Elektron ədəbiyyat və sənət portalı

Polşa yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 13.07.2020

Marek Xlasko

(1934–1969)

 

  • Görkəmli Polşa yazıçısı;
  • Varşavada anadan olub;
  • 1954-cü ildə ilk hekayələr kitabı nəşr edilib;
  • 1958-ci ildə mühacirət edib. Fransa, İtaliya, İsveçrə, Federativ Almaniya və ABŞ-da yaşayıb:
  • “Onun anım günündə”, “İlgək”, “Gözəllər, iyirmi yaşlılar”, “Sizə Ester haqqında danışacağam”, “Amerikadan məktub” əsərlərinin müəllifidir;
  • Ölümündən sonra bir çox əsərləri Polşada, Federativ Almaniyada, ABŞ-da ekranlaşdırılıb;
  • 1969-cu ildə intihar edib;

 

Pəncərə

(hekayə)

 

Yanıma, demək olar, heç kim gəlmir. Artıq çox illərdir əldən-ayaqdan uzaq bir küçədə, çirkli, yöndəmsiz evdə tək yaşayıram. Ay mənim otağıma boylanmır, buradan göy də görünmür, ulduzlar da, olan yalnız balaca həyətdi, bir də qarşıdakı cır üzüm dırmaşmış çox hündür divar. Divarda vur-tut iki pəncərə var: birində, başa düşdüyüm qədər, üzçəkən usta yaşayır, o birində uşaqlı gənc ər-arvad. Hərdən körpənin sarışın saçları gözümə sataşırdı, amma qız, ya oğlan olduğunu indi də bilmirəm. Sonra körpənin öldüyünü eşitdim və qarşı tərəfdəki divara baxmağa da həvəsim öldü. Körpəni daha görməyəcəyimi anlayan kimi, divarın necə çirkin olduğunu sezdim.

Hərdən ikinci mərtəbədə yaşayan məmur otağıma gəlirdi – mən isə birinci mərtəbədə yaşayıram. O, mehriban heyvərələrdən biridi – belələrinin dilində hətta söyüş də öz kəsərini itirir. Hərdən əlini dizimə şappıldadır, göz vurub soruşurdu: “Necədi? Zor dedim, hə?” Əvvəllər bu adamın şit zarafatlarından zəhləm gedirdi, mənə murdar, səfeh adam təsiri bağışlayırdı. İstehza ilə fikirləşirdim ki, görəsən, bu naftalin iyi verən zarafatları hardan tapıb çıxarır. Ancaq sonra öyrəşdim, hətta darıxmağa başladım, çünki ikinci mərtəbədə yaşayan bu adamın da mənim kimi kasıb və yalqız olduğunu başa düşdüm. İstədim, onun xoşuna gələn nəsə eləyəm: bir-iki lətifə öyrəndim, yanıma gələndə söylədim. Yadımdadı, həmin axşam susub, bir kəlmə də danışmadı. O gündən yanıma gəlməyi tərgitdi. Niyə – səbəbini bir Allah bilir.

Pəncərəmin önündə akasiya bitib. Qoca, quru ağacdır. Yadımdadır, sonuncu yaz bircə budağı yarpaqlamışdı. Həmin uşağı ilk dəfə onda gördüm: pəncərəyə yaxın oturmuşdum, birdən kürən baş gözümə dəydi – kimsə otağıma boylanmağa çalışırdı. Əvvəl qorxdum,  ancaq uşaq olduğunu bilib gözləməyi qərara aldım. Nəfəsimi içimə çəkib baxırdım: biçarə heç cür yuxarı dırmaşa bilmirdi. Fikirləşdim ki, bəlkə, ona kömək eləyim, nə istədiyini soruşum? Ancaq səksəndirə biləcəyimdən qorxurdum.

Səhəri gün onun yenə otağıma boylanmağa çalışdığını sezdim. Görünür, boyu balaca olduğundan heç nə alınmırdı. Onda boynumu uzadıb baxası oldum – balacaboy, kürənsaçlı məzəli bir uşaqdı. Di gəl, belindən çox iri qəmə asılmışdı. 

– Ey, balaca! – onu səslədim.

Mənə baxıb, dərhal da qaçıb getdi. Kədərlə düşündüm ki, yəqin, onu qorxutdum, daha bura boylanmaq istəməyəcək. Ancaq yox, axşam kürənsaçlı başı yenə gördüm, bu dəfə bir az da yuxarı dırmaşa bilmişdi. Birdən anladım ki, onu divardakı rəsm maraqlandırır. Dəniz döyüşü təsvir olunmuş səviyyəsiz şəkil idi – yelkənləri cırılmış gəmilər, köpüklü dalğalar, batmış gəmilərin qırıqları... Uşaq şəklə həyətdən baxıb elə də çox şey görə bilməmişdi: dor ağacının ucu və səmanın qəribə rəngi – naməlum rəssam boyalara xəsislik eləməmişdi. Mən uşağa kömək etmək istədim və axşam gələndə qəfil başımı çıxarıb qışqırdım:

– Sən şəkli görmək istəyirsən, eləmi?

O, bir an mənə baxdı, sonra udqunaraq ötkəm səslə dedi:

– Hə.

Əlimi ona uzatdım. O, cəld pəncərə altlığına dırmaşdı. Gözlərindəki sevinc işartılarını xatırlayıram. Ancaq az sonra hiss etdim ki, heç də şəklə baxmır, diqqətlə otağı gözdən keçirir. Gözlərindəki sevinc işartılarının necə söndüyünü, onun necə kədərləndiyini gördüm. Ciddi görkəm aldı, sanki pəncərə altlığında oturduğu dəqiqələrdə yaşı da, qayğıları da bir xeyli artdı. Başını aşağı dikib bir müddət susandan sonra dedi:

– Hər yerdə eyni cürdür?

– Hə, – cavab verdim. – Hər yerdə eyni cürdür.

– Heç yerdə başqa cür olmur? – soruşdu.

– Yox, – dedim. 

– Hətta burdan çox-çox uzaqlarda da? Orda da belədir?

– Hə. Orda da bu cür otaqlardır. Dünyanın hər yerində belə otaqlardır. Ümumiyyətlə, dünya bir neçə belə otaqdan ibarətdir.

– Ona hələ baxarıq, – dedi.

Aşağı sıçrayıb qaçdı. Səhər həmişəkindən bir az gec qayıtdım və otağa girəndə ilk gözümə sataşan pəncərə altlığındakı əşya oldu. Onu qaldırıb baxdım – qəmə idi. Uşaq bir də otağıma boylanmadı.

 

Tərcümə edən: Saday Budaqlı