Elektron ədəbiyyat və sənət portalı

Türkiyə yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 11.02.2021

 

 Sərpil Tunçər

(1972) 

  • İstanbul şəhərində anadan olub.
  • “Ərik ağacı” ədəbiyyat saytının və eyniadlı elektron-jurnalın yaradıcısı və baş redaktorudur.
  • Hekayələri “Dil və ədəbiyyat”, “Aşkar”, “Dərgah”, “Temrin”, “Acemi”, “Mavi yaşıl”, “Lacivərt”, “Yeddi iqlim”, “Əfruz”, “Çay yolu”, “Şiar” və başqa dərgilərdə yayımlanıb.
  • “Ərik ağacı”, “Ekinoks günləri”, “Bənövşəyi küçənin sakinləri”, “Sehrli dəniz”, “Quşları yola salmaq”, “Fillər təklikdə ölür”, “Milçəklər də yatır” kimi şeir və hekayələrin müəllifidir.

 

Qəribə dost

(hekayə)

 

Başım ağrıyır. Elə bil beynimin içində fasiləsiz guruldayan mühərrik var… Ağrının nə zaman bitəcəyini gözləyirəm. Qarşıdakı kafenin lampaları dar pəncərədən sızaraq zalı işıqlandırır. Gözümə görünən siluetlər get-gedə çoxalır. Səslər kəsilmək bilmir. Elə bu vaxt açar səsi eşidildi... Küçə qapısı açıldı. Gələn İlhan olmalıdı. 

       – İşığı yandırma! – ucadan dedim.

 Yazıq qorxudan çaşıb qaldı. Əslində, o məni bu vəziyyətdə görməyə öyrəncəlidir. Axı beş ildir eyni evdə yaşayan iki dostuq.

       – Qaranlıqda oturmusansa, demək, yenə miqrenin başlayıb?

       – Hə, elədir!

İşığı yandırmır. Önümdəki masaya oturur. Əlindəki kağız torbadan yeməkləri çıxarır. Qoxusu burnuma gəlir – qaynamış sütül qarğıdalı və ərik qoxusu... Qarğıdalını gəmirməyə və ağzı dolu halda danışmağa başlayır: 

       – Orxan, istəyirəm biləsən. Bu gün qalereyaya xeyli adam gəlmişdi. Biriylə tanış oldum. İncəsənət jurnallarında rəssamlıq haqqında məqalələr yazır. Sizin rəsmlərinizi tanıdıb sərginizin uğuru haqqında bir məqalə yazaram, dedi. İrəli gedərsiniz, hətta Avropada da tanınarsınız, dedi. Rəsmlər haqqında da, əla rəsmlərdir, təkrarsızdır, dedi.

       – Sən də inandın?

Məəttəl qaldı. Üzü qaranlıqda sanki bir az da qaraldı. Qarğıdalını tezcə yeyib bitirdi. Əriklərə keçdi. Deməli, torbada nə olduğunu düz bilmişəm. Sonda davam etdi:

       – Sənin mənim rəsmlərimi bəyəndiyini düşünürdüm.

       – Bəyənsəm nə olacaq ki? Alıcısı yoxdursa...

İkimiz də susduq. Mən niyə otaq yoldaşıma  söz atıram?  Hə, əgər İlhan, sənət abidəsi, yaxud saxta bir Mikelancelodursa, onda mən də futbolçu Peleyəm. Soyunma otağı kimi istifadə etdiyimiz rütubət qoxulu zirzəmilərdə soyuq su ilə çimib qayoarit olmaqdan, kiçik məhəllə komandalarında ayaqqabılarım əlimdə həvəssiz-həvəssiz o tərəf-bu tərəfə qaçmaqdan bezdim artıq.  Əynimə idman forması belə ala bilməyən futbol klubları mənim üçün nə edə bilər?  Peşəkar futbolçu olmaq istəyənlərin hamısı kimi mənim də gözüm hər zaman böyük komandalarda olub, amma heyif ki, harasa transfer olmadan otuz beş yaşıma gəlib çatdım. Bundan sonra məndən heç nə olan deyil. Xəyallar arxasınca qaçmaqdan yoruldum.  Amma otaq yoldaşım üçün ümid hələ də ölməyib. İlhanın uğuru uğrunda evin bütün xərcini çəkməyə  məcbur idim. Heç olmasa, birimizin ümidi çiçəklənsin. Heç olmasa, ikimizdən biri tutduğunu qopara bilsin. Amma nəsibimi aldım. Elə hey uğursuz sərgilər, mücərrəddən konkretə keçə bilməmək, dəbdən düşən yağlı boyalar, akrilin bitməyən problemləri… Bir də onun belə yekə-yekə danışmağı məni lap dəli edir. Kimsə onun rəsmlərini çox bəyənib, sərgisi haqqında yazı yazacaqmış, nə bilim, Avropada belə tanınacaq... Bəsdir yetər!

       – Yanındakı nə çamadandır belə?– İlhan soruşdu.

Dişində, deyəsən, qarğıdalı qalıb? Yox, qaranlıqda dişlərinin arasında nə qaldığını necə görə bilərdim?

       – Hə, gedirəm.

       – Hara?

       – Başqa hara gedəcəyəm?

       – Zarafat eləyirsən!

       – Yox, tam ciddi deyirəm.

       – Necə yəni? Bu hardan çıxdı?

       – Mənimki bura qədər idi, futbol macəram sona çatdı. Şirniyyatçı işinə gələndə, şükür, tələbat çoxdur. Bizim tərəflərdə bir şirniyyatçı dükanı tapıb işləyəcəm.

       – Demək, futbolu həyatından tamam sildin, eləmi?

       – Bəli, sildim.

Oturduğum kreslodan durdum. İşığı yandırdım. Axır ki, İlhanın gəmirdiyi yekə qarğıdalıdan nə qaldığını  görə bildim. Bu yaxşı oldu. Deməli, gözlərimin işığı  azalmayıb. Kafedən gələn musiqi səsi güclənir. Əllər havaya, hamı halaya! Qulağıma qəhqəhə, qab-qaşıq səsləri gəlir... İnsanlar, başqaları ümidlərini itirəndə, yolunda baş qoyduqları fikirləri sönəndə, necə olur ki, bu qədər laqeydliklə əylənə bilirlər? Heç cür anlaya bilmirəm.

Məndə olan ehtiyat açarı masanın üstünə qoyuram. Ödənilməmiş qəbzləri, kaktusumu, çox sevdiyim – içində təmir alətləri olan çantamı İlhan üçün qoyub gedirəm. Cib telefonumu və çamadanımı götürüb heç nə demədən mənzilin qapısına tərəf addımlayıram. İlhan da arxamca gəlir. Hələ də danışır. Belə getsə səhərə qədər danışacaq. Guya məni dilə tutmağa çalışır. Beynimdə qopan fırtınalardan xəbəri yoxdur hələ. Ona qulaq asmadığımı və qətiyyətli olduğumu görüb:

       – Yaxşı, dostum. Heç olmasa, səni yola salım - deyir.

Səsimi çıxarmıram. Nə qədər də olmasa beşillik münasibətimiz var. Əsas yola çıxan kimi  sarı bir taksiyə əlimlə saxlamağı işarə edirəm. Qabaqda  İlhan oturur, mən isə yük yerinə qoyduğum çamadanlara görə arxaya keçməyə məcbur oluram. Bax belə, mənim əziz evim, qan qardaşım, can yoldaşım, əlvida.

Maşın yerindən tərpənəndə İlhan soruşur:

       – Qatarla gedəcəksən?

       – Bu qatar söhbətini başlama da. Qatardan zəhləm getdiyini bilmirsən?

       – Niyə əsəbiləşirsən? Olqa ilə həmişə qatarla gedərdik. Sən də hərdən bizimlə gedərdin. Düşündüm ki, bəlkə, öyrəşmisən?

       – Avtobusla gedəcəyəm, – deyirəm.

       – Sürücü avtovağzala gedəcəyini başa düşür.

İlhan tez əlini cibinə salıb telefonunu çıxarır: 

       – Bir dəqiqə dayan! Olqaya da xəbər verim. Tez gəlsin. Səni bir yerdə yola salaq.

       – Hirslə:

       – Bax a! Olqaya zəng-zad eləmə!– deyirəm və o, üzümə qəribə-qəribə baxır.

Dinib-danışmırıq. Ürəyimə bu ayrılığın qəribə ağrısı çökür. Mən bu işıqlı şəhəri tərk edib haralara gedirəm? Amma geriyə dönüşü olmayan bir yoldayam. Qərarımı vermişəm... Yetər ki, məni bu yoldan qaytaracaq bir problem olmasın.  

Bu axşam hava necə də istidir. Köynəyimin yaxasını açıram. Çırtma vursalar qanım çıxar. Birdən-birə mənə nə oldu belə?  Şəhəri ovcuna almış  tıxac yaxamızdan əl çəkmir. Addım-addım irəliləyən maşın karvanını dağıtmaq, havaya tullamaq istəyirəm. Amma heyif ki, mən div deyiləm... Nəhayət, taksi vağzala yaxınlaşır.  

İlhan hələ də danışır. Rəsmləri yaxşıymış. Demə, bəzi insanlar gələcəyin  sənətini yaratdıqları üçün zamanında başa düşülmür. İlhan da belələrindəndir. Çox məşhur olacaq. Qalaq-qalaq pul qazanacaq. Böyük hərraclarda əsərləri satılacaq.   İlk işi də Olqa ilə evlənib üçümüzün birlikdə yaşayacağı bağ-bağatlı bir mülk almaq olacaq. O, Olqa ilə yuxarı, mən isə aşağı mərtəbədə yaşayacam. Uşaqlarından birinə mənim adımı qoyacaq. Onlar mənə “əmi” deyəcək. Məni doğma əmilərindən daha çox istəyəcəklər. Olqa da məşhurlaşacaq. Tanınmış rus rəssamı olacaq. Bizim İlhan həm də rus rəssamı Olqanın həyat yoldaşı kimi tanınacaq. Demə, Olqa da mənsiz yaşaya bilməz. Mən onun bu həyatda ən böyük arxasıyam. Mənsiz heç nə edə bilməz. Of! Başım! Ağrı yenə başladı deyəsən? Dəli şeytan deyir, İlhanın sifətinə birini ilişdir.

       – Sən nə qədər danışırsan! Çənənə arada bir dinclik ver də! Siqaret ver.

       – Götür. Dayan, mən yandırım. Əsəbiləşmə, Orxan. Bilirsən ki, biz sənsiz qala bilmərik.

Siqareti yandıranda, təəccüblə soruşuram:

       – Biz, yəni kim?

       – Kim olacaq? Mən və Olqa.

Olqanın nə dəxli var, anlamıram. Ay Allah! Siqaret yanıb filtrə çatanda avtobus sürücüsünün köməkçisi qışqırır:

       – Əskişəhərə gedən yüklü sərnişinlər sol tərəfdən yaxınlaşsın, zəhmət olmasa!

Dərindən köks ötürürəm. Gözüm yol çəkir. Bəlkə, öz-özümü aldadıram? Bu hərəkətimin düz, ya səhv olduğunu da bilmirəm. Bu gedişlə bəxtsizlikdən yaxamı qurtara biləcəyəmmi? Bu gediş ölmüş ümidlərimin pəncəsindən xilas edə biləcəkmi məni? Gözüm yenə  yol çəkir.  

Bu nədir belə?! Qəflətən Olqanın səsi qulaqlarımda əks-səda verir. Özümə gəlməmiş Olqa boynuma atılır. Zəif bildiyi türkcədə:

       – Orxan, – deyir. Sən necə bizi qoyub getmək. Heç sənə yaraşır?

Olqanın burada nə işi var?  Təəccüb dolu baxışlarla İlhana baxıram.

       – Ona ismarıc yazdım taksidə. Sağ olsun, dərhal gəldi. Həm də bilirsən, Olqa səni yola gətirməyi məndən yaxşı bacarır. Bəlkə, fikrindən döndərə bildi.

Hər dəfə Olqanı görəndə olduğu kimi, yenə halım dəyişir. İlhan bir andaca gözümdən qeyb olur. Sanki Olqa onun deyilmiş kimi bir hiss bürüyür məni.  Olqanın sarı saçlarına baxıram. İsti külək nazlana-nazlana qızın dərisini sığallayır.  Yalnız işıldaböcək belə parıldayır.

Olqa nəfəs dərmədən danışır. Olsun. Səhərə qədər danışsa  da onu dinləməyə hazıram. Qəti bezmərəm. Başım da ağrımaz. Olqanın adı gələndə mənim üçün sanki zaman dayanır. Hər dəfə eyni ağrı, eyni təəssüf hissi hər tərəfdən canıma hücum edir: “Kaş Olqanın əkiz bacısı olaydı – birini İlhan alaydı, birini də mən” deyə gecə-gündüz Allaha yalvarırdım. Günahkar, əzilmiş, yazıq, hətta lənətlənmiş Orxan olaraq ümidlərimi dəfn etdiyim yaşıl çəmənliyə sərdim. Olqa mənim olmalıydı. Amma Olqanın İlhanı sevdiyi  üçün bütün ümidlərimdən əl çəkdim. Özümü nə qədər sakit aparsam da Olqanın İlhana olan sevgisi məni günbə-gün əritdi. İlhan Olqanın gözündə ucalsın deyə otaq yoldaşıma həmişə kömək, arxa-dayaq oldum. Bu sevgidə – onların bu sevgisində bünövrəyə çevrildim. Ah, Olqa,  sənə qarşı olan bütün bu hisslərimə görə artıq getməliyəm. Həm də elə indi. Arxaya belə baxmadan bu şəhəri tərk etməliyəm.

       – Cavab, – Olqa gülümsəyir.

       – Nə deməliyəm ki?

       – İlhan səni çox istəyir, özün də bilirsən. Getsən ona çətin olacaq. Nə olar, mənim xətrimə qal.

       – Getməliyəm, Olqa. Xahiş edirəm, məni başa düşün.

       – Bu dəfə İlhan dillənir:

       – Xahiş edirəm, qal! Sən axı Olqanın qəlbini qırırsan.

Olqanın gözlərinə baxa-baxa Orxanı axtarıram, amma tapa bilmirəm. Mənim bu hekayətdə obrazım varmı? Bilmirəm. Bu filmdə baş rolda, ikinci, arxa planda kimlər idi? Başa düşmürəm. Fikrim qarışıb. Kələfin ucunu itirmişəm.  

       – Qərarım qətidir, Olqa, getməliyəm, – deyirəm. Səsim sürücü köməkçisinin hay səsinə qarışır.

Olqa qolumdan tutur. Zərif damarlarından axan qanının istiliyini hiss edirəm... Bu istiliyin təsirindən qopmaq,  ayrılmaq mümkün deyil. Sonra yenə o lənətə gəlmiş Orxan düşür yadıma. Adam da dostunun sevgilisinə qarşı belə hisslər keçirər?

Mən insanlığını itirmiş qəribə adam sürüsünün ən əzazil üzvüyəm. Getməliyəm, itməliyəm. Və... sönməliyəm.