Elektron ədəbiyyat və sənət portalı

“Həyat adlı bu uzun yolda əsas bələdçim ana dilim olub”

Bölmə: Müsahibələr 05.07.2020

İyulun 5-i tanınmış şair-tərcüməçi Vaqif Aslanın 70 yaşı tamam olur.  

Aydınyol.az portalı bu münasibətlə yubilyardan aldığı müsahibəni oxuculara təqdim edir

 

– Vaqif müəllim, belə bir məşhur ifadə var: “Şair olmurlar, şair doğulurlar”. Sizin bir şair kimi bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

– Fikrimcə, “şair olmurlar, şair doğulurlar” ifadəsi genetik işarətdən xəbər verir. Əlbəttə ki, fitri istedad və qabiliyyət təbiiliyin təminatçısıdır və bünövrə rolunu oynayır. Belə bünövrə üzərində ucalıb onu sənətkarlıq baxımından tamamlamaq zəhmət və çalışqanlıq tələb edir. Çünki şair doğulmaq artıq şairliyə vəsiqə olsa da, belə bir kimlik əsasında özünü doğrultmaq üçün zəhmət, çalışqanlıq, mütaliə, daim öyrənmək və öyrəndiklərini şair kimi paylaşmaq mühüm şərtlərdir. Bu zaman auranın, içərisində olduğun çevrənin, zəmanənin sənə diktə etdiyi nəsnələrin və sənin bu nəsnələrə münasibətinin, təbiət, cəmiyyət haqqındakı biliklərinin, düşüncələrinin, istəklərinin, təsəvvürlərinin və xəyallarının səviyyəsi və sürəti məsələsi ortaya çıxır.

İstedadlı adamlar həmişə olub və olacaq. Lakin insana və insanlığa xidmət edən, əxlaqı və mənəviyyatı cilalayan mövzulara müraciət edib, onların ədəbi-bədii-fəlsəfi həllinə nail olmaq üçün mütaliə, informasiya, yaddaş və səyahət yolu ilə zənginləşmək, müqayisə və mühakimə bacarığına yiyələnmək lazımdır. Dünya ədəbiyyatının nailiyyətləri ilə tanış olmadan, tarixi (heç olmasa, öz tarixini), etnoqrafiyanı (heç olmasa, öz xalqının adət və ənənələrini, inanc və etiqad sistemini) öyrənmədən millidən ümumbəşəriyə istiqamətlənmək, məncə, qeyri-mümkündür. Şair doğulub şair olmaq üçün bunlar zəruridir.

Zamanca xeyli uzaq – 1967-ci ildə Şəkinin “İpəkçi” qəzetində dərc olunan ilk şeirinizin ab-havası, təəssüratları yaddaşınızda necə qalıb?

– Mənim mühitim sırf kənd mühiti olub. Atam kömürçü, anam evdar qadın idi. Savadı olmasa da, atamın güclü yaddaşı, anamın isə yanıqlı səsi vardı. Yeddinci sinifdən şeirlər yazırdım. Şeirlərimi məktəbin divar qəzetlərində sərgiləyirdilər. 1967-ci ildə Şəkinin “İpəkçi” qəzetində dərc olunan ilk şeirim “1 May” düşüncəsi ilə yazılmışdı. Çap üçün onu məsləhət bilmişdilər. Kənd uşağı kimi bu hadisə məni həm sevindirmiş, həm də heyrətləndirmişdi. Ədəbiyyat müəllimim Qəni Abdullayev isə sinif yoldaşlarımın qarşısında məni təbrik etmiş və ruhlandırmışdı.

Lev Tolstoy, Mixail Şoloxov, Valentin Rasputin və s. kimi bütün ömrü boyu əyalətdə yaşayıb-yaratmış yazıçılar olub. Bizdə də belə nümunələr var. Qaynar paytaxt ədəbi mühitindən kənarda qalmağın yaradıcılığınıza müsbət, yoxsa mənfi təsiri olub?

– Əlbəttə ki, paytaxt paytaxtdır. Ora böyük beyinlər, div yazıçı və şairlər, ən incə və ən zərif zövqlər , eyni zamanda bunların tam əksi olan nəsnələrin mərkəzidir. “Əkslərin vəhdəti və mübarizəsi”ni seyr etmək üçün paytaxtdan gözəl tamaşa salonu yoxdur. Hətta, antik dövrlərdə bəzi ədiblər əyaləti də bəyənməyib əsərlərini yazmaq üçün mağaraya çəkiliblər. Evripid “Alkesta” əsərini mağarada yazmışdı. İslam peyğəmbəri Məhəmməd Peyğəmbər ilk vəhyləri Hira dağındakı mağarada qəbul etmişdi. Mütəsəvviflərin təkkə, dərvişlərin hücrə həyatı keçirmələri, xəlvətilərin əsərlərini xəlvətgahda yazmaları da bizlərə məlumdur. Dahi Nizami Gəncəvi “Xəmsə”sini Gəncədən kənara çıxmadan yaradıb. Lev Tolstoy, Mixail Şoloxov, Valentin Rasputin və s. kimi bütün ömrü boyu əyalətdə yaşayıb-yaratmış yazıçılar da tünlükdən qaçmış, sakit bir guşəyə çəkilib beləcə yazıb-yaratmışlar.

Qaynar paytaxt ədəbi mühitindən fərqli olaraq əyalət insana müstəqil düşünmək imkanı verir. Uca dağlar uzaqdan daha yaxşı göründüyü kimi paytaxtın özünə və ətrafına münasibəti də əyalətdən daha yaxşı görünür. Əyalətdə olmaq şairi və yazıçını mühafizli və katibəli qapıların sıxıntısından, paytaxtdakı bəzi dostların hiyləgər məsləhətlərindən, paytaxt kərkilərinin özünəyonma yeknəsəqliyindən və sairdən və ilaxırdan qoruyur.

Qaynar paytaxt ədəbi mühitində olmaq düşünən beyinlərdən qidalanmaq, özünütəsdiqdə gecikməmək, telekanallardan, kitablardan və kitabxanalardan bəhrələnmək, ölkədaxili və xarici əlaqələrdə bilavasitə iştirak etmək, dövlətə, xalqa xidmətdə fərqlənmək imkanı yaratdığı kimi bəzilərinə uzun ətəklərdən gödək əllərlə yapışmaq, pay bölgüsündə növbədə olmaq, çırpmaq və çırpışdırmaq imkanı da yaradır.

Qaynar paytaxt ədəbi mühitindən kənarda olmağım mənim yaradıcılığıma müsbət təsir göstərib, onu bir çox hallarda təsir altına düşüb zədələnməkdən qoruyub. İlk növbədə, bu mənə müqayisə və mühakimə şəraiti yaradıb. Mən doğma Kiş kəndimizdə aparılan arxeoloji qazıntılar zamanı torpaq, kül-küp, sümük-küp, gil təknə, taxta qutu, daş qutu, katakomba, quyu qəbir tiplərini əyani olaraq müşahidə etdim, torpağımızın arxeoloji, xalqımızın isə yaddaş qatlarının üst-üstə düşdüyünün canlı şahidi oldum. Dilimizdə sövq-təbii olaraq işlənən “kül ilə küp olmaq”, “üzüm ayağının altına”, “ətimi yesə də, sümüyümü çöldə qoymaz” kimi ifadələrin tarixin və yaddaşın hansı qatlarından gəldiyini, əslində isə dilimizi öyrəndim.

Mən əyalətdən gedib paytaxt adamı olan bəzi-bəzi professorların öz dədəsinin də əyləşib söhbət etdiyi çayxananın yanından başı ilə belə salam vermədən ötüb keçdiyini gördüm. Doğmalarının yasına ayaqüstü dəyib qayıdan bəzi paytaxt adamlarının əyalət qəbiristanlığında qərib-qərib vurnuxub əzizlərinin qəbrini başqalarından soruşduğuna rast gəldim. Əyalət adı gələndə “puff” eləyənlərin əyalət adamlarının çiynində axirət evinə təşrif buyurmağına da şahid oldum.

İnsanı öyrənmək, onun psixologiyasının alt qatlarına bələd olmaq, paytaxt və əyalət düşüncəsini fərqləndirmək, geyim, məişət və süfrə mədəniyyətindəki fərqləri bilmək üçün əyalət daha çox material verir. İnək, buzov, düyə, öküz, camış, xötək, balaq, kəl arasındakı fərqi əyalətdə, xüsusi ilə kənddə olmadan bilmək mümkündürmü? Axı bunların hər birisinin özünəməxsus əlamətləri var. Üstəlik, havanın və suyun saflığı şəraitində rənglər və çalarlar daha aydın görünür. Elə bilirəm ki, qısa bir polemika üçün bu qədər də bəsdir.

Siz bədii yaradıcılıqla yanaşı, elmi, tarixi mövzulara da müraciət edirsiniz, folklorumuzun tədqiqatçısı kimi tanınırsınız, müəllim kimi neçə-neçə istedadlı tələbə yetişdirmisiniz. Maarifçilik missiyasının daşıyıcısı kimi bu gün bu sahələrdə olan vəziyyət sizi qane edirmi?

– Mənə elə gəlir ki, bədii yaradıcılıq ağlın və hissin tarazlığında heyranedici olur. Vaxtilə şeirlərində “elm adamlarını düşündürən və zövq sahiblərinə zövq verən mətləblərin olduğunu” vurğulayan Məhəmməd Füzulinın maqik gücü də elə bunda idi:

 

Məni candan usandırdı

Cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən...

Muradım şəmi yanmazmı?

 

Gülü rüxsarına qarşu

Gözümdən qanlı axar su.

Həbibim, fəsli-güldür bu...

Axar sular bulanmazmı?

 

Burada bədiiliklə elmilik bir-birinin içindədir. Gül üzlərə baxan gözlərin sulanması da, gül fəslində yağar yağışlardan axar suların bulanması da elmidir, təbiidir və bədiidir.

Mənim elmi və tarixi mözulara müraciət etməyimin başlıca səbəbi özümü, özümün timsalında insanı dərk etmək istəyimdən irəli gəlib. “Aydın”, “Ruhlarla söhbət” poemalarımı yazanda da məni öz kimliyim daha çox düşündürüb. “Aydın” poemasında “Türk, əsli olmayan ağacdır yəni, calaq olunmağa möhtacdır yəni” sualına cavab axtara-axtara “Ruhlarla söhbət”də “Türk qoca palıddır yer üzərində. Başı göylərdədir, kökü – dərində” qənaətinə gəlmişəm. Sonra bir insan kimi tarixən tanrıçılıqdan, atəşpərəstlikdən, zərdüştilikdən, xaçpərəstlikdən keçib islama gəldiyimi də vurğulamışam. İlkinliyimizdən günümüzə gələn həyat adlı bu uzun yolda mənim əsas bələdçim ana dilim olub. Bu məqamda folklorumuzun tayı-bərabəri yoxdur. Azərbaycan folkloru, IV kitab, Şəki folkloru, I cildin tərtibçilərindən biri də mən olmuşam. AMEA-nın müxbir üzvü Yaşar Qarayev “Vaqif Aslan Azərbaycan ərazisində ən qədim və geniş miqyasda türk-folklor mənəviyyatının məişətdə, həqiqətən, yaşanmış bir tarixi gerçəklik olduğunun sənədli izlərini məhz Şəkinin şifahi yaddaş qatlarında, Şəki folklor arealının sənət və dil materialında axtarır”, professor Yeganə İsmayılova “Müasir Azərbaycan poeziyasında “Dədə Qorqud” motivləri şair Vaqif Aslanın yaradıcılığında mühüm yer tutur. ... “Oğuz bəyləri və xatunlarına Vaqif Aslan salamı” şeirində ... “oğuz” melodikası insanı elə sehrləyir ki, bəzən müasir şairin şeirini oxuduğunu unudursan: sanki bunlar Vaqif Aslanın yox, naməlum bir oğuz ozanının şeiridir” deyəndə, yəqin ki, mənim şifahi ədəbiyyatımızla yaxınlığımı nəzərdə tutmuşlar. Yaradıcılığımı yüksək qiymətləndirən professorlar Asif Rüstəmli, Rüstəm Kamal, Hüseyn İsmayılov, Şamil Salmanov, Vaqif Yusifli, Ədalət Tahirzadə, Kərim Şükürov və başqaları da bu əlamətləri əsas götürmüşlər.

Pedaqoji fəaliyyətimdə də tələbələrimi dilimizə və tariximizə sayğı ilə yanaşmağa dəvət etmişəm – bunun bəhrəsini görmüşəm və görməkdəyəm.

“Maarifçilik missiyasının daşıyıcısı kimi bu gün bu sahələrdə olan vəziyyət sizi qane edirmi” sualına gəldikdə isə deməliyəm ki, böyük dünyanın içindəyik. Dünyamızın təhsil səviyyəsinin üst qatında olmaq üçün hələ çox işlər görülməlidir, görülür də... Alimin, pedaqoqun, yaradıcı adamın əl-ələ vermək zamanı gəlib.

Bir sıra elmi, tarixi, bədii əsərləri fransız, rus dillərindən ana dilimizə tərcümə etmisiniz. Bir peşəkar mütərcim kimi sizdən eşitmək maraqlı olardı: ana dilimiz bu dillərin işığında necə görünür?

 – Etiraf etməliyəm ki, bədii əsərlərin tərcüməsi zamanı dilimizin gücünü hiss etməmək mümkün deyil. Ən incə duyğuları ifadə etməkdə dilimizin əvəzi yoxdur. Bədii ifadə və təsvir vasitələri baxımından dilimizin imkanları hədsizdir. Dilimiz deyimlər, idiomatik ifadələr, frazeoloji birləşmələrlə zəngindir. Əgər söhbət tarixi xronikalar, etnoqrafik, toponimik məlumatlarla zəngin səyahətnamələrdən gedirsə, onda bir qədər dayanıb nəfəs dərmək lazım gəlir... Siyasi, hərbi, hüquqi terminlər baxımından dilimizin daha da zənginləşdirilməsinə ehtiyac var. Müstəqilliyimizə qovuşana qədər dövlətçilik ənənələrindən uzaq düşməyimiz bu sahədə müəyyən çətinliklər yaradıb. Dövlət Tərcümə Mərkəzində təmsil olunan peşəkar mütərcimlər bu çətinlikləri aradan qaldırmağa qadir olan şəxsiyyətlərdir.

Tərcümə sizin üçün nədir – peşə, yoxsa sənət? Mütərcimlik üçün yaradıcı şəxs olmaq mühümdürmü, yoxsa bu, sırf peşəkarlıq məsələsidir?

– Tərcümə mənim üçün xalqıma xidmətdir – ona peşə və ya sənət kimi baxmıram. Fransız və ya rus dilində oxuduğum əsər məzmunu, ideyası baxımından mənə yeni və faydalı görünürsə, onu xalqıma çatdırmaq istəyirəm. Mənim tərcüməmdə Slavomir Mrojekin “Xoşbəxt hadisə” əsəri Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulanda ideya kimi anarxizm və demokratiyanın birgəliyindən doğulanların keçmişinə laqeydliyi, onlardan qaçmaq məsələsi əsas götürülmüşdü.

Əgər söhbət mütərcimin peşəkarlığından gedirsə, onda məsələ daha da ciddiləşir. Mütərcimin hansı sahə üzrə ixtisaslaşması əsas şərtdir. Bədii əsərlər üzrə ixtisaslaşan mütərcimlə, məsələn, tarixi, fəlsəfi, tibbi, hüquqi əsərlər üzrə ixtisaslaşan mütərcimi eyniləşdirmək olmaz. Şəxsi təcrübəmdən çıxış edərək demək istəyirəm ki, hər tərcümə sahəsinin öz tələbləri var. Bir vaxtlar Tarix İnstitutunun Elmi Şurasında “XVII əsr fransız səyyahlarının (Jan Batist Tavernye, Rafael dü Man, Jan Batist Şardən) əsərləri Azərbaycan tarixinin mənbəyi kimi” mövzusunda dissertasiya yazmağımı qərara almışdılar. Sonra məlum oldu ki, Azərbaycanda bu mənbələr yoxdur. Moskva və o vaxtkı Leninqrad kitabxanaları hər cilddən 15 səhifə verə biləcəklərini bildirdilər. Tavernyenin altı, Rafael dü Manın bir, Şardənin oncildlik “Səyahətnamə”lərindən on beş səhifə ilə nə etmək olardı? Əlbəttə ki, heç nə! Qısası, Milli Kitabxananın “Nadir fond”undan Şardənin 1711-ci il nəşrinin I və II cildlərini, AMEA-nın fundamental kitabxanasının anbarından isə professor Seyidağa Onullahinin köməkliyi ilə Şardənin VI cildini tapdım. Bu cildlərin kserosurətini çıxartdırıb, özümüzə aid olan hissələrini tərcümə etməyə başladım. Fransız səyyahın harada düz, harada səhv olduğunu dəqiqləşdirmək məsuliyyətini də üzərimə götürdüm... Bəli, belə əsərlərin tərcüməsi mütərcimdən xüsusi və universal hazırlıq tələb edir. Heç bir elmi titula layiq bilinməsəm də, tərcüməm Azərbaycan tarixşünaslığında fransızdilli mənbələr baxımından orijinaldan edilən ilk tərcümə oldu.

Siz Pol Verlen, Erve Bazen, Mustay Kərim kimi şair və yazıçıların əsərlərini orijinaldan dilimizə tərcümə etmisiniz. Elə bir əsər olubmu ki, onu tərcümə etməyi çox arzulasanız da, alınmayıb, ruhunu tuta bilməmisiniz?

– Bəli, olub. Professor Qorxmaz Quliyev mənə Şarl Bodlerin “Bədxahlıq çiçəkləri” – ona “Şər çiçəkləri” də deyirlər – kitabını verib, şeirləri tərcümə etməyi təklif edəndə ali məktəbin II kursunda oxuyurdum. Sanballı lüğətlərim də yox idi.. Kitabın dili və məzmunu ilə mənim tələbəlik səviyyəm uyğun gəlmirdi. Onu tərcümə etməyi çox arzulasam da, alınmadı.

– Son illər bir xeyli məşhur əsərlər dilimizə çevrilsə də, necə deyərlər, hələ də növbəsini gözləyən xeyli əsər var. Bu siyahıda hansı əsərləri görmək istərdiniz?

– Azərbaycan Tərcümə Mərkəzinin gördüyü işlər miqyası və əhəmiyyəti etibarilə titanikdir. Aydın Məmmədovla bünövrəsi qoyulub Afaq Məsudla ucaldılan bu məbəd xalqımızı dünya ədəbiyyatının nadir inciləri və bugünkü nailiyyətləri ilə tanış etməkdədir. Bununla yanaşı, Herodotun, Strabonun, Ptolomeyin, Böyük və Kiçik Plinilərin əsərlərinin orijinaldan tərcümələrinə ehtiyac var. Bu siyahıya Tavernyenin, Rafael dü Manın və Şardənin əlimizdə olmayan əsərlərini də əlavə edirəm. Qonşu xalqların tariximizlə bağlı yazan məşhur müəlliflərinin əsərlərinin də dilimizə tərcüməsi son dərəcə vacibdir. Tariximizlə bağlı Moskva və Sankt-Peterburq arxivlərində saxlanan sənədlərin tərcüməsi də zəruridir. ABŞ, Çin, İngiltərə, Fransa və sair ölkələrin muzey və kitabxanalarında saxlanan əlyazma və sənədlərin də tərcüməsi unudulmamalıdır. Bu çox böyük zəhmət tələb edən işdir. Mən arzularımın bir qismini dedim... Sizə bol-bol uğurlar arzu edirəm.

70 yaş – müdriklik çağıdır. İnsan bu yaşa gəlib çatanda düşünmək, özünə hesabat vermək üçün kifayət qədər təcrübə toplamış olur. Bu ömrü arzuladığınız kimi yaşaya bilmisinizmi, yoxsa ahıllıq zirvəsindən geri boylananda həyatınızda olmuş nələrisə, necə deyərlər, redaktə etmək istərdiniz?

– Lap çətin sual verdiniz. Bəli, 70 yaş müdriklik çağıdır. Özünə hesabat vermək məqamına gəlincə, düşünürəm ki, İlahi, mən bu 70 yaşıma yetişənəcən nə qədər səhvlər etmişəm. Hər səhvdən sonra müdrik olacağıma söz vermişəm. Ola bilmişəmmi? Olmuşamsa, buna görə məni müdrikləşdirən səhvlərimə borcluyam. Bu 70 illik ömrü arzuladığım kimi yaşamışam desəm, səmimi olmaram. Yaşamalı olduğum üçün yaşamışam. Axı arzuladığın kimi yaşamaq təkcə səndən asılı olmayıb. Burada ailə, ətraf mühit, münasibətlər, əlaqələr və əlahəzrət zaman faktorları var. İndi ömrümün 70-ci ilindən uşaqlıq illərimə boylanıram. Eyvana söykədilmiş nərdivanın başında qaranquş kimi uçan bir uşaq görürəm. Nərdivandan bərk-bərk yapışan bu uşaq nərdivanla birlikdə yerə çırpılır, lakin ölmür, çənəsindəki və dodağındakı çapıq izləri isə hələ də qalır. Ömrümün 70-ci ilindən məktəb illərimə boylanıram. Onda ibtidai, səkkizillik və orta məktəbi bitirənəcən üç müxtəlif məkanda təhsil alan çit çantalı bir şagird, daha sonra ali məktəb illərində gəncliyinin dolanbac yollarında bəzən çaşıb qalan bir tələbə görürəm. Daha sonra ideologiyası ilə həyat tərzi uyuşmayan cəmiyyətdə əzabkeş müəllim obrazı ilə qarşılaşıram. İndi “Tanrım, sənə şükür” deyib müstəqilliyimizi yaşayan çağımdir, amma artıq 70 yaşındayam. Buna da şükür! Ömür eləcə yaşanır və redaktə sevmir.

Olanlar artıq olubdur

Olacaqlar gözəl olsun!

Qoy gələcək zamanlara

Qalacaqlar gözəl olsun!

 

Dünya evdihörülübdür.

Bu sirr harda görülübdür?

Verilənlər verilibdir...

Alacaqlar gözəl olsun!