Elektron ədəbiyyat və sənət portalı

Anna Stelyanın hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 17.08.2020
  • Tanınmış serb yazıçısı, tərcüməçisi və şərqşünası Anna Stelya 1982-ci ildə Belqradda anadan olub;
  • 2005-ci ildə Belqrad Universitetinin türk dili və ədəbiyyatı fakültəsini bitirib;
  • 2009-cu ildə Rumi və Yunus Əmrə yaradıcılığı üzrə magistr dərəcəsi alıb;
  • Nəsr və poeziya kitablarının müəllifidir;
  • İngilis, ispan, türk və portuqal dillərindən tərcümələr edir;
  • Yunus Əmrə, Federiko Qarsia Lorka, Pablo Neruda kimi dünya şöhrətli şairlərin kitablarını serb dilinə çevirib;
  • Serbiya Yazıçılar Birliyinin üzvüdür.

 

Yuxu

(hekayə)

Mən ölmüşəm! Yer kürəsi düşüncələrə dalmışdı.

Artıq nə qollarımı, nə də ayaqlarımı hiss edirəm. Ürək də döyüntülərini saymağı çoxdan dayandırıb. Bəlkə, mən də yaralanmışam? İlk olaraq fikrimdən keçdi. Sanki klinik ölüm halındakı kimi uçuram. Özümü məkanın dərinliklərindən müşahidə edirəm. Nəhəng ulduzların əhatəsindəyəm. Sakitlikdir. Belə bir şeyi özümə heç arzulamazdım.

Bu əsl kabusdur! İstəyərdim, kimsə məni oyatsın, amma yox, bu baş verməyəcək. Mən hələ də çarəsiz və taqətsiz halda uzanmışam. Öz bədənimə qayıtmaq üçün son ümidim də söndü. Bir anlıq qorxu hiss etdim. Ölsəm, bu o deməkdir ki ...

Yer üzündə hər şey yavaş-yavaş ölürdü. Sanki hər tərəfə mərhəmətsiz dəhşətli yanğınların dözülməz qoxuları yayılmışdı. Dənizlər quruyur – onlar da çoxdan yoxa çıxan çaylar və göllər kimi məhv olur. Dünyanı mavi rəngə boyayan okeanlardan yalnız damcılar qalıb, lakin onlar da tezliklə quruyub torpağı tərk edəcək. Yaşıl meşələrdən yalnız izlər qalıb. Bütün canlı aləm yaşamaq uğrunda mübarizədə məğlub olur. Bəzi yerlərdə nələrsə hələ də yaşayır, ancaq bunlar da yalnız son cəhddir. Səma alov altında mum kimi əriyərək yerə yaxınlaşır. Günəş yavaş-yavaş orbitini başqa planetlərə tərəf çevirir, yeni bir dünya axtarır. Son şüalar qalın qara tüstü buluduna batdı və yox oldu. İnsanlar, mənim üçün əziz olan bütün varlıqlar kimi, izsiz-soraqsız yoxa çıxdı. Ölümümdən əvvəl onlar gördüyüm ilk qurbanlar idi. Yer kürəsi fəryadları və tufandan qaçışları hələ də xatırlayır. Yer kürəsi öz övladlarını uddu.

Mən hələ də öz bədənimdən yüksəklərə qalxıram və qalxdıqca daha çox ayrılıram.

Yer kürəsi kədərlidir, düşüncələrə dalıb.

Vaxtilə mənimlə birlikdə yaşayanların idealı idim. Özümü hamıya səmimi-qəlbdən təklif edirdim. İnsanlar isə bu yaxşılığı mənə necə qaytarırdılar? Saf və zəngin təbiətin əvəzinə riyakar məxluqlara baş əyirdilər, əylənmək üçün bütün yaratdıqlarımı öldürdülər, beləcə yavaş-yavaş məni də itirdilər. İnsanlar batmış gəminin ilk qurbanları idi! Mən onları sevirdim, onlar isə məni ələ salırdılar. Vücudumda söndürdükləri bütün siqaret kötüklərini, havaya buraxdıqları zəhərli maddələri yadıma saldıqca düşünürəm ki, onlara bir planet azlıq edirdi, bütün kainatı istəyirdilər. Əslində, bir-birlərinə də nifrət edirdilər. Mən isə bütün bunlardan əzab çəkirdim. Dərimi itiuclu dəmirlərlə deşib, dünyanı dəyişdirəcəklərinə inamlarıyla, ağılsız hərəkətləriylə daha yaxşı, daha gözəl yaşamaq naminə, vücudumu tamamilə yararsız hala saldılar. Özləri də düzəltdikləri robotlar kimi oldular. Təbiətə hörmət etdikləri zamanlarda mən hər şeyi qat-qat artığıyla onlara qaytarırdım. Amma indi onlardan qorxuram. Bu hal məni incidir, ölənlərin hamısı üçün əzab çəkirəm – insan səhlənkarlığı, ölmüş heyvanlar, torpağımda quruyan bitkilər. Bu dəhşətlərə təəssüf edirəm. Ey insanlar, məni eşidirsinizmi? Heç düşünmüsünüzmü, mən dözə biləcəyəm, ya yox? İndi təkbaşına sağ qala biləcəksinizmi? Bəli, mən dözə bilmədim.

Yəqin ki, ikinci böyük partlayışa insanların bu qəddar hərəkətlərindən daha rahat dözərdim. Mən yenidən geri qayıtmaq, hər şeyi bağışlamaq, insanları təbiətlə harmoniyada yaşamağa davam etməsini istəyirəm, amma artıq geriyə dönüşün olmadığını da anlayıram.

Dünya susdu.

İnsan əlindən məhv olmuş bədənim getdikcə uzaqlaşırdı. Yavaş-yavaş yaddaşımı və mövcudluğumu itirirdim. Ölüm məni qanadının altına alırdı. Kainat məni uddu. Mən onun əsiri oldum. Beləcə, əbədi bildiyimiz Yer kürəsinin gözləri yumuldu, parıltısı söndü. Kainata sükut çökdü.

 

* * *

 

Dəhşətli bir partlayış yeri silkələdi. Üzərinə düşən gün işığından gözlərini açdı. Titrətmə içində oyanmağa başladı... Yer kürəsi, o əzabkeş qul, əzablı ruh, yaralı bədən ...

Bəli, yuxu yuxudur, amma bəzən hansısa bir hərəkət ölümə işarədir. Yuxular adi qəbul edilməməlidir. Bəlkə, bir saniyədəcə unudular, bəlkə də, gerçəkləşər. Kim bilir?!

 

Anna Stelyanın “Mən necə quş oldum” hekayələr toplusundan

 

Tərcümə edən: Zərifə Əlizadə