Tanınmış Azərbaycan şairi Salam Sarvanın ukrain dilinə tərcümə edilmiş “Boğulmaq da olmur, dayazdı dünya” kitabı Ukraynada nəşr olunub.
Ukraynanın zəngin ənənəli “Sammit-kniqa” nəşriyyatında işıq üzü görmüş kitaba şairin “Darıxma, düzəlməyəcək”, “Yatağımız çay yatağı”, “Yorulub, vuruldun mənə”, “Kəndirbaz” kimi 100-dən çox şeiri daxil edilib. Şeirlərin ukrain dilinə tərcüməçisi və Ön sözün müəllifi tanınmış Ukrayna şairi və ictimai xadimi, Ümumdünya poeziya festivalının qalibi Lesya Mudrakdır.
Mədəni tənhalığın poeziyası
Salam Sarvanın kitabı haqqında
Nədənsə, tərcümə kitabına ön söz yazmaq tərcüməçiyə çətin gəlir: istər-istəməz həyəcanlanır, qəribə hisslər keçirirsən. Yəqin, müəllif-tərcüməçi təmasının mətn üzərindən baş tutduğuna görə belədir.
Bu kitabdakı şeirlərin müəllifini tanımaya-tanımaya onu misralarının əhatəsində təsəvvür etməyə, bir anlıq şairə yaxınlaşmağa çalışdım. Bu an isə bütöv bir metaforik möcüzəyə çevrilən minlərlə oxşar və fərqli anların yaranmasına səbəb oldu.
Salam Sarvan müasir Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindəndir. O, yüksək zövqlə yazılmış əsərlər müəllifi və istedad sahibi kimi, mətnin ritmik siqlətinin və dünya lirikasının miqyasının dərk edilməsi ilə bağlı, oxucular üçün ontoloji dəyər qazanmış bənzərlik kateqoriyalarına istinad edir.
Şairin özü bir müsahibəsində demişdi ki, dünya poeziyasının ümumi cəhətləri var və bütün şairlər eyn şüuraltı axının, eyni kədərin adamlarıdır – hamısı tənhalığın poeziyasını yazırlar. Bu poeziya, əvvəla, kosmik tənhalıqdan – insanın kainata xüsusi missiya ilə gəlişinə inanmasından və bu missiyanı yerinə yetirə bilmədiyinə görə yaşadığı komplekslərdən doğulur. Yəni bu, dünya ilə, yaradılışla daimi konfliktdə təklənmək hissinin poeziyasıdı. Tənhalığın poeziyası həm də şairin sosial tənhalığından – yaşadığı dövrün sosial-ictimai reallıqları ilə konfliktindən qaynaqlanır. Bir də mədəni tənhalıq var: sən daşıyıcısı olmadığın dəyərlər sisteminin içindəsən, təfəkkür qürbətində yaşayırsan.
Salam Sarvanın “Boğulmaq da olmur, dayazdı dünya” kitabını tərcümə edərkən mən belə bir “mədəni tənhalıq” hissi keçirdim.
Özümü müəllifin poetikasından boy verən bəşəri faciədən uzaqlaşdırmağa çalışsam da, alınmadı... İnsanlara xilasını öz “Mən”inin ən dərin qatlarında axtarmağı məsləhət görən psixoloq Ceymsonu xatırladım. Mənə elə gəldi ki, ölüm-həyat-dirçəliş xətti ilə yenidən ölümün sarsılmaz vəhdəti sevgidə, sözdə, qadında, “Boğulmaq da olmur, dayazdı dünya” kitabında gerçəkləşir.
Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.
Mənaların hamısı cəfəng imiş, rəng imiş,
nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.
İndi mən bir qadının qaşına-gözünə yox,
indi mən bir qadının taleyinə vurullam.
Hələ də vurnuxuram zaman şəcərəsində:
bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.
İllərlə məşq edərsən finişə tez çatmağa,
finişdən o yandasa elə əvvəlki həyat.
Ürəyimdən nə keçir, deyim sən də biləsən:
hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.
Salam Sarvanın şeirlərində əksliklər arasında sərhədlər bir-birinə qarışır: sevgi ilə ölümün, müqəddəsliklə günahın, “doğma” məkanla “yad” məkanın, dostla düşmənin, vətənlə Yer kürəsinin arasındakı fərqlər az qala itir.
Ukrayna tədqiqatçısı M.Novikova oxucuları inandırmağa çalışırdı ki, Ölüm obrazında bir dərinlik var: çünki qədim insanın təsəvvüründə ölü diridən, heyvan insandan, qadın kişidən qüdrətli idi və buna görə də Yer üzündəki həyatın davamlılığı ölüdən, heyvandan və qadından asılıdır.
Bəzi xalqların mifologiyasında isə ölüm mayalanma kimi təsəvvür olunur. Avrasiya, xüsusən də Ari (Vedi) miflərində mərhumun embrion şəklində basdırıldığı məzar ruhun inkişaf edəcəyi və yenidən doğulacağı ana bətni anlamına gəlirdi.
Salam Sarvanın şeirlərində Ölüm – təkcə bir həyat dövrəsinin başa çatması və başqa bir ömrün başlanğıcı deyil, həm də qadın başlanğıcı ilə kişi başlanğıcının vəhdətinin konkret dövri prosesidir.
Bu quyunun divarının
çöl üzü hanı, camaat?
Dar ağacında azmışam,
yer üzü hanı, camaat?
Al-əlvan geyib gəzərdi,
gəzərdi burda bir pəri:
yanıb, qara külü qalıb,
bəs hanı başqa rəngləri.
Yaxşı, mən özüm hardayam,
o Salam hanı, ay ana…
Gəl axtar bətnindən düşüb
itən balanı, ay ana.
Və yaxud:
Nə qalan kimi qalıram,
nə gedirəm gedən kimi.
Bir yekəpər Ölüm gəzir
yanımda Cangüdən kimi.
Deyəsən dəli oluram,
qılan yox əlac başıma:
gövdəsindən dırmaşıram
yıxılmış ağac başına.
Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!
Antik dünyada belə hesab olunurdu ki, ölüm də, nifrət də sevginin əksliyidir. Empedokl (e.ə. 485–425) bu kateqoriyalarda varlığın və insanın formalaşmasının obyektiv başlanğıcını görürdü.
Salam Sarvanın şeirləri mənə bir növ Yer kürəsinin xəritəsi – atlası kimi göründü. Burada müəllifin məcazlarından ayrıca danışmaq lazım gəlir. Çünki bu məqamlar və gizlətmə-faşetmə, soyunub-geyinmə, dünyanı zövqlə seyr etmə, görmə, eşitmə və bədən təmasları kimi proseslərin dildə inikası arasındakı bağlılıqlardan söhbət gedir. Qeyri-ordinar obrazlılığa, bədiiliyə söykənən məhrəm, səmimi münasibətlər poetikasına xüsusi yer ayrılır. Bu, bir qayda olaraq, lirikanın metafizik ruhunu və estetizmini şərtləndirən əsrarəngiz mənzərəni göz önünə sərir:
Miz üstə şair başı,
başda şeir havası...
Siqaret kötüyüylə
dolmuş sərçə yuvası.
Saatın əqrəbləri
biri-birinin üstə:
qıfılnan bağlanıblar
üçü də “bir”in üstə.
O körpənin alnında
iki kəlməlik yazı:
bax, elə beləcə də
yazılıb ki: “nə yazım?”
Nə mən bildim, nə Allah
saxlamadı yönümü:
bir də gördüm yaş ötüb,
keçmişəm son günümü.
Azərbaycan tənqidçiləri Salam Sarvanın yaradıcılığını kədərin estetikası adlandırırlar. Doğrudan da, onun yazdıqları insanla birlikdə doğulan və onunla birlikdə ölən əbədi nəsnələrin, ümumiyyətlə, həmişəyaşar duyğuların və yaşantıların şeirləridir. Aydındır ki, lirik qəhrəmanın yer aldığı poetik gerçəklik semantik yenilənməyə məruz qalır. Ətrafımızda gördüyümüz reallıqla bağlı olsa da, ondan tamamilə fərqlənən başqa bir gerçəklikdən söhbət gedir.
Salam Sarvanın şeirlərində süjet xətti var. Onları tərcümə edərkən lirika üçün həmişə aktual olsa da, az rast gəlinən, özünəməxsus qısametrajlı həyat filmini izlədim.
Ukrayna oxucusu bu kitabda ənənəvi semantikanın sərhədlərini genişləndirən, ən adi təzahürlərdə də bir peşəkar, bir USTA gözü ilə heyrətamiz çalarlar axtaran bir şairlə tanış olacaq. Bizə tanış olan poetizmləri gözlənilməz məna bucağından təqdim eləyən bir şairlə. Ukrayna mentalitetinə yaxın olan bir şairlə.
Lesya Mudrak,
yazıçı, tərcüməçi, ictimai xadim