Elektron ədəbiyyat və sənət portalı

Kamilo Xose Selanın hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 06.06.2020

Kamilo Xose Sela

(1916–2002)

 

  • Görkəmli ispan yazıçısı, publisisti və şairi;
  • İspaniyanın Padron şəhərində anadan olub;
  • XX əsr ispan ədəbiyyatının ən parlaq nümayəndələrindən hesab olunur;
  • “Paskual Duartenin ailəsi”, “Uley” kimi məşhur romanların, hekayələrin, şeirlərin müəllifidir;
  • 1957-ci ildə İspaniya Kral Akademiyasının üzvü seçilib, 1989-cu ildə Nobel mükafatına, 1996-ci ildə isə Servantes mükafatına layiq görülüb.

 

 

BLANŞAR KÜÇƏSİNDƏ

SİRLİ QƏTL

 

Taxta qıçından canlı şam ağacıtək sarımtıl və bulanıq qatran süzülən Joaken Bonom içəri keçib, arxasınca qapını çəkdi.

– Bir şey tapdın?

– Yox.

Şüşə gözündən həmişəki kimi sarımtıl və bulanıq maye süzülən arvadı Mençu Agirresabala əməlli-başlı hirsləndi. Arvadın gözünü doğmaca qardaşı Fermin hələ Bordoda ispan pandemiyası günlərində vurub çıxarmışdı.

 

Qış mövsümləri Tuluzanı büsbütün qaramat basır. Hava tez qaraldığından qaz fənərləri elə axşamdanca yandırılır; uzaqlardan adamın qulağına atılmış uşaqların zığıltısını andıran şarmanka səsləri gəlir; kafelərin pəncərəsinə qırçınlı pərdələr çəkilir; fədakar qadınlarsa artıq heç nəyə yaramayan köhnə-kürüş məişət əşya­larını toplamaqçün dəridən-qabıqdan çıxırlar. Bir daha xatırladaq ki, Tuluza çox kədərli, çox cansıxıcı yerdi; belə yerlərdə isə, aydın məsələdir ki, adamın fikri də dağınıq olur – bir də gördün basıb əzdilər.

Joaken Bonom xeyli peşə dəyişmişdi: şaxtaçı, qrimçi, aptek firmasının ticarət agenti, piyada qoşunu serjantı, monarxist, bank qulluqçusu, vergiyığan olmuşdu, hətta Arkaşonada jandarm da işləmişdi. Bütün bu işlərdən bir neçə min frank yığandan sonra belə qərara gəlmişdi ki, evlənsin. Amma qərar verməzdən qabaq yaxşı-yaxşı fikirləşmişdi (kəbin ciddi məsələdir!), xeyli düşünüb-daşınmışdı, öz ağlına çox da bel bağlamayıb, hətta özgələrlə də məsləhətləşmişdi. Yalnız bundan sonra, el arasında deyildiyi kimi, şeytanın qıçını qırmışdı.

Xalis ifritə olan Mençu çox yöndəmsiz, yekəpər, yekəburun, keçəl, qırmızısifət bir arvaddı, həm də elə ifritəydi ki, hətta bir dəfə öz doğmaca qardaşı (əsla ifritəyə-filana bənzəməyən!) Fermin hirsindən onun bir gözünü vurub tökmüşdü.

Ağıllarına həmişə səfeh şeylər gətirən mənzil sahibləri axır vaxtlar Ferminin uşaqbazlığından şübhələnib onu gözümçıxdıya salmışdılar, cahıl oğlan da bu dedi-qoduların ucbatından axırda Aspe­tiyanı tərk etməyə məcbur olmuşdu. O vaxt Ferminin on doqquz yaşı vardı. İki il keçəndən, bacısının gözünü tökəndən sonra isə Bordodakı balaca “Müzett” yeməkxanasında məşhur bir aktrisanı təqlid etmişdi. Fermin həmişə xarici araq içir, “L'amouret le printemps”[1] mahnısını zümzümə edir, qaşlarını da aldırırdı.

Ömrü boyu heç bir bəd təsadüfdən gileylənməyən Joaken ayağını toydan az sonra çox səfeh şəkildə itirmişdi – Bayonnadan gedərkən qatarın altına düşmüşdü. Düzdür, Joaken and-aman eləyirdi ki, guya qatarın altına onu arvadı itələyib, amma çox güman ki, elə özü yıxılmışdı, çünki həmin gün bərk kefliydi. Hər necə olsa, o gündən Joaken ayaqsız qaldı və şam ağacından ayaq hazırlanana qədər yazıq az əziyyət çəkmədi.

Arvadını Joaken hamının gözü qabağında da günahkar çıxarırdı və tamamilə gözlənilən idi ki, nə vaxtsa dalından təpik ilişdirib biryolluq evdən qovacaq. Təpik məsələsini xəyalında çox düşünmüşdü, di gəl, bu işin onu ciddi narahat edən bir əmması vardı – qorxurdu ki, təpik elə xam xəyal olaraq qalsın. “Bu nə kişilikdir axı, – yazıq heç cür toxtamaq bilmirdi, – arvada təpik ilişdirmək üçün gərək yanın­da həmişə bir cüt stul olsun!..”

Mençu ərinin şikəstliyini lağa qoyub, kişini açıq-aşkar ələ salırdı. Joaken isə arvadını qarğıya-qarğıya axırda hirsindən hətta ayağının ağrısını da unudurdu. Özü də o ayaq ki, olsa-olsa, aparıb zibilliyə tullamışdılar. Bu neçə vaxtda Joaken nə illah eləsə də, ha cəhd göstərsə də, ayağının hara yox olduğunu öyrənə bilmədi.

– Axı onu neylədilər?

Zibillikdə bir parça adam ətinə göz yummaq göründüyü qədər də asan məsələ deyil – Fransa mədəni ölkədir, ola bilsin jandarmlar ayağı tapmış və xəstə bir tifil kimi əsgiyə büküb prefekturaya aparmışdılar. Komissar da dişqurdalayanı ağzından çıxarıb, xidməti kürsünün kəlləçarxında qərar tutan mötəbər zat­la­ra məxsus bir təbəssümlə tələsmədən bığlarını tumarlamış, sonra masanın siyirməsindən lupanı götürüb (lupada isə napnazik tük belə məftil yoğunluğunda görsənir!) gəmi kimi qaltaq, ev qulluq­çuları kimi burunlarını hər yerə soxmağı xoşlayan jandarm­larına üz tutaraq mənalı-mənalı demişdi:

 – Aydındır, uşaqlar, aydındır…

Jandarmlar isə heç şübhəsiz, bu etimaddan xoşallanaraq bir-birlərinin üzünə baxmışdılar. Dəhşət! Bəzi fikirlər sadiq tulalar kimi əl-ayağımıza dolaşıb bizdən əl çəkmir, bəzi fikirlər də əcaib kabuslar kimi canımıza daraşıb bizə olmazın əzab verirlər. Belə şeylərin dərinliyinə varanda adam özünü istər-istəməz narahat hiss edir.

Jandarmlara nəzər salaq.

Jandarm heç də Roma Papası deyil; bəzən o da səhvə, yanlışlığa yol verə bilər. Bax onda bizim işlərimiz fırıqdır. Jandarm bizi komissarın yanına çəkib gətirər, ancaq komissar da axı Roma Papası deyil! Bu minvalla axırda biz barmaqlıqlar arxasında, qızdırmanın tüğyan elədiyi dəmir qəfəsdə peyda ola bilərik.

Yeri gəlmişkən, yoldan ötənlərdən od istəməyi jandarmlara öz vicdanları qadağan eləyir. Bizim nələr çəkdiyimizi onlar çox yaxşı bilir, həssaslıqla duyurlar; ancaq neyləsinlər, vicdan məsuliyyəti buna rəvac vermir. Jandarmların dediyindən belə çıxır ki, guya qanunda belə bir şey yoxdur, ona görə də...

Ən pisi – adamın öz gərəksizliyinə tədricən inanmasıdır. Əgər adam öz gərəksizliyinə, yararsızlığına dərhal inanırsa, elədə heç bir qorxusu yoxdur – demək, dərhal da unudacaq; yox, əgər bu fikrə tədricən gəlib çıxırsa, onda işlər xarabdır. Daha heç kim bu fikri onun beynindən çıxara bilməz; bundan sonra günbəgün üzülməyə, sınıxmağa başlayacaq, cinayətkarların qənimi olan yuxusuzluq ona aman verməyəcək, axırına çıxacaqdır. Bir sözlə, hesab elə ki, beləsinin işi artıq bitib.

Joaken Bonom bu cür ağır fikirlərdən xilas olmaq istəyirdi. Daha doğrusu, bəzən istəyirdi, bəzən də taxta ayağını nəvazişlə sığallaya-sığallaya və cib bıcağını çıxarıb üzərində öz inisialını cıza-cıza fikrini dağıdırdı.

– Lənət sənə, kor şeytan! Ayağın olmaya, amma yenə kişi sayılasan! – deyib özünü inandırmağa çalışır, sanki burasını daha dərindən anlamaq istəyirdi. Sonra da düşünürdü: bax Ferminin hər iki ayağı salamatdı, amma nə fayda?

Estrada artisti olan qaynından Joaken çox da xoşlanmırdı: onun fikrincə, bədbəxt o adamdı ki, nə kişi kimi kişidir, nə arvad kimi arvad. Fermin Tuluzaya gələrkən, Joaken gecələmək üçün ona öz evində yer versə də, qaynı ilə çox saymazyana davra­nır, bəzən lap açıq-aşkar ədəbsizlik edirdi. Növbəti iyrənclik Ferminin qulağına çatanda o, qəzəbindən fısıldamağa başladı və yeznəsi barədə düşündüklərini onun gözünün içinə söyləməkdən özünü güclə saxladı. Bacısı isə hikkəsini qətiyyən ört-basdır eləmədi və bildirdi ki, guya gözü öz-özünə çıxıb.

Mençu qardaşına xüsusi rəğbət göstərirdi: hər axşam dalına düşüb onun ardınca “Xo-xo” kafesinə yollanır, Ferminin çıxartdığı bütün oyunlara olmazın həvəslə, ləzzətlə tamaşa eləyirdi; qonşu arvadların qabağında öz artist qardaşıyla əməlli-başlı qürrələnir, hər axşam göbələkdən növbənöv xörəklər hazırlayırdı ki, bunları da Fermin çox xoşlayırdı.

– Siz heç görmüsüz, o, Rakeli necə yamsılayır? Görmüsüz Pavlovanı necə yamsılayır? Mistengettin, Arxentinanın oyunu­nu qardaşım necə çıxarır, görmüsüz?

Qonşu arvadlar heç vaxt heç nə görməmişdilər (çölə tökül­mə­mişdi ki!) və ağızlarını ayırıb həsədlə Mençuya baxır, düşünür­dülər ki, kaş bizimkilər də artist olaydı. Sonra da hərəsi özlüyündə utana-utana fikirləşirdi: mənim Raulum yanğınsöndürəndir... mənim Pyerim cənab Lafenetin prikazçikidir... Etyen neçə ildir madmazel d'Alasın atlarını qavoşlayır... Yox bir! Bircə səhnələri çatışmırdı; bircə o qalmışdı ki səhnəyə çıxıb camaatın qabağında özlərini rüsvay etsinlər! Raulun “Cənab Petronun rayoku” nda necə süzmə­sini, Pyerin “Petruşka” baletində ildırım kimi fırlan­ma­sını, Etyenin isə – ölən qu quşunun! – barmaqlarının ucunda nə cür rəqs etməsini təsəvvürlərində canlandırıb xəyalən gülümsünür­dülər... Yöndəmsizlər!

Borclu qalmasınlar deyə hərdən qonşular deyirdilər ki, bəs guya Fermini (afişalarda onun adı “Garçon Basque”[2] kimi gedirdi) görüblər, bununla da başlarına iş açırdılar: Mençu dərhal arvad­ların üstünə şığıyıb onları bir küncə qısnayır, sorğu-suala tutur, karıxmış arvadlar Ferminin dahi olduğunu söyləməyincə onlardan əl çəkmirdi. Joaken isə əksinə, Garçon'a xüsusi rəğbət bəsləmir­di, Mençuya da tez-tez eşitdirirdi ki, indən belə öz çardağında onun artist qardaşına yer vermək fikrində deyil.

– Mənim evim kasıb, ancaq namuslu evdir. O gədənin burada yaşaması dedi-qoduya səbəb olacaq, görərsən!

 

Mençu ipə-sapa yatmır, dil-boğaza qoymadan dönə-dönə deyirdi ki, bəs qonşular onun heç vecinə də deyil; öz yanında qardaşına sığınacaq verməyə isə hər bir bacının tam ixtiyarı var, üstəlik də, otaqları kifayət qədər genişdir və Ferminə yer gen-bol çatır.

Ancaq bu axırıncı sözlər ağ yalan idi, çünki otaqda genişlik dediyin şeydən əsər-əlamət yox idi. Mençu isə (sevgidənmi, ya başqa səbəbdənmi) öz fikirlərini əsl xristian səbri ilə aydınlaşdıran ərinə zərrəcə məhəl qoymur, sözlərini eşitmək belə istəmirdi.

Əslinə qalsa, Blanşar küçəsində qonaq saxlamağa bircə dənə də münasib mənzil tapmazsan. Küçə ensiz, balaca, çirkli və darısqaldı; onu hər iki tərəfindən sıx-sıx əhatə edən evlərsə divarlarında yalnız illərin və axıdılmış qanların izini saxlayan boz təbəqə ilə örtülüb. Joakenin qərar tutduğu on yeddi nömrəli üçmərtəbə evin hər qatında iki otaq vardı; çardaqda isə daha doğrusu, çardağın qənşər tərəfində (arxa tərəfə köhnə-kürüş şeylər atılırdı) bədbəxt Bonomlar yerləşmişdi.

Alt mərtəbənin soldakı otağında – istefada olan poçt məmuru L'Epinar və onun ər üzü görməyən, heç kəsə qoşu­lub qaçmayan, kilsəyə ayaq basmayan, heç yerdə işləməyən on bir qızı; sağdakı otağında isə – işi-peşəsi bilinməyən şişman Düran cənablarıyla həmişə pilləkəndə durub qonşuların üzünə gülümsəyən və qanlı bəlğəm tüpürən yüngül qadın İvett məskunlaşmışdı.

İkinci qatın sol tərəfdəki otağında – hardansa topladığı pişik və tutuquşuların əhatəsində gün keçirən cənab Fruatan; sağ tərəfdəki otağında isə – üst-başından kükürd iyi gələn və mümkün olan hər şeylə, bəzən hətta mümkün olmayan şeylərlə də alver edən cənab Qaston Oliv Levi qalırdı.

Üst qatın sol mənzilində – musiqi müəllimi cənab Jan-Lui Lopes yaşayırdı; sağ mənzilin sakini isə – həmişə ləçək bağlayan, ərindən dəm vuran (deməsinə görə, guya əri artilleriya mayoru idi) və fəsillərdən, bahaçılıqdan, bir də əliəyri ev qulluqçularından gileylənən madam de Berjerak-Monsuri idi.

Nəhayət, az öncə qeyd etdiyimiz kimi, evin çardağını Mençu Agirresabala ilə onun şikəst əri Joaken Banom tutmuşdu; ər-arvad birtəhər çardağın qənşər tərəfinə yerləşmişdilər. Onlar yeməyi plitədə bişirir, plitəni isə yonqarla qızdırırdılar, odur ki tüstüdən həmişə gözləri yaşarırdı. Çardağın qapısı çox alçaq – adam boyundan da aşağı idi və içəri girmək üçün əyilmək lazım gəlirdi. Joaken qapıdan girib-çıxarkən öz yeganə ayağının üzərində elə incə tərzdə əyilirdi ki, adam gülməkdən özünü güclə saxlayırdı. İndi, artıq bizə məlum olduğu kimi, o içəri keçib arxasınca qapını çəkmişdi.

– Bir şey tapdın?

– Yox.

Hər iki ayağının salamat olduğu əyyamlarda Joaken çoxlu peşələr dəyişmişdi; indi isə iki ayağından birinin qaldığı və işləmək hava-su kimi zərurətə çevrildiyi bir vaxtda bekar qalmışdı, özü də hər dəqiqə gözlənilən idi ki, arvadı və şey-şüyləriylə birgə küçəyə atılsın.

Joaken hər gün iş axtarışına çıxırdı, hamısı da əbəs yerə; bütün zəhməti hədər gedirdi. Düz iyirmi beş gün qabaq onu nimdaş mallar dükanına hesabdar götürmüşdülər, di gəl, Joaken dükanda vur-tut ikicə gün işləmişdi – bütün ömrünü özgələrin cır-cındası içində qurdalanmaqla keçirən, görünür, elə bu səbəbdən də qəlbinin dərinliklərində mənəvi ehtiyaclara bir tikə həssaslığı qalmayan dükan sahibi cənab Bertelemi, necə olmuşdursa, şeir quraşdırdığı yerdə qəfildən Joakenin üstünə gəlib çıxmış, dərhal da onu işdən qovmuşdu.

Joaken bu gün də həmişəki kimi, çardağa əliboş, üstəlik, daha acıqlı qayıtmışdı. Artıq bizə məlum olduğu kimi, arvadı da əməlli-başlı hirslənmişdi.

 

Komissar dəniz ilbizitək darıxır və gileylənirdi:

– Tuluzada hadisə baş vermir!

Heç də yalan demirdi. Tuluzada, həqiqətən, tam sakitlik hökm sürürdü. Bəyəm oğurlanmış pul kisəsi və bir cüt qotur toyuq haqqında iş araşdırmaq xidmətinin otuz yeddinci sənəsində ona yaraşardımı?

– Tfu, səni! Bircə tikə də maraq qalmayıb! Bu lənətə gəlmiş Tuluzada hadisə baş vermir ki, vermir!

Bayırda narın yağış çisələyir, ətrafın qəmginliyi adamda elə təəssürat yaradırdı ki, elə bil bütün şəhər yuxusuzluğa mübtəla olub. Bəlli məsələdir ki, cansıxıcı yerlərdə fikirlər də kədərli və dağınıq olur – bir də gördün basıb əzdilər.

Qara müşəmbə plaşlı jandarmlar həmişəki qayda ilə küçədə o baş-bu başa gedib-gəlir, narın yağış damcıları onların qalın bığlarının ucunda xırdaca muncuq dənələritək yanıb-sönürdü. Gör neçə vaxtdı komissarın xoş sədası qulaqlarını oxşamırdı:

– Aydındır, uşaqlar, aydındır!

Bu sözlərsiz isə gəmilər qədər köhnə, ev qulluqçularıtək hər şeylə maraqlanan jandarmlar sınıxırdılar.

Elə bu zaman, ikicə məhəllə yuxarıda (dünya burun dəsmalı qədər kiçikdir!), Blanşar küçəsindəki on yeddi nömrəli üçmərtəbə evin çardağında vaxtilə xeyli peşələr dəyişmiş, hazırda isə həm ayaqsız, həm də işsiz qalmış Joaken Banomla onun keçəl, müzür, yekəpər, şüşəgöz arvadı Mençu Agirresabala bərk çəkişir, Fermin də onlara baxa-baxa papirosunu sümürürdü.

– İşdən qorxursan, vəssalam! Ona görə iş tapmırsan...

Joaken səbrini basıb dillənmədi. Mençu təzədən qızışdı:

– Tapanda da ikicə gündən sonra mitilini atırlar bayıra! Bu yaşda, üstəlik, qoltuqağacıyla işdən qovulmaq! Özü də gör nəyin üstündə, məktəb uşağı kimi şeirin üstündə!

Belə hallarda Joaken öz əqidəsinə sadiq qalaraq susur və heç vaxt mübahisəyə girişmirdi. O, adətən, canı boğazına yığılana qədər dözür, axırda bir cüt stul götürüb təpik ilişdirməyə hazırlaşırdı. Bəzən təpik sadəcə zərurətə çevrilirdi; Mençu tədricən səsini qısır və pəsdən deyinə-deyinə çardağın bir küncünə çəkilib zarımağa başlayırdı.

Fermin bir neçə dəfə istəmişdi ki, qalxıb araya girsin, təpiyin qarşısını alsın, ancaq sonra fikrindən daşınmışdı və belə qərara gəlmişdi ki, özgə işinə qarışmaq, hər halda, yaxşı hərəkət deyil.

Joaken hələ yerindən tərpənməmişdi, Mençu isə ağlasığmaz dərəcədə qızışıb özündən çıxmışdı; arvadın şüşə gözündən ispanka pandemiyası zamanı Bordoda itirdiyi xalis gözündən axan kimi sarımtıl və bulanıq maye süzülürdü, özü də həmişəkindən fərqli olaraq, bu damcılar bir qədər çəhrayıya çalırdı (kim bilir, bəlkə, ora qan damcıları qarışmışdı?!). Fermin qorxudan əsə-əsə eləcə oturub işin gedişatına baxsa da, qarışmağa cürət eləmirdi. Çünki Mençunun qəzəbi artıq öz həddini keçmişdi. Qorxudan sapsarı saralmış estrada artisti həmin an başqa bir evdə olmaq­dan ötrü nə istəsəydin verməyə hazır idi.

Komissarın ağlına da gəlməzdi ki, bir neçə dəqiqədən sonra Tuluzada ömür-billah görünməmiş (amma ona yamanca ehtiyac duyulan!) bir hadisə baş verəcək. Uzaqbaşı, o indi ya pivə içir, ya şahmat oynayır, ya da doktor Sent-Rozali ilə siyasətdən gap edirdi; ancaq qətiyyən düşünmür, xəyalından belə keçirmirdi ki, heç bir hadisə baş verməyən və bu səbəbdən də son dərəcə maraqsız keçən bu Tuluzada lap elə indicə – xidmətinin otuz yeddinci ilində! – onun zəkasına layiq əsl iş başlanacaq.

Joaken son həddə çatıb yaralı canavar kimi güc-bəla ayağa qalxdı (baxanda adamın ürəyi qana dönürdü!), stullardan yapışıb yırğa­lan­dı – taraq! – arvada təpik ilişdirdi. Göz qırpımındaca zərblə divara çırpılan Mençunun şüşə gözündən qarmağa oxşar nəsə qopub düşdü; deyəsən, təpik arvadın düz hülqumun­dan tutmuşdu...

Mençunun tək ayaq üstdə nə cür fırlandığını görən Joaken əməlli-başlı xoflandı, stulları buraxıb səntirlədi və guppultuyla peysəri üstə yerə sərildi. Garcon Basque də bərk qorxmuş halda darısqal otaqda vurnuxmağa başladı; nəhayət, qapını tapıb özünü bayıra atdı və üzüaşağı götürüldü. Birinci mərtəbənin pilləkənində rastlaşdığı İvett onun üzünə gülümsəyə-gülümsəyə:

– Au revoir, Garcon Basque,[3] – dedi.

Fermin kandarı hoppanıb keçərkən cənab L'Epinarın heç vaxt ər üzü görməyən, heç kəsə qoşu­lub qaçmayan, kilsəyə ayaq basmayan, heç yerdə işləməyən və heç kəsə xeyri dəyməyən iki gözəlçəsi də bir ağızdan İvettin sözlərini təkrarladılar:

– Au revoir, Garcon Basque.

Garcon Basque nəfəsi qarala-qarala var gücüylə hara gəldi qaçırdı. Roma Papası olmayan və səhv etmələri tamamilə müm­kün görünən jandarmlar onu tutub saxlayanda narın yağış hələ də yağmağında idi...

 

“La Poste de Toulous” qəzetinin axşam buraxılışı yağlı bir başlıqla bəzədilmişdi: BLANŞAR KÜÇƏSİNDƏ SİRLİ QƏTL!

Roma Papası olmayan və səhvə yolvermə ehtimalı tamamilə mümkün sayıla biləcək komissar gülümsündü:

– Blanşar küçəsində sirli qətl!

Etinasızcasına əlavə etdi:

– Eh, jurnalistlər, jurnalistlər!

Sevincdən jandarmların üzü işım-işım işıldayırdı; komissar yenidən onlara üz tutmuşdu:

– Aydındır, uşaqlar, aydındır! Bu da estrada artistləri! Tövbələtmə olsun deyə mən onların hamısını dama basardım!

 

...Dəmir barmaqlıqlar arxasındakı qəfəsdə qızdırma tüğyan edir, Garcon Basque isə buna heç cürə öyrəşə bilmirdi. O, çamadanın üstündə oturub saatları, günləri, həftələri, ayları bir-bir yola salırdı, ancaq ilin necə ötdüyünü görə bilmədi...

 

[1] Məhəbbət və bahar (frans.)

[2] Basklı oğlan (frans.)

[3] Xudahafiz, basklı oğlan (frans.)

 

Tərcümə edən: Mahir N. Qarayev