Elektron ədəbiyyat və sənət portalı

İspaniya yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 25.01.2021

Fernando Xose Palasios Leon

(1984)

  • Madrid şəhərində anadan olub.
  • Madrid Komplutense Universitetində Alman Filologiyası üzrə magistr dərəcəsi alıb.
  • Almaniyanın Bamberq Universitetində ispan dili üzrə mühazirələr oxuyur, eyni zamanda müasir ispan və alman ədəbiyyatlarına dair doktorluq dissertasiyası yazır.
  • 2009-cu ildə “Estrella y el olvido” (“Ulduz və yaddaşsızlıq”) adlı ilk romanı nəşr olunub.

 

FOTOAPARATLI QIZ

(hekayə)

İşdən qayıdanda poçt qutumu açıb bir məktub gördüm. Ürəkdən sevinsəm də, bilirdim ki, cavab yazmayım deyə, zərfin üzərində məktubu göndərən şəxsin adı olmayacaq.

Zərfi yanıma qoyub çarpayıya uzandım. Bu şəxsdən məktub alarkən həmişə həyəcan hissi keçirirəm. Onun xətti çox səliqəsizdir, sanki öz sahibinin ağır emosional vəziyyətdə olmasından xəbər verir. Amma hər halda o məktubları oxumaq mənim üçün xoş idi. Bu məktubları oxuyanda qəribə hisslər keçirirdim. Sanki dəniz kənarına atılan şüşə butulkaları bir-bir açıb içindəki yazıları oxuyurdum. Xətt mürəkkəb olsa da, məktubların hər birinin fərqli mənası vardı və adamı  dərin düşüncələrə qərq edirdi. Bu məktublarda onun ürəyini görə bilirdim.

“Artıq bir neçə ildir kitab yazıram. Onu nə vaxt bitirəcəyimi hələ də bilmirəm. Ümumiyyətlə, bu kitabın sonunun olub-olmayacağından da xəbərim yoxdur. Çox insanların əsəri sehrbazlıq kimi qəbul etməsi mənə həmişə qərib gəlib. Əsla belə deyil. Sakit bir guşəyə çəkilərək qol saatını açıb qırağa qoyursan, bir fincan qəhvə götürüb kompüterin qarşısında əyləşirsən və Malerin beşinci simfoniyasını dinləyə-dinləyə yazını nədən başlamaq barədə düşünürsən. Burada heç bir sehrbazlıq yoxdur. Özü də vördü açarkən bütün bunlar başımın gicəllənməsi, pəncərəmin o tərəfində gecənin dan şəfəqləriylə əvəz olunması, küçədən eşidilən maşın səsləri, yaxud məktəbdən qayıdan uşaqların hay-küyü ilə müşayiət olunur.

Mən bu kitabı fərqli evlərdə, fərqli şəhərlərdə, fərqli yaşlarda yazıram. Bu zaman otağıma hətta adamlar da daxil olur – anam, qardaşım, dostum, qadınlar... Düşünəndə ki hələ də bu kitabı bitirə bilməmişəm, özümü inamsız, ümidsiz hiss edirəm. Bu vaxtacan neçə-neçə səhifə pozularaq yenidən yazılıb, sonra təzədən bir də pozulub. Niyəsini özümdən soruşanda cavabım hər dəfə belə olur: deməli, mən dəyişirəm – zaman keçdikcə düşüncələrim, fikirlərim, dünyagörüşüm dəyişir.

Qəfil ölümlə üzləşən, yaxud uzun xəstəlikdən əziyyət çəkən obrazın son gününü yazarkən qəribə vicdan əzabı çəkirəm. Odur ki onları digər əsərlərimdə kiçik epizodlarla canlandırmağa çalışır, sanki onlara yeni həyat verirəm. Bəzən mənə elə gəlir ki, bu işdə Tanrı da yardımçım olur.

Görəsən, insanlar həyatın bu qədər problemləri ilə üzləşdilkəri,  gah kədərli, gah xoşbəxt anlar yaşadıqları halda, yaxud ipotekanı, siyasəti, futbolu düşünəndə yazmadan necə keçinə bilir... Yazmaq bir yana, onlar hətta mütaliədən də imtina edirlər. Bəlkə də, məndə bu fikirlərin yaranması özümü anlamamağımdan irəli gəlir. İnsanlar məndən soruşurlar: “Kitabı harada çap etdirmisən?”, “Neçə nüsxə satılıb?”, “Nə qədər qazanmısan?” Mən bu suallardan məyus olub iki-üç xırda cavabla söhbətdən qaçmağa çalışıram... və yenidən, kim bilir, neçənci dəfə “Riders on the Storm” (“Fırtınadakı atlılar”) mahnısını dinləyirəm.

Bilirsən, əslində məni bu məktubu yazmağa bugünkü hadisə vadar etdi. Şəhərdə fotoaparatla şəkillər çəkən cavan bir qız gördüm. O məni görəndə fotoaparatı əlində bərk-bərk tutdu. Bəlkə də, məni oğru zənn etmişdi. Qız bilmirdi ki, o, sadəcə, mənə tamam başqa bir qadını xatırladıb. Bu məktubun təşəbbüskarı olmasından da həmin qızın xəbəri yoxdur.

Sən bir təsəvvür elə, dörd dərəcə şaxtada cavan bir qız fotoaparatla küçəyə çıxıb şəhərin gözəl mənzərələrini lentə alır. Bu, heyranedici deyil? Qız bu soyuqda, bu şaxtada hər bir anı tutub saxlamaq, lentə köçürüb əbədiləşdirmək istəyirdi. Səncə, bu xanım hansısa bir hekayənin qəhrəmanı, yaxud kiçik də olsa hansısa bir obrazı olmağa layiq deyil? Əgər layiqdirsə, onda bu obrazın adı nə olsun? Məncə, “fotoaparatlı qız” yaxşı addır.

İspancadan tərcümə edən: Aysel Əliyeva