“Aydın yol” Mahir N. Qarayevin tərcüməsində böyük rus şairi Mixail Yuryeviç Lermontovun (1814-1841) “Vəsiyyət” şeirini təqdim edir.
VƏSİYYƏT
Gəl əyləşək, qardaşım,
Gəl dərdləşək bir qədər:
Mən ömrümü yaşadım,
Lap az qalıb, deyirlər!
Evə gedirsən, ancaq
Nə deyim... bir sözüm yox;
Mənə canı yanacaq
Orda bircə kəsim yox.
İşdir, əgər bir adam
Gəlsə, soruşsa məni...
De ki, yaralanmışam,
Güllə dəlib sinəmi;
Qurban getmişəm çara,
Həkimlər də xamdı de,
Bir də doğma diyara
Məndən çoxlu salam de.
İnanmıram indiyə
Atam, anam sağ olsun...
Sağ olsalar da, niyə
Dərdim təzə dağ olsun;
De ki, işdə-gücdədir,
Çox tənbəldi yazmağa,
Alay da yürüşdədir –
Gözləməsinlər daha...
Bir də qonşu qız... ancaq
Biz ayrılan nə vaxtdır!..
Məni soruşmayacaq,
Yox, gözləmə, nahaqdır...
Sən danış, qoy dinləsin,
Boş qəlbə yanmayasan;
Qoy ağlasın, inləsin...
Nə var ki, bundan asan!
1840