Salvatore Kvazimodo
(1901–1968)
- Görkəmli İtaliya şairi, tərcüməçi;
- Modika şəhərində anadan olub;
- 1919-cu ildə Roma Politexnik İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyub;
- 1938-ci ildən Milan konservatoriyasında İtaliya ədəbiyyatından dərs deyib;
- “Batmış qaboy” (1932), “Evkalipt ətri və başqa şeirlər” (1933) və digər şeir kitablarının müəllifidir;
- 1959-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Heç nə itirməmişəm
Hələ də burdayam.
Günəş qara quzğun kimi
başımın üstündə fırlanır
Bu torpaq
mənim səsimi təkrarlayır sənin səsində.
Gözlə görünən zaman yenilənir
hər şeyi təzədən görən gözlərdə.
Heç nə itirməmişəm.
İtirmək –
səma dioqramının
o üzünə yuvarlanmaqdı,
yuxuların, çayların
məcrası boyu
xəzəlin içindən
keçib getməkdi.
Odisseya adası
Tarixin bağrından
qopan səsin
efemer əks-sədası gəlir.
Ulduz burulğanında doğulan
ruhuma dolan səs...
Göylərin od-alovundan
doğulan Odisseya adası.
Buralarda göy üzü və ağaclar
düşüb sakit çaylara
axır, axır.
Göy üzündən bu girdaba
Ay boylanır,
Ay baxır,
Ora bax,
sularda Ay axır.
Görürsənmi, əzizim,
arılar qızıl daşıyırlar bizə
oğrun-oğrun.
Yer yarılar
bu sehrli, əsrarəngiz
zamanda.
Məzar daşına yazılmış şeir
Burdayıq – hamıdan uzaqda,
hamıdan aralıda –
yenə də Günəş
mis kimi parıldayır
sarışın saçlarında.
Get-gedə öləziyən
cırcıramaların səsi,
Lombardiya səmasında
çaxan şimşəklər
hələ də sağ olduğumuzu
xatırladır bizə.
Ey küləyin qarsdığı səslər,
nə istəyirsiz?
hələ də qəm-kədər
fışqırır torpaqdan.
Yer
Gecəyarısı – sükut,
qayğısız kölgələr...
Mən səndə azan zaman
küləklər gəlib tapır...
Əvvəlcə küləyin səsi
sonra özü gəlib çatır mənə.
Özüylə dəniz qoxusu,
torpaq ətri gətirir.
Orda, uzaqlarda
siciliyalılar, mənim yerlilərim,
yelkənlərə,
balıq toruna
erkən oyanan uzaqlara
nəğmələr oxuyurlar.
Yalçın qayalar,
yenicə cücərən,
sürülərin gəlişini gözləyə-gözləyə
boy verən otlar,
sizin ağrılarınız
içimi viran qoyur.
Güzgü
Vaxt çatdı
vədə yetişdi
budur, budur
sıraya düzülüb tumurcuqlar,
yaşıllığa bürünüb çöl-bayır.
Ürək isindirir,
göz oxşayır,
adamın yatmağı gəlmir.
Bu ağaclar
bir vaxtlar su kimiydilər;
Mən ki o buludlardan
süzülən suyam
bu gün arxlardan axa-axa
göy üzünü əks etdirirəm.
Dünən gecə
o tumurcuqlarda gizlənən
və bu gün
boy göstərən yaşıllıq...
Tərcümə edən: Əlisəmid Kür