Elektron ədəbiyyat və sənət portalı

Xalq yazıçısı Elçin ədəbiyyat haqqında

Bölmə: Azad ərazi 26.06.2020

 

BİR DAHA “ƏDƏBİ DÜŞÜNCƏLƏR” HAQQINDA

 

“Ədəbi düşüncələr”in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə bu kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim.

Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə – esseciklərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.

Bədii zövq də, dünyagörüşü və düşüncələr də, aydın məsələdir ki, zamana bağlıdır və hər hansı bir kitab haqqında, yazıçı haqqında 25 yaşında, 45 yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə, müəlliflərə münasibətin dinamik bir şeydir, dəyişir, başqalaşır.

Ancaq güman edirəm ki, dəyişməyənlər daha çox olur.

Kitabların da, əgər belə demək mümkünsə, öz koloriti olur və mən bu koloritə xələl toxunmasın deyə buradakı yazıların  yazılışına da, söylənən fikirlərə də toxunmadan, hansısa əhəmiyyətli düzəlişlər etmədən, onlara yüngülcə əl gəzdirmişəm.

Eyni zamanda bu ikinci nəşrə xeyli yeni yazılar daxil edilmişdir.

Məsələ burasındadır ki, koronavirusla bağlı uzunmüddətli “Evdə qal” kompaniyasından istifadə edərək, mən yenə (neçənci dəfə?!) səliqəsiz, qarma-qarışıq arxivimi səliqə-sahmana salmaq istədim və bu zaman yadımdan çıxmış cürbəcür yazılar, o cümlədən də yenidən ədəbiyyatla bağlı qeydlər ortaya çıxdı.

Bu qeydlərin də bəziləri gənclik illərində, bəziləri aradan keçən onilliklərdə yazılıb və onların başlıqlarını isə mən sonradan – çapa hazırlayanda yazmışam.

Bunu da deyim ki, “Ədəbi düşüncələr” ilk dəfə silsilə kimi “525-ci qəzet”də çap olundu və mətbuatın diqqətini cəlb etdi, məqalələr yazıldı, müzakirələr keçirildi.

Həmin birinci nəşrin də tarixçəsi belə oldu ki, rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur teatr xadimi və rejissorumuz) söhbət əsnasında: “Mütləq kitab kimi hazırlamaq lazımdır”, – dedi və kitab nəşr olunandan sonra o özü də bu kitabı mükəmməl bir səriştə ilə rus dilinə tərcümə etdi.

Tərcümə etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə dedi.

“Ədəbi düşüncələr” Vaqifin tərcüməsində Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən “Literaturnaya qazeta”da) çap edildi, kitab kimi nəşr olundu.

Aradan keçən bu illər ərzində “Ədəbi düşüncələr” başqa dillərə də çevrildi.

… O ki qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz qaldı.

 

8 iyun 2020

                                                                                                          Bakı

 

 

“ƏDƏBİ DÜŞÜNCƏLƏR”dən SEÇMƏLƏR

 

Don Kixot faciəsi

 

Planetləri bir-birindən milyardlarla işıq ili uzaq olan kainatda bu uzaqlıqların fərqinə vardıqca, Don Kixotun faciəsi çox cılızlaşır, görünməz olur.

Don Kixotun faciəsi ancaq Yer kürəsini ifadə edir və yalnız insanların faciəsidir.

        

 

Qorki və Babel

 

Sovet İttifaqı dağılıb və indi rus ədəbi prosesi bir-birinə zidd iki qütbə ayrılıb: yalançı “demokratlar”, heç nə başa düşməyən və heç nə qəbul etməyən “konservatorlar”.

“Demokratlar” hər vəchlə Maksim Qorkini kiçildir, İsaak Babeli isə şişirdirlər.

Babel istedadlı hekayəçidir, pis dramaturq deyil, ancaq böyük rus ədəbiyyatında onlarla, bəlkə də, yüzlərlə Babel kimi yazıçı var.

“Konservatorlar” üçün İsaak Babel bir heçdir və onlar hər vəchlə Maksim Qorkini şişirdirlər, halbuki Qorkinin belə bir şişirtməyə heç bir ehtiyacı yoxdur və o, rus ədəbiyyatının böyük nümayəndələrindən biridir.

Maraqlısı isə odur ki, Babel xatirələrindən birində (“Başlanğıc” – orijinalda “Naçalo”) yazır ki, Qorki ilə ilk görüşə gedərkən həyəcandan “ürəyim çırpınırdı və dayanırdı” və xüsusi qeyd edir ki, həmin görüş onun yazıçı taleyini həll edib.

Ancaq nə yalançı “demokratlar”, nə də inadkar “konservatorlar” Babelin Qorkiyə bu münasibətinin fərqində deyillər və olsun ki, ya bunu bilmirlər, ya da bilərəkdən üstündən keçirlər.

             

 

İstedad konyunktur

 

Bu başabəla “perestroyka”nın bir cəhəti yaxşıdır ki, SSRİ tarixində heç vaxt çap oluna bilməyəcək əsərlər indi çap olunur.

Düzdür, indi də başqa bir konyunktur yaranıb: Leonid Brejnevin “durğunluq dövrünü” tənqid etmək, lağa qoymaq, istedadsızlığı 1937-1938-ci il represiyaları mövzusunun arxasında gizlətmək və bu yollarla mətbuat səhifələrini “fəth etmək”. Necə ki, bir neçə il bundan əvvəlki konyunktur “kommunizm quruculuğu” mövzusunun arxasında gizlənib mükafatlar alırdı və belə müəlliflər “görkəmli yazıçı” vəzifəsinə təyin olunurdu.

Varlam Şalamov “Kolıma hekayələri”ndə 1937-1938-ci il represiyaları zamanı insanların başına gətirilmiş müsibətlər haqqında mətbuatı doldurmuş konyunktur yazılardan tamam fərqli olaraq həmin faciələri, həmin amansızlığı əsl yazıçı qələmi ilə göstərir.

Mən bu yazıçıdan indiyədək heç nə oxumamışdım və o mənim üçün əməlli-başlı bir kəşf oldu.

Şalamov repressiyalar zamanı dəfələrlə həbs edilərək, ömrünün çox hissəsini sovet konslagerlərində keçirmiş, faciəli bir tale yaşamış insandır, ancaq bu hekayələr onun xatirələri deyil və elə bil ki, onlar bütün bu məşəqqəti kənardan izləmiş, kənardan dərk edərək ümumiləşdirməyi bacarmış, yəni şəxsi təcrübəni bəşəri fəlakətə çevirə bilmiş bir qələm sahibinin yazdıqlarıdır.

Onun “Qancıq Tamara”, “Tatar mollası və təmiz hava”, “Donuz oğrusu Vaska Denisov” kimi hekayələri, mənə görə, böyük rus ədəbiyyatında Tolstoyun “Sevastopol hekayələri”, Turgenevin “Ovçunun qeydləri”, Şoloxovun “Don hekayələri” sırasındadır.

Ancaq Şalamovun Lev Tolstoy yaradıcılığına neqativ münasibətini də oxudum və bunun səbəblərini izah etməsi, mülahizələri mənə xeyli dərəcədə bəsit, buna görə də mənasız göründü.

 

                     

Lüsyen Berjere kimdir?

 

Fransın tetralogiyasını, axır ki oxuyub qurtardım.

Bunlar, yəqin, ilk fransız romanlarıdır ki, çətinliklə, yəni həvəssiz oxudum, hətta “Jan Kristof” da bunlardan xeyli asan oxunurdu.

O adət ki məndə var – oxumağa başladığımı yarımçıq qoya bilmirəm – mənə baha başa gəlir.

Lüsyen Berjere, əlbəttə, intellektualdır, buna söz yox, oxuyursan və görürsən ki, bu personaj, bəli, dərin zəka sahibidir, onun fikirləri, düşüncələri, mülahizələri, konsepsiyaları sanballıdır, ancaq mən axı hansısa bir professorun intellekti haqqında məruzəsini oxumuram, roman oxuyuram.

Lüsyen isə canlı bədii obraz deyil, hər halda, mən onu belə görmədim.

Məndə elə bir təəssürat var ki, gözəl Kislovodskda neçə günümü sərf elədiyim bu romanlar az bir vaxtdan sonra yadımdan çıxacaq.

Bəlkə, yanılıram?

Sağlıq olsun.

 

 

İlyas Əfəndiyevlə mükalimə

 

Günorta işdən çıxanda atamgilə dəydim. Turgenevin kitabı stolunun üstündə idi.

– Turgenevi təzədən oxuyursan? – soruşdum.

– Yox, vərəqləyirəm, – dedi. – Sən niyə Turgenevi bəyənmirsən?

– Niyə bəyənmirəm? – dedim. – Ancaq Turgenev Tolstoy deyil də.

– Əlbəttə, – dedi. – Turgenev Tolstoy deyil. Ancaq Tolstoy da Turgenev deyil.

 

 

Füzuli lirikasının miqyası

 

                    Məndə Məcnundan füzun aşiqlik istedadı var,

                    Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

 

Bu məşhur misraları dahiyanə “Leyli və Məcnun” poemasının müəllifi yazıb.

Bu qəzəlin lirik qəhrəmanı nə demək istəyir?

Yəni poemadakı Məcnunun da “aşiqi sadiqliyinin” miqyası şübhə altındadır?

Və onun – Məcnunun “aşiqlik istedadının” dərəcəsi, kondisiyası lazım olan səviyyədə deyil?

Bu tipli sualların yaranarsa, əlbəttə, Füzuli yaradıcılığına yanlış yanaşma olar, çünki söhbət poemadakı konkret surətdən, konkret olaraq poema qəhrəmanı Məcnunun aşiqlik səviyyəsindən getmir.

Söhbət, ümumiyyətlə, Füzuli yaradıcılığındakı “aşiq sadiqliyi”, “aşiq istedadı” bədii anlayışlarının miqyasından gedir və bu miqyasın sərhədi, yəni başlanğıcı və sonu, bitdiyi bir nöqtə yoxdur.

Əlbəttə, ola bilər ki, bu qəzəl “Leyli və Məcnun”dan sonra yox, əvvəl yazılıb, ancaq belə olsa da, Füzuli yaradıcılığındakı dediyim həmin mahiyyət dəyişmir.

Füzuli divanı, yəqin ki, birinci qəzəldən sonuncu qəzələdək poemadan əvvəl yazılmayıb, yəni Füzuli lirikasında poetik aşiqlik xətti qəzəldən-qəzələ inkişaf edərək gəlib poemadakı Məcnunda obsalyutlaşmayıb. Çünki Füzuli divanı eyni dahiyanə səviyyədədir və burada aşağı bədii-estetik səviyyədən yüksək səviyyəyə gedən bir inkişaf diaqramından (eləcə də tənəzzül diaqramından) söhbət gedə bilməz.

Söhbət inkişafdan yox, yüksək səviyyənin daxilindəki küllün, poetik mündəricatın sərhədsizliyindən gedir.

Elə Füzulinin özü bunu yaxşı deyir, bu dinamikanı dəqiq göstərir:

 

                      Məndən, Füzuli, istəmə əşarü-mədhü zəmm,

                      Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

       

 

Lenin, Stalin poeziyamız

 

Leninin, Stalinin obrazları sovet dövrü Azərbaycan poeziyasının tarixinə həkk olunub.

O dövrün elə bir məşhur (və qeyri-məşhur!) şairi yoxdur ki, Lenin və Stalin haqqında poetik mədhiyyələr yazmasın.

Buna təəssüf etməyin də mənası yoxdur.

Bu, konkret dövrün, zamanın timsalında tarixin poeziyaya müdaxiləsidir.

Poeziya tarixində (poeziya ömründə!) belə hadisələr daimidir.

                            

İudanın İncili

 

Henri Panasın “İudanın İncili” romanı nəşriyyat annotasiyasında yazıldığı kimi, “dünya ateist ədəbiyyatının ən görkəmli bədii əsərləri sırasındadır”.

Müəllif özü isə romanı apokrif  kimi təqdim edir.

Əsər müxtəlif dillərə tərcümə edilir, nəşr olunur.

Ancaq mənim üçün bu roman nə ateist bir əsər kimi, nə də apokrif kimi maraqlıdır.

Bu əsərin mənim üçün qiyməti ondadır ki, yazıçı İudanın həm ittihamçısı, həm də vəkilidir.

İuda Məsihi (İsa peyğəmbəri) satan və əsrlər boyu Avropa rəngkarlığında, ədəbiyyatında lənətlənərək kanonlaşdırılmış xəyanətkarın ismidir.

Mən bizim “Rusca-Azərbaycanca lüğət”lərimizə baxdım və bu lüğətlərin hamısında “İuda – xain, satqın” kimi tərcümə (?) və təqdim edilib, yəni İuda artıq isim yox, sifətdir, terminləşərək xainliyi, satqınlığı ifadə edən bir məhfuma çevrilib.

Panas isə insan haqqında roman yazıb və bu insanın – İudanın canlı bir məxluq kimi səhvləri də var, məziyyətləri də var, o, bütün varlığı ilə sevməyi bacarır, bu həm ilahi sevgidir (Məsihə sevgisi), həm də insani, yəni cismani sevgidir (Mariyaya sevgisi).

Deyə bilmərəm ki, bu roman şedevrdir. Sadəcə, bu roman əsl ədəbiyyata aparan yolun, əgər belə demək mümkünsə, yolçusudur.

 

 

Milli dil

 

Dil – mənim təsəvvürümdə nəinki ədəbiyyatın, hətta nəinki sənətin, ümumiyyətlə, milli mədəniyyətin əsasıdır.

Dil – kökdür.

O kökdən qalxmış gövdə – mədəniyyətdir.

Həmin gövdənin budaqları isə – sənətin növləri və ilk növbədə, ədəbiyyatdır.