Elektron ədəbiyyat və sənət portalı

İvan Turgenevin aforizmləri

Bölmə: Azad ərazi 16.06.2020

“İnsan həyatı sirlərlə doludur – onlardan ən əlçatmazı isə məhəbbətdir”.

“Kim deyir ki, gerçək olan yalnız həqiqətdir? Yalan da həqiqət qədər, bəlkə də, ondan daha artıq yaşarıdır”.

“Hətta ən xudpəsənd adam da özünə tam inana bilməz. Yalnız bizdən kənarda və başımız üstündə olana inanırıq”.

“Kim deyir ki, insanın xasiyyəti zamanla dəyişir? Bələkdə necə olmusansa, qəbirdə də elə olacaqsan”.

“Belə görünür ki, qüsurumuzla, ləyaqətimizin kökü birdir. Birini dartıb çıxaranda o birini zədələməmək mümkün deyil”.

“Həyat yalnız onun barəsində düşünməyəni, ondan heç nə tələb etməyəni, ara-sıra verdiyi nemətləri rahatlıqla qarşılayıb, rahatlıqla da istifadə edəni aldatmır”.

“Hər bir insanın xoşbəxtliyi həmişə başqa bir insanın bədbəxtliyi üzərində qurulur”.

“Vaxt heç harada Rusiyadakı qədər sürətlə keçmir. Amma deyirlər, türmədə bundan da sürətlə keçir”.

“Əbədiyyətə qovuşmaq üçün gözəlliyin əbədi yaşamağa ehtiyacı yoxdur – ona bir an da kifayətdir”.

“Məhəbbətin hər yaşda öz ağrıları olur”.

“Gec gələn xoşbəxtlikdən pis və təəssüfedici heç nə ola bilməz”.

“Vətənimin taleyi ilə bağlı tərəddüdlərlə, düşüncələrlə dolu günlərimdə yalnız sən mənə dayaq və dəstəksən, ey böyük, nəhəng, azad, həqiqətdən yoğurulmuş rus dilim!..”

“İstənilən duanın məğzi yalnız bundan ibarətdir: “İlahi, elə et ki, ikiylə iki dörd olmasın”.

“Sifarişli xeyir əməl, artıq xeyir əməl deyil”.

“Qədim yunanlar əbəs yerə demirdilər ki, tanrıların insanlara ən böyük və sonuncu hədiyyəsi – ölçü hissidir”.

“Xudpəsənd insanlar üç cür olur: özlərinin yaşaması üçün başqalarına da yaşamağa imkan verənlər, özlərinin yaşaması üçün başqalarına yaşamağa imkan verməyənlər, nəhayət, başqalarını və özlərini yaşamağa qoymayanlar”.

“İdealı olmayan insan ən zavallı insandır”.

“Donkixotlar tərcümə olunandan sonra tarix kitabını örtmək lazım gələcək. Onsuz da orda oxumağa bir şey olmayacaq”.

“Yüksək amallara can atan insan özü barədə düşünməməlidir”.

“Musiqi – gözəl səslərə çevrilən düşüncədir”.

“Rusiya bizlərsiz də keçinə bilər, amma bizlərdən kimsə onsuz keçinə bilməz”.

“Sabah” sözü qətiyyətsiz insanlar və uşaqlar üçün düşünülüb”.

“Ölüm köhnə olsa da, hamı üçün yenidir”.

“Xoşbəxtlik sağlamlıq kimidir – əgər yadına düşmürsə, deməli, yerindədir”.

“Bilik təkcə ziya yox, xalq deyimində olduğu kimi, həm də azadlıqdır. Heç nə insana bilik qədər azadlıq verə bilməz”.

“Xoşbəxt olmaq istəyirsən? Əvvəlcə əzab çəkməyi öyrən”.

“Özünü sevməyən insan heç nədir. Bu sevgi dünyanı məhvərindən tərpətmək gücündə olan istinad nöqtəsidir”.