Böyük yazıçılar arasında həkimlik ixtisasına yiyələnənlərin sayı digər peşələrlə müqayisədə üstünlük təşkil edir. Təbabətlə ədəbiyyat arasında bu bağlılıq, görünür, Çexovun təbirincə desək, həkimlərin insanın bədənini, yazıçıların isə ruhunu müalicə etməsindən qaynaqlanır. Aydınyol.az dünyaca məşhur həkim-yazıçılardan bəzilərinin adlarını təqdim edir.
Fransua Rable Dahi fransız satirikinin doğulduğu tarix və məkan tam dəqiqliyi ilə məlum deyil. Mütəxəssislərin araşdırmalarına görə, Rable XV əsrin təxminən 80-ci illərində Şinyon əyaləti tərəflərdə dünyaya gəlib. Gələcək yazıçının uşaqlığı monastır divarları arasında keçib. O, burada latın, qədim yunan dillərinə, tarix və hüquq elminə yiyələnib. Monastırı tərk edəndən sonra isə təbabəti öyrənib. Məşhur “Qarqantua və Pantaqruel” romanının müəllifi hələ gənclik illərindən həkim kimi çalışıb. İntibah dövrünün ən parlaq nümayəndələrindən sayılan Fransua Rable həm də ilahiyyatçı, filosof, arxeoloq kimi məşhurdur. |
|
Artur Konan Doyl Məşhur xəfiyyə Şerlok Holmsun yaradıcısı Artur Konan Doyl 1859-cu ildə Böyük Britaniyanın ilk kral şəhəri olan Edinburqda doğulub. Yazıçının uşaqlığı ağır keçib. Atasının alkoqolizmə ifrat meyilliyi səbəbindən ailə həmişə maddi sıxıntılar içində olub. Doqquz yaşında qapalı kollecdə oxuyan ailənin gələcək xilaskarının təhsil haqqını imkanlı qohumları ödəyib. Təhsilini başa vurandan sonra evə qayıdan yazıçının yaxınları arasında xeyli sənət adamı olsa da, o, tibb ixtisasını seçib və Edinburq Universitetinin tibb fakültəsini bitirdikdən sonra balina ovlayan gəmidə həkim kimi çalışıb. Uzun səfərlər zamanı o, gələcək əsərləri üçün xeyli həyati təcrübə toplayıb. 1881-ci ildən başlayaraq sırf həkimlik sənətiylə məşğul olan yazıçı on ildən sonra özünü ədəbiyyatda sınamaq qərarına gəlib. Detektiv janrının ustası 1930-cu ilin isti iyul günlərindən birində qəflətən ürəktutması səbəbindən vəfat edib. |
|
Anton Çexov Həkim, yazıçı, dramaturq Anton Pavloviç Çexov 1860-cı ildə Taqanroq dükançısının ailəsində dünyaya gəlib. Uşaqlıq illərində yunan məktəbində, sonralar gimnaziyada təhsil alıb. 1867-ci ildə atası müflis olandan sonra artıq ilk qələm təcrübələriylə mətbuatda çıxış edən yazıçı fərdi dərslər keçməklə yaşayışını təmin edib. 1879-cu ildə isə Moskvaya yollanaraq bu şəhərdə tibb təhsili alıb. Tələbəlik illərində həkim kimi xəstəxanalarda çalışıb. Müəyyən müddət Zveniqorod xəstəxanasına rəhbərlik edib. Çexov uzun müddət ədəbi tənqidçilər tərəfindən satirik yazıçı kimi qəbul olunsa da, sonralar onun nəsri və dramaturgiyası dünya ədəbiyyatının inciləri sırasına daxil olub. 1904-cü ildə Almaniyada vəfat edib. |
|
Somerset Moem İngilis yazıçısı Somerset Moem 1874-cü ildə Fransa paytaxtı Parisdə doğulub. Doqquz yaşından yetim qalıb. Onun tərbiyəsi ilə yaxın qohumu məşğul olub. Somerset Moem 1886-cı ildə Londonda yerləşən Müqəddəs Foma xəstəxanasının nəzdindəki tibb məktəbini bitirsə də, həkim işləməyib. I Dünya müharibəsi zamanı Moem Britaniya kəşfiyyatının casusu kimi Rusiyada olub, dəfələrlə Kerenski və Savikovla görüşüb. 1919-cu ildə Çinə, sonra Malayziyaya ezam olunub. Bütün bu səfər təəssüratları yazıçının hekayələrində böyük ustalıqla təsvir olunub. Somerset Moem 1965-ci ildə Fransanın Nitsa şəhərində vəfat edib. |
|
Mixail Bulqakov Yazıçının özündən başqa iki qardaşı da həkim olub – onlardan biri Moskvada, o biri Varşavada çalışıb. Mixail Bulqakov 1891-ci ildə Kiyevdə anadan olub. 1909-cu ildə gimnaziyanı bitirdikdən sonra tibb fakültəsinə daxil olub. I Dünya müharibəsi zamanı gələcək yazıçı cəbhəyanı bölgələrdə həkim-cərrah kimi çalışıb. 1918-ci ildə Kiyevə qayıdan Bulqakov artıq veneroloq kimi fəaliyyət göstərib. Dörd ildən sonra isə Moskvaya köçərək özünü bütünlüklə ədəbiyyata həsr edib. “Gənc həkimin qeydləri” adlı hekayələr toplusunda yazıçı öz tibbi təcrübəsini ustalıqla təsvir edib. Bulqakov 1940-cı ildə vəfat edib və məşhur Novodeviçye məzarlığında dəfn olunub. |
|
Lui-Ferdinand Selin İxtisasca həkim olan məşhur fransız yazıçısı Selin 1894-cü ildə doğulub. Selinin uşaqlığı haqqında çox az məlumat var. Yazıçının debüt romanı 1932-ci ildə dərc olunub. Dörd il sonra nəşr etdirdiyi “Ölüm və kredit” romanı yazıçıya dünya şöhrətli gətirib. II Dünya müharibəsindən sonra yazıçı işğalçılarla əməkdaşlıqda ittiham olunub və bu səbəbdən Almaniyaya, ardınca Danimarkaya mühacirət etmək məcburiyyətində qalıb. Uzun illər mühacir həyatı yaşayan yazıçı 1951-ci ildə vətəni Fransaya qayıdaraq həkim kimi çalışıb. Selin 1961-ci ildə vəfat edib. |
|
Stanislav Lem 1921-ci ildə Lvovda anadan olan məşhur Polşa yazıçısı, filosofu, futuroloqu Stanislav Lem də ixtisasca həkim olub. Ziyalı yəhudi ailəsində tərbiyə alan Lem gimnaziyanı bitirdikdən sonra Lvov Universitetinin tibb fakültəsinə daxil olub. II Dünya müharibəsi zamanı gələcək yazıçının ailəsi sürgündən möcüzə sayəsində xilas ola bilib. Polşanın işğalı zamanı Lem Müqavimət Hərəkatının iştirakçılarından olub. Müharibədən sonra Krakov şəhərinə yollanaraq tibbi təhsilini davam etdirsə də, buraxılış imtahanlarını verməkdən imtina edən yazıçı yalnız sertifikat almaqla kifayətlənib. Yazıçının iyirmi əsərinin motivləri əsasında film çəkilib. Onların arasında ən məşhuru dahi rus rejissoru Tarkovskinin ekranlaşdırdığı “Solyaris” filmidir. 2006-cı ildə vəfat edən yazıçı Krakovda dəfn olunub. |
|
Kobo Abe Məşhur yapon yazıçısı Kobo Abenin həkimlik təhsili alması geniş oxucu kütləsinə o qədər də məlum deyil. Məsələ burasındadır ki, dünyaca məşhur “Qumsallıqda qadın” romanının müəllifi seçim qarşısında ədəbiyyata üstünlük verib. Kobo Abe 1924-cü ildə Tokioda doğulub, uşaqlıq illəri Mancuriyada keçib. 1943-cü ildə Tokio Universitetinin tibb fakültəsinə daxil olub. Beş ildən sonra dövlət imtahanından qeyri-kafi qiymət alaraq diplomdan məhrum edilib. Bu da onun həkimlik karyerasının üstündən xətt çəkib. 1947-ci ildə işıq üzü görən “Anonim şeirlər” toplusu ona dünya şöhrəti qazandırıb. Kobo Abe 1993-cü ildə vəfat edib. |