145 il əvvəl – 1875-ci ilin 22 iyulunda Azərbaycan dilində ilk qəzet – “Əkinçi” nəşrə başladı. Böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı bu qəzetin ilk nömrəsinin işıq üzü gördüyü 22 iyul Azərbaycanda “Milli Mətbuat Günü” kimi qeyd olunur.
2 il yaşamış qəzetin yaranması uğrunda Zərdabi 7 il Peterburq və Tiflisdəki çar məmurları ilə mücadilə aparmışdı. Qəzet cəhalətdə boğulan xalqın gözünü açmağı, müsəlmanları maarifləndirməyi qarşıya məqsəd qoymuşdu. “Əkinçi” oxucularına bütün dərdlərinin səbəblərini sadə dildə anladırdı.
Çar hökuməti Zərdabinin səpdiyi toxumların Rusiyanın müsəlmanların yaşadığı ərazilərində azadlıq, milli düşüncə ideyaları cücərtdiyini görüncə, qəzeti bağlayır, Zərdabini isə ucqar şəhər gimnaziyasına müəllimlik adı ilə, əslində, sürgünə göndərmək istəyir. O dövrlərdə Zərdabi yazırdı: “Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb xalq işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim”. Xalqına sözlə, qələmlə xidmət etmək milli mətbuatımızın banisinin amalı idi.
“Əkinçi” ilə başlanan bu şərəfli yol sonradan “Ziya”, “Kəşkül”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Kaspi”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan” və digər qəzetlərdə davam etdi.
Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi qəzet redaktor və naşirləri təkcə Azərbaycanın deyil, bütün türkdilli xalqların azadlıq, müstəqillik, demokratiya uğrunda mübarizəsinin ideya-siyasi çarçıları idi. Onlar məqalələrində “türkləşmək, islamlaşmaq, müasirləşmək” formulunun mahiyyətini açır, qəzet səhifələrində azərbaycançılıq, türkçülük, turançılıq məfkurələrini yayırdılar.
1918-ci ildə Şərqdə ilk demokratik Azərbaycan Cümhuriyyətinin yaranması ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. O dövrün görkəmli ziyalılarından Şəfi bəy Rüstəmbəyli, Cəmo bəy Hacinski, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli, Cəfər Cabbarlı və başqalarının milli mətbuatın inkişafında göstərdikləri xidmətlər əvəzsizdir. O dövrdə Avropa demokratiya haqqında hələ ideya kimi danışanda, Azərbaycan mətbuatında artıq demokratik prinsiplər tətbiq olunurdu.
70 illik sovet imperiyası dövründə azad söz qanlı repressiyalarla, qadağalarla boğulsa da, işıqlı ziyalılarımız yaratdıqları əsərlərlə, mətbu fəaliyyətləri ilə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyətinin inkişafında, xalqımızın vətən, torpaq sevgisinin qorunub saxlanmasında aparıcı qüvvə kimi iştirak etdi.
Ötən əsrin 90-cı illərində xalqın milli azadlıq duyğularının oyanmasında mətbuat mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada dövlət – mətbuat münasibətinin ən demokratik formulu əksini tapdı. Ulu öndərin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla senzura ləğv edildi. 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə zəmin yaratdı.
Mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni məzmun və formada uğurla davam etdirilir. Dövlətimizin başçısının milli mətbuatın yubileylərinin keçirilməsi haqqında Sərəncamları, kütləvi informasiya vasitələrinə dövlət dəstəyi, yüzlərlə jurnalistin mənzillə təmin edilməsi və s. bunun bariz nümunəsidir.