Fatima Estela Benitez Dimas 1991-ci ilin 25 aprelində El Salvadorun paytaxtı San Salvador şəhərində anadan olub;
15 yaşından sərbəst vəzndə şeirlər yazır;
“Könül şeirləri” (“Poemas del alma”) ədəbiyyat bloqunun (https://www.poemas-del-alma.com/blog/comunidad) baş redaktorudur;
Facebook sosial şəbəkəsində məşhur “Ədəbiyyat və poeziya” (“Literatura y poesía”) (https://www.facebook.com/literaturaypoesiaa/) səhifəsinin redaktorudur.
Bu qədər yaxın, bu qədər uzaq…
Səni sevdiyim qədər –
nifrətim də var sənə,
Unutmağa məcburam səni –
andığım qədər...
Sən nəfəsimsən –
mənə yasaq edilmiş nəfəs,
Həm ürəkdən sevdiyim,
həm də nifrət etdiyim
varlığım, yoxluğumsan...
Məni tərk etməyin asan,
yanımda qalmağın çətin,
Dodaqların bunca yaxın,
amma toxunmağım çətin –
başdan-başa, büsbütün
sənin dünyana bürünüb,
özümü itirmişəm...
Sənə olan sevgim qədər
utanıram özümdən,
Sənə inandığım qədər
şübhəliyəm, nigaranam özümdən.
Kor olmuş gözlərimdə
ümid nə qədər desən,
Çaşqın ömrün izləri
xatirələrlə dolu,
Və nə qədər anlar var
indiyəcən itirilmiş dəqiqələrdə...
Həyatda nə qədər gülüş,
nə qədər göz yaşı varsa,
Xəyalımda sənə qarşı
o qədər də hisslərim var...
Dünyaya göz açmamış...
Ruhumun
dərin nöqtələrinə toxunmaq üçün
göylərin zirvəsinə qalxdım
və hər yanda özümü axtardım.
Amma
daha çox itirdim axtaran zaman...
Qaranlıqda belə
kölgəmin dalınca düşdüm,
sükuta daldım özümü dinləmədən,
soyuqdan titrədim
yayın istisində də...
Küçələri gəzib-dolaşdım
ayaqlarımı yerə basmadan,
Üzümdəki təbəssümlə
o ki var ağladım ara vermədən...
Dünyaya göz açmamış
tərk etməli oldum dünyanı...
Uşaqlığımı yaşamadan böyüdüm
və şeir yazmalı oldum
oxumağı öyrənmədən...
Uşaq qəlbli qadın
Yetkin qadın rolu oynayan
məsum bir qızcığaz kimisən gözümdə.
Bilirəm…
qanadlarını lap uşaqlıqdan kəsdilər,
Bilirəm....
məsumluğunu ayğır kişilərə satdılar...
Ruhunun zərrələrini
necə yığıb-topladığını görürəm,
Səni özgələrə bu qədər həzz verən
göydən düşmüş ulduz kimi görürəm…
Səni uzaqdan
bu zülmət qaranlığın ortasında
son dərəcə parlaq görürəm;
Həyatın zərbələri altında
məsum qızcığazın itirilmiş ruhu ilə
bənzərsiz bir qadın kimi görürəm.
İspan dilindən tərcümə edən:
Aysel Əliyeva