qarğışlar yağdırdı. Kosme həmin axşam yatağına girib uzananda dilinin altında bir xeyli qəribə sözlərlə mızıldandı.
Yeddi ay sonra tikinti materiallarını daşımaq üçün bənna at və qoşqu aldı, amma ehtiyatsızlıqdan elə həmin bələdiyyənin göstərişini unutdu. Yəni o, əvvəlcə bələdiyyənin razılığını alıb sonra tövlə tikməliydi. Xoakin öz damına baxmaq bəhanəsiylə Kosmenin damına qalxanda qonşusunun atı üçün qurduğu müvəqqəti daldalanacağı görüb dərhal inspektora xəbər elədi. Və gözəl günlərdən birində bənna at tövləsinin tikintisi zamanı yol verdiyi pozuntulara görə, belinə yüklənən cərimədən heyrətləndi. Bu cərimə ona atla qoşqunun ümumi qiymətindən baha başa gəldi.
Yerli hakimiyyətin şirəsiylə daha da qatılaşan bu didişmə qonşuların bir-birinə nifrətini bir az da artırdı. Xoakin Kosmeni görəndə bütün bədəni əsirdi. Hətta qonşusunun elə bircə vücudu da onda ikrah hissi oyadırdı. Bənnanın doğrudan da bədheybət görkəmi vardı: balaca boyu, yöndəmsiz bədən quruluşu olan bu adamın göy gözləri kifir sifətində abırsız-abırsız işarırdı, hələ üstəlik dili də qüsurluydu, danışanda ağzından çıxan “ q” səsi birbaş beynə işləyirdi. Hər dəfə bu səsi eşidəndə Xoakini əsməcə tuturdu və hiss eləyirdi ki, halı pisləşir.
Amma hərdən-hərdən söhbətləri də olurdu. Ya kərpicin bahalaşmasından, ya da başqa belə şeylərdən danışırdılar.
Qışda təxminən min kərpic almalı olan Xoakin götür-qoy eləyirdi:
– Deyirlər, min kərpicin qiyməti qırx pesoya qədər qalxacaq.
– Qırx beşə qədər.
– Bu ki, biabırçılıqdı. Siz təsəvvür edirsizmi? Düz on peso baha!
Beləcə, dörd aydan sonra canlarından çıxacaq onca pesoya görə, saatlarla çənə vura-vura hökuməti və onun qanunlarını yıxıb sürüyürdülər. Qiymətlərin bahalaşması kimi ümumi dərdlər onları yaxınlaşdırırdı. Hər ikisi pula simicliyindən həzz alırdı və bu pis vərdişi başqalarından fərqli olaraq gizlətmək əvəzinə əksinə, xeyirxah bir iş kimi ləzzətlə nümayiş eləyirdilər.
Xoakin Kosmedən bir qədər artıq təxəyyülə malik olduğundan bu xırda-xuruş məsələlərdən söhbət düşəndə özünü Loyola küçəsinin sahibkarlarından biri kimi təsəvvür etməyi xoşlayırdı. Bu vaxt o, öz mövqeyini nəyin bahasına olursa-olsun həmsöhbətinə təlqin eləmək istəyirdi və arzulayırdı ki, kaş nə vaxtsa həqiqətən də bu yerin ağalarından biri olsun. Amma o ağalardan ki, vedrə və malayla silahlanıb evinin ətrafındakı hasarı öz əlləriylə çəkir. O, özünü yalnız qənaətcil olmamaqda günahlandırırdı.
Bu söhbətlər kənardan baxan üçün səmimi görünsə də, bənnayla danışanda Xoakinə həmişə elə gəlirdi ki, həmsöhbətinin göy gözlərində eramızdan əvvəlin nəsə ağır və daş kimi donub qalan bir əcaib məxluqu gizlənib. Bu “ nəsə” onu tamam iflic eləyirdi və dil-dil ötən Kosmenin səsindən Xoakinin üzündə vahiməli təbəssüm peyda olurdu. Onunla mübahisəyə girmirdi, bütün içi etiraz eləsə də bənnanın dedikləriylə razılaşırdı. Hətta belə söhbətlərdən sonra neçə gün eynən yanmış dəridə olan kimi ürəyində sağalmaz qırmızı çapıq yeri də qalırdı, fikirlər də başında eynən murdar, üfunətli gölməçə çömçəquyruqları kimi qaynaşırdı.
Bənnaya gəlincə, o, Xoakinin üstünə sol əlində xəncərlə necə atıldığını təsəvvürünə gətirməkdən xoşhallanırdı. Hadisə hansısa gözdən iraq qaranlıq dalanlardan birində baş verməliydi. Ətrafa kerosin fonarın sarımtıl işığı düşüb və ortada təkgözün ürəkbulandıran vücudu…
Amma xəyallar gerçəkləşmirdi. Və bu arada Xoakinə aydın oldu ki, bu ev onu müflisləşdirəcək. Odur ki, evi satmağı qərara aldı.
Bir gün hansısa müştəri Xoakinin evinə baxmağa gələndə Kosme künc-bucaq yerlərdən birində gizlənib onların söhbətinə qulaq asdı. Sonra həmin o naməlum adamı ta ki, Xoakinin gözündən itənəcən izlədi. Həmin adamı haqlayıb əmin elədi ki, ev yararsız materiallardan tikilib.
Həm də demək lazımdı ki, qonşuların qarşılıqlı nifrətlərinin belə qorunub-saxlanılmasında, kökdən düşməməsində arvadlarının da əməyi az deyildi.
Hər iki arvad gizlində bir-birinə dərmansız dərd arzulasa da, şirin söhbətlərindən də qalmırdılar, hər xırda məsələdən ötrü birinin o birinin ünvanına tərif deməsi adi hal idi. Rastlaşanda üzlərində təbəssüm əmələ gəlir, nəzakətlə “ bəli, senyora”, “ xeyr, donya” ifadələriylə bir-birlərinə müraciət edirdilər. Çünki dəllalın arvadı adam içinə şlyapa və ipək corabda çıxırdı. Deməli, adətən nimdaş xalatla kifayətlənən və hətta saçına daraq vurmağa belə ərinən bənnanın arvadının gözündə o, əsl “ senyora” idi. Torpaq sahələrini bir-birindən yalnız məftil arakəsmə ayırdığından, arvadlar bekar vaxtı heç nəyə baxmadan bir-birləriylə qeybət eləməyə də həmişə vaxt tapırdılar. Hər adi bir şey uzun söhbətin təməlini qoymaq üçün bir bəhanə olurdu.
Amma onların söhbətlərinə qəti oxşamırdı.
Həmin gecə Xoakin yuxuya gedə bilmirdi. Canını nəsə qəribə bir narahatlıq almışdı. Elə bil vaxt uçurdu və hər an qan kimi damarlarıyla axırdı. Nəfəs almaq mümkün deyildi. Hiss eləyirdi ki, bütün həyatı kökündən dəyişib. Niyə yatağa girməzdən əvvəl arvadı ona baxmadı? Yadına düşdü ki, arvadının səsi də qulağına nəsə qəribə gəldi. Və qəflətən başa düşdü ki, Eufrasiya öz fikirlərini daha adam dilində anlatmaq istəyir. Ona görə səsi də dəyişib.
Amma nə qədər rahatsız olsa belə Xoakin azca da qımıldanmırdı. Qaranlıqda vaxt da çox ləng gedirdi. Əzablı düşüncələrə qərq olmuş Xoakin hiss eləyirdi ki, üstünü kəsdirən fikirlərin ağırlığından təkcə başı yox, sinəsi, çiyinləri də sızıldayır. Qaranlıqdan asılıb qalan bu fikirlər elə bil onu güdürdülər, əgər yerindən bir balaca qalxsaydı, onlarla baş-başa gələcəkdi.
Xoakin azca başını döndərəndə gördü ki, pəncərənin o üzündə sarı işıq kədərlə o yan-bu yana yellənir. Başa düşdü ki, bayır küləklidi. Yenə daş kimi uzanıb qalmışdı. Elə hərəkətsiz idi ki, arvadının səsi gələndə heyrətdən səksəndi.
– Nə məsələdi? Niyə yatmırsan? – arvadı soruşdu.
Gecə yarıdan ötmüşdü, amma o, hələ də oyaq idi.
Otağın zülmət qaranlığından elə bir sükut asılıb qalmışdı ki, elə bil kabuslar divardan aralanıb ancaq özlərinin eşitdikləri sirrli-müəmmalı sözlərlə pıçıldaşırdılar. Bu sükutda nəsə dəhşətli bir vahimə var idi. Xoakinin gözünə elə göründü ki, bəs arvadının sifəti baş qoyduğu yastıqdaca əriyib. Onu tanıya bilmirdi. Çünki o tanış sifətdən olub-qalan ancaq əyri burun, bir də rəngsiz, zəhmli baxışlar idi. Bu baxışlardan ona elə bil hansısa əmrlər gəlirdi. Və bu əmrlər o qədər amansız idi ki, hətta arvadının lap astadan gələn səsindən Xoakin atılıb yerinin içində oturdu:
– Nə olub sənə? Niyə yatmırsan?
İkisinin də gözünə yuxu getmirdi.
Eyni istək hər ikisinin düşüncəsinə hakim kəsilmişdi. Bənnaya bədbəxtlik üz verməliydi. Gah gözləri qarşısında Kosmenin adamsız dalanlardan birində peyda olan ağlasığmaz dərəcədə nəhəng vücudu canlanırdı – kərpicin qırıntıları görünən qoşquya gözünü zilləmişdi, – gah da gözləri qarşısında başqa mənzərə canlanırdı. Polis serjantı havanın alatoranlığında Kosmenin evinin qapısını döyür və hər ikisi kirimişcə dayanıb bağa açılan pəncərədən gələn səsi eşidir: “ Senyora! Sizin ərinizi oğurluq üstündə dama basıblar!” Ürək parçalayan fəryad səsindən Azərbaycan qala gecənin bağrı çatlayır və qonşu arvad həyətinin qarşısındaca özündən gedir. Yalnız bu vaxt hər ikisi canıyananlıqla ona köməyə tələsir və ürək ağrısıyla soruşurlar: “ Sizə nə olub, senyora? Nə baş verib?”
Nəhayət, Xoakin düşüncələrinin yükünə tab gətirə bilməyib dilləndi:
– Yox, çətin ki, buna görə onu dama basalar.
– Eləmi?
O, əlini arvadının yastığına qoydu.
– İki il verərlər… amma şərti…
– Belə çıxır ki, yüngülcə qorxudacaqlar.
– Aydındı.
– Elə yaxşısı da budur. Adam özü istəməsə də başqasına yazığı gəlir. Uzaq başı onun evini satışa çıxaracaqlar.
– Kim çıxaracaq?
– Elə həmin o tikilinin yiyəsi… Zərərə düşdüyünə görə…
Bir axşam həmin o hörmətli ev yiyəciklərinin hakimin qərarından necə təşvişə düşəcəklərini gözlərinin qabağına gətirəndə, ər-arvadın sevincdən ürəyi atlandı. Necə də maraqlı mövzudu!
Öz sözlərindən həzz ala-ala Xoakin davam elədi:
– Kim istəməz ki, pulu özündə qalsın? Deməli, həmin o tikilinin yiyəsi üçün də Kosmenin zəhmət haqqını verməkdənsə, onu oğurluq üstündə tutdurmaq daha sərfəlidi…
– Doğrudanmı, belə bir boş şeydən ötrü?..
Xoakin qəzəblə etiraz elədi:
– Boş şey nədi, sənin başına hava gəlib? Yadımdadı, bir xarratı tikinti yerindən cəmi üç-dörd taxta, bir qutu da mismar aparmağının üstündə türməyə basmışdılar. Əgər hər kəs əlinə keçəni götürsə, nə günə qalarıq. Xeyr, əzizim, insan gərək düz olsun!
– Əlbəttə, əgər vicdanın təmizdisə… İndi nə eləmək fikrindəsən?
– Elə günü sabah kimin üçün işlədiyini öyrənəcəm… Yəni, həmin evin yiyəsinin ünvanını…
– Amma əllə yazmayasan ha!
– Dəli-zadam! Mən ona makinada yazılmış anonim məktub yollayacam.
– Qonşunun arvadı ay silkələnəcək ha, yaramaz ləçər. Sən bir onun hərəkətinə bax. Dünən məni çağırdı ki, bəs guya dəb jurnalı göstərəcək. Amma sözü bu oldu: “ Bilirsizmi, ərim işini qurtarandan sonra bütün qapılarımızı qoz ağacından eləyəcəyik. Belə danışmağı da bilirsənmi nəyə görədi? Ki, məni haldan çıxarıb…
– Ay səni, əbləh!
– Adama onları hər gün görməkdən ağır cəza olmaz.
– Yaxşı, darıxma, sabah onlara yerlərini göstərəcəyik. Xoakin əsnədi. Deyəsən, daha yorulmuşdu:
– Gəl, yataq. Gecən xeyirə qalsın, əzizim.
– Bəs məni öpmürsən?
– Öpürəm… Rahat yat.
Tərcümə edən: YAŞAR