Şervud Anderson
(1876–1941)
- Görkəmli Amerika yazıçısı
- Ohayoda anadan olub;
- Atasının ölümündən sonra ailəni saxlamaq üçün təhsilini yarımçıq qoyub;
- Əsərləri 1914-cü ildən nəşr olunmağa başlayıb;
- 1923-cü ildən özünü bütünlüklə ədəbiyyata həsr edib;
- Novellaları Uilyam Folkner, Tomas Vulf, Con Steynbek, Rey Brendberi kimi böyük Amerika yazıçıları tərəfindən örnək kimi qəbul olunub;
- “Vaynsburq, Ohayo” (1919)”, “Yumurtanın təntənəsi” (1921), “Adamlar və atlar” (1923) və digər məşhur kitabların müəllifidir.
HEÇ KİM BİLMİR
(hekayə)
Corc Villard ehtiyatla әtrafına baxıb masanın arxasından qalxdı. “Vaynzburq İql” redaksiyasındakı otağını tәrk edib arxa qapıdan küçәyә çıxdı. Hava mülayim vә buludlu idi. Hәlә saat sәkkiz olmasa da, redaksiyanın arxasındakı dalan zil qaranlıq idi. Haradasa dirәyә bağlanmış bir neçә at, ayaqlarını qaranlıqda quru vә bәrk torpağa döyәclәyirdi. Corc Villard küçәyә çıxarkәn kәnardakı pişik sıçrayaraq onun ayaqları altından keçib zülmәtin içindә yoxa çıxdı.
Gәnc jurnalist narahat görünürdü. O bütün günü işdә sanki hansısa zәrbәdәn tәsirlәnmiş adamlar kimi key-key dolaşmışdı. İndi isә küçәdә dayanıb nәdәnsә qorxurmuş kimi titrәyirdi.
Corc Villard ehtiyatla, sakit-sakit yeriyәrәk dar vә qaranlıq küçәdәn keçdi. Vaynzburq mağazalarının arxa qapıları açıq idi. Həmin qapılardan içәridә, lampaların işığında oturan adamları görmәk olurdu. Mayerbaumun xırdavat dükanında meyxana sahibinin hәyat yoldaşı xanım Villi qoluna sәbәt keçirib piştaxtanın yanında dayanmışdı. Satıcı Sid Qrin ona xidmәt göstәrmәk istәyir, piştaxtaya dirsәklәnib ciddi-ciddi nәsә danışırdı.
Corc Villard әyilә-әyilә qabağa getdi vә qapıdan küçәyә düşәn işığı sıçrayaraq keçdi. Qaranlıqda qaçmağa başladı. Ed Qirifisin meyxanası önündә qәsәbәnin qoca әyyaşı Cerri Börd yerә sәrәlәnib yatırdı. Corc qaçarkәn onun ayaqlarına ilişib sәndәlәdi. Sonra qırıq-qırıq sәslә gülәrәk yoluna davam elәdi.
Corc Villard macәra axtarışında idi. O bütün günü bu haqda düşünmüşdü, indi isә bu macәranı tapmaq ümidi ilә harasa gedirdi. Saat altıdan bәri redaksiyanın otağında oturub hәr şeyi götür-qoy etmәyә çalışmışdı. Amma nәsә bir qәrara gәlә bilmәmişdi. Sadәcә masanın arxasından ayağa qalxmış, mәtbәәdә hansısa yazını redaktә edәn Vill Hendersonun yanından tәlәsik keçib özünü küçәyә atmışdı.
Corc Villard qarşısına çıxan adamlardan yayınmağa çalışaraq küçә-küçә gәzirdi. Keçdiyi yollara tәkrar-tәkrar yenә qayıdırdı. Küçә lampasının yanından keçәndә papağını gözünün üstünә çәkirdi. Daha heç nә haqqında düşünmәk istәmirdi. Beyninin hansısa küncündә tәzә bir qorxu gizlәnmişdi. Qorxusu o idi ki, cәsarәtini itirәr, geri qayıdar vә axtarışında olduğu bu macәra baş tutmaz.
Corc Luiz Trunyonu qızın öz evindә, mәtbәx tərəfdə tapdı. O, kerosin lampasının işığında qab yuyurdu. Balaca daxmaya bәnzәyәn mәtbәx evin arxasında yerlәşirdi vә Luiz hәmin mәtbәxdә pәrdә asılmış açıq qapının yanında dayanıb işiylә mәşğul idi. Corc Villard çәpәrin arxasında dayandı. Bәdәninin titrәmәsinә mane olmağa çalışdı. Onu macәradan balaca bir kartof sahəsi ayırırdı. Qızı çağırmaq cәsarәtini özündә tapanacan beş dәqiqә dә keçdi.
– Luiz, eyy, Luiz, – deyә çağırdı. Sәsi boğazında ilişib qaldı vә boğuq bir pıçıltıya bәnzәdi.
Luiz Trunyon әlindә tutduğu qab әsgisi ilә kartof sahәsini ona sarı gәldi.
– Nә bildin ki, sәnlә görüşmәk istәyirәm? – Luiz üzündә qaşqabaqlı ifadә ilә soruşdu. – Necә әmin oldun?
Corc Villard cavab vermәdi. Aralarında çәpәr, qaranlıqda dayanıb bir-birilәrinә baxdılar. Luiz:
– Sәn indi get. Atam buradadır. Mәn gәlәcәm. Villiamzın anbarı tәrәfdә mәni gözlәyәrsәn, – dedi.
Gәnc jurnalist Luiz Trunyondan mәktub almışdı. Mәktub hәmin gün sәhәr qәzetin redaksiyasına göndәrilmişdi. Cәmi bir cümlә yazılmışdı: “Әgәr istәsәn, sәnin ola bilәrәm”. İndi çәpәrin o üzündә dayanan Luizin sanki aralarında heç bir şey yoxmuş kimi davranması Corcu әsәbilәşdirirdi.
– Bu qızın başı xarabdır, hәqiqәtәn dә, başı xarabdır, – deyә mızıldanan Corc küçә ilә üzüaşağı gәlib, qarğıdalı sahәsinin yanından keçdi. Sәkinin düz kәnarına qәdәr qarğıdalı әkilmişdi vә qarğıdalı kolları artıq böyüyüb onun çiyni hündürlüyündә olmuşdu.
Luiz Trunyon evdәn çıxanda әynindә bayaq qab yuyarkәn geyindiyi zolaqlı don var idi. Başına papaq qoymamışdı. Corc onun qapı ağzında dayandığını, әli ilә qapının dәstәyindәn tutub kiminlәsә söhbәt etdiyini görürdü. Çox güman, bu onun atası qoca Ceyk Trunyon idi. Atası qulaqları çox zәif eşitdiyindәn qışqıra-qışqıra danışırdı. Sonra Corc qapının örtüldüyünü gördü. Sakit küçәdә hәr yan qaranlığa vә sükuta qәrq oldu. Corcun titrəmәsi daha da güclәndi.
Corc vә Luiz Villiamzın anbarı yanında qaranlıqda dayanmışdılar. Onların heç biri danışmağa cәsarәt etmirdi. Qız elә dә gözәl deyildi vә indi burnunun yanında qara bir lәkә gözә dәyirdi. Corc fikirlәşdi ki, yәqin, mәtbәxdә hansısa qazanı götürәndәn sonra әlini burnuna vurub.
Gәnc oğlan gәrgin halda gülmәyә başladı.
– Fikir verirsәn, hava necә mülayimdi? – sözә başladı və əllәri ilә qıza toxunmaq istәdi. “Yox, deyәsәn, qorxuram. Kaş, heç olmasa, paltarının qoluna toxuna bilәydim. Ah, nә gözәl olardı!” – düşündü.
– Bilirәm, sәnә elә gәlir ki, mәndәn üstünsәn. Demәyinә gәrәk yoxdur, mәn özüm dә bunu hiss edirәm, – Luiz vәziyyәtdәn çıxmağa çalışaraq dedi vә oğlana daha da yaxınlaşdı.
Corc Villardın dili açıldı. Küçәdә qızla rastlaşarkәn onun gözlәrindә gördüyü ifadәni vә yazdığı mәktubu xatırladı. Bütün şübhәlәri özündәn uzaqlaşdırdı. Qәsәbәdә qızla bağlı gәzәn bәzi söz-söhbәtlәri dә yadına saldı vә bu ona daha da inam verdi. Özünü әsl kişi kimi hiss edib cürәtlәndi vә tәşәbbüsü әlә aldı.
Corcun ürәyindә qıza qarşı hәr hansı şәfqәt hissi yox idi. – Narahat olma, dediyimә qulaq as. Hәr şey yaxşı olacaq. Heç kәs xәbәr tutmayacaq, – deyә Luizi razı salmağa çalışdı.
Onlar gәzişmәyә başladılar. Arasından alaq otları çıxan kәrpic döşәnmiş dar sәkidәn keçdilәr. Bәzi yerlәrdә kәrpic yox idi. Sәki kobud vә әyri-üyrü idi. Corc qızın әlindәn tutdu. Qızın әli dә kobud idi. Amma Corca elә gәldi ki, onun әli balaca vә zәrifdir.
– Buradan o tәrәfә gedә bilmәrәm, – Luiz dedi. Səsi çox sakit vә tәlaşsız idi.
Onlar balaca çayın üstündәki körpünü keçdilәr. Başqa qarğıdalı sahәsinin yanına gәlib dayandılar. Küçә hәmin yerdә qurtarırdı. Yolun kәnarındakı dar cığırda artıq yan-yana deyil, ard-arda getmәyә mәcbur qaldılar. Bir az aralıda Vill Overtonun gilәmeyvә sahәsi var idi. Sahәyә bir xeyli taxta tökülmüşdü.
– Vill gilәmeyvәlәri saxlamaq üçün anbar tikmәk istәyir, –
Corc dedi.
Sonra taxtaların üstündә oturdular.
Corc Villard “Meyn” küçәsinә qayıdanda saat onu keçmiş, yağış başlamışdı. O, “Meyn” küçәsini üç dәfә o baş- bu başa gedib-gәldi. Silvester Vestin dükanı hәlә dә açıq idi. Corc içәri girib siqaret aldı. Satıcı Şorti Krandol onunla birgә qapıya çıxanda sevindi. Onlar beş-on dәqiqә mağazanın qabağında dayanıb söhbәt etdilәr. Bu söhbәt onu bir az rahatladı. Bayaqdan bәri hәr şeydәn çox kiminlәsә söhbәtlәşmәk arzusunda idi. Corc küçәni burulub astadan fit çala-çala “Nyu Villard Hauz” tәrәfә addımladı.
Vinneyin parça mağazasının yanındakı sәkidә, üstünә sirk rәsmlәri vurulmuş taxta çәpәrin qarşısında sakitcə dayanıb, sanki kimsә onu çağırırmış kimi әtrafı diqqәtlә dinşәmәyә başladı. Sonra yenә gülümsədi.
– Daha mәnim әleyhimә demәyә bir sözü olmayacaq. Çünki heç kim heç nә bilmәyәcәk, – әminliklә dillәndi vә yoluna davam etdi.
İngilis dilindən tərcümə edən:
Təvəkkül Zeynallı