ANNA AXMATOVA
(1889-1966)
Niyə murdarlayıb içdiyim suyu,
Yediyim çörəyə ağu qatdınız?
Niyə olan-qalan azadlığımın
Ağzını yumdurub daş tıxatdınız?
Əzabla can verən dostun-sirdaşın
Acı qismətinə gülmədim deyə?
Bu dərdli vətənə dönük çıxmadım,
Dar gündə atmadım, getmədim deyə?
Neynək.
Bu dünyada şair olan kəs
Cəlladsız, edamsız keçinə bilməz.
Alın yazımızdır – əlimizdə şam
zarımaq, ulamaq hər səhər-axşam.
***
Mən qəddi bükülən,
əlləri əsən,
Solğun sifətini qırışlar kəsən
Acıdil, tündməzac qarıyam artıq.
Öz zərgər işindən razı cəlladım
Süzür dərimdəki qamçı yerini,
Şallaq izlərini məmnun baxışla...
Bağışla, ilahi, özün bağışla!
***
Ayrıla bilmirik, bilmirik artıq, -
Ölçürük yolları çiyin-çiyinə.
Astaca-astaca çökür qaranlıq,
Fikirli-fikirli durmuşuq yenə.
Kilsəyə girərik -
xaç mərasimi, ya ölü duası...
Çıxıb kilsədən
kimsəyə baxmadan dönüb gedərik...
nədən özgə çürük axı, biz nədən?
Ya da köks ötürüb əyləşirik biz
Bir köhnə, bir uçuq məzarın üstdə;
Qoşa qəbrimizi səssiz-səmirsiz
Cızarsan ağacla boz qarın üstdə...
MARİNA SVETAYEVA
(1892-1941)
Qayğıdan yorulub, qəmdən usanıb
Susdu, nəfəs dərib dincəldi Tanrı.
Sonra gülümsünüb ulduzlar sanı
Dərisi nur saçan mələk yaratdı;
Yaratdı, yaratdı
saysız-sanaqsız
qanadlı-qanadsız
nə qədər mələk...
Ondandı kiriməz qəlbim bir anlıq,
Ondandı göz yaşım axır ki belə -
O böyük Tanrının özündən artıq
Vuruldum mən onun mələklərinə.
***
Nəyim var, ayrılıb hər birisindən
Könülsüz-könülsüz gedirəm, ancaq -
Bu xəz kürküm mənim qurd dərisindən
Heç bilmirəm kimə qismət olacaq;
Kimi kövrəldəcək isti yun şalım,
Kim mənim itimə sahib çıxacaq,
Üstü firuzəli, üstü naxışlı
Gümüş qolbağımı kim, kim taxacaq...
Kimin olasıdır, gözümü yumsam,
Bu məktublar kimin, çiçəklər kimin...
İçimdən sürüşən sonuncu misram,
Bir də sən, bir də sən, son gecəm mənim!
Tərcümə edən: Mahir N. Qarayev