Elektron ədəbiyyat və sənət portalı

Somerset Moemin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 10.03.2021

Böyük ingilis nasiri, dramaturqu, esseisti və ədəbi tənqidçisi Uilyam Somerset Moemin (1874–1965) 65 illik yaradıcı ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr və s. ilə zəngin olub. Onun “Lambetli Liza” adlı romanının nəşr olunduğu ilk kitabı 1897-ci ilə, sağlığında işıq üzü görən “Keçmişə nəzər” adlı avtobioqrafik qeydlərdən ibarət son kitabı isə 1962-ci ilə təsadüf edir. 

Moem birnəfəsə, rahat oxunur. Amma bu rahatlığın arxasında üslub üzərində ağır və cilalı iş, yüksək peşəkarlıq, söz və düşüncə mədəniyyəti dayanır. Somerset Moem kiçik hekayə-novellaları ilə böyük fəlsəfi fikirlər irəli sürür, oxucuları düşündürür, onları sanki həyatın çətinliklərinə hazırlayır.

“Çətin günün dostu” hekayəsi də bu qəbildən olan əsərlərdəndir.

 

Çətin günün dostu

(hekayə)

Otuz ilə yaxındır ki, ətrafımı tanımağa çalışıram. Onlar haqda çox şey bilmirəm. Özümə xidmətçi götürəsi olsaydım, yəqin, xarici görkəm seçimimə təsir etməzdi. Bununla belə, mənə elə gəlir ki, insanları əksər hallarda xarici görünüşünə görə qiymətləndiririk. Çənəsinin formasına, gözlərinin ifadəsinə, dodaqlarının cizgisinə fikir verib kiminsə barədə birmənalı və yekun nəticə çıxarırıq. Nə dərəcədə düzgün qərar verdiyimizi deyə bilmərəm. Ancaq yazıçılar yaratdıqları xarakterlərə birdəfəlik ya müsbət, ya da mənfi çalar verdiyinə görə, yazdıqları roman və pyeslər çox vaxt həyatla səsləşmir. Onlar başqa cür edə də bilməzlər, əks halda xarakter ziddiyyətli alınar. Lakin hər birimizin içi təzadlarla doludur və özümüz də bilmədən bir-birinə zidd olan həmin keyfiyyətlərin təsadüfi daşıyıcılarına çevrilmişik. Məntiqə dair kitablar təlqin edir ki, “sarı” rəngin “boru” formasında, yaxud da “minnətdarlıq” məfhumunun “hava”dan ağır olmasını iddia etmək cəfəngdir. Ancaq o cür cəfəng və mənasız fikirlərin bir-birinə qarışması ilə formalaşan düşüncəmiz həmin sarını rahatca at arabasına, minnətdarlığı isə gələn həftənin ortasına keçirə bilir. Bəzən insanlar məni inandırmağa çalışır ki, ilk təəssüratları onları heç vaxt yanıltmamışdır. Onların bu cəhdinə yalnız çiynimi çəkməklə münasibət bildirirəm. Əksinə, mənim qənaətim belədir ki, bir adamı nə qədər yaxından tanısan, sənin üçün bir o qədər sirli aləmə çevriləcək: köhnə tanışlarım da məhz o adamlardandır ki, onlar barədə demək olar ki, heç nə bilmirəm.

Belə qəribə düşüncələrə qərq olmağıma səbəb bu gün səhər qəzetində oxuduğum aşağıdakı məlumat oldu: “Edvard Hayd Barton Koba şəhərində vəfat edib”.

O, tacir idi və uzun illər Yaponiyada bizneslə məşğul olmuşdu. Öncədən haqqında çox şey bilmirdim. Lakin bir dəfə məni sözün əsl mənasında təəccübləndirdiyindən onunla maraqlanmağa başladım. Hadisəni öz dilindən eşitməsəydim, onun belə hərəkəti etdiyinə heç vaxt inana bilməzdim. Etdiyi hərəkət həm də ona görə heyrətedici idi ki, istər xarici görünüşünə, istərsə də davranışına görə tamam fərqli xarakterə malik şəxs kimi görünürdü. Həqiqətən də, mükəmməl təsir bağışlayırdı.

Bartonun boyu bəstə idi – 5 fut 4 düymdən artıq olmazdı. Cılız bədəni, ağ saçları, qırışmış qırmızı sifəti və göy gözləri var idi. O vaxt biz tanış olanda, onun təqribən altmışa yaxın yaşı vardı. Yaşına və mövqeyinə uyğun olaraq həmişə səliqəli və ciddi geyinərdi. Ofisi Kobada yerləşsə də, tez-tez Yokohamaya gəlirdi. Bir dəfə gəmi gözləyərkən, neçə günsə Yokohamada qalası oldum. Bizi “British” klubda tanış etdilər: birlikdə bric oynadıq. O, yaxşı oynayırdı və çox səxavətli idi. Həm oynayarkən, həm içki içən zaman az danışardı, bununla belə, söylədikləri fikirlər kifayət qədər təsirli olurdu. Sakit, incə yumor hissinə malik idi. Klubda o qədər məşhurlaşmışdı ki, getdikdən sonra arxasınca ən xoş sözlər deyilərdi. Elə oldu ki, hər ikimiz Grand Hoteldə qalası olduq və növbəti gün məni nahara dəvət etdi. Orada onun kök, ortayaşlı, gülərüz həyat yoldaşı və iki qızı ilə də görüşdüm. Hiss olunurdu ki, xoşbəxt və sevimli ailəsi var. Barton çox mehriban idi. Həlim, göy gözlərində sanki rəhm və mərhəmət gizlənmişdi. Səsi də mülayim idi. Təsəvvür etmək olmazdı ki, o, əsəbiləşəndə bu cür mülayim səs tonu yuxarı qalxa bilər. Onun gülüşündən də insanlıq yağırdı. Yəni bu adam ona görə hamını özünə cəlb edirdi ki, görkəmi ilə ətrafındakılara əsl sevgi və qayğı hissi ötürə bilirdi. Onda bir cazibə var idi.

Ancaq bu kimi xüsusiyyətlər şit görünmürdü: o, kart oynamağı və kokteyl içməyi sevirdi, maraqlı və duzlu hadisələr danışmağı bacarırdı, gənc yaşlarında yaxşı idmançı da olmuşdu. O, varlı idi və əldə etdiyi var-dövlətin ən xırda qəpiyini də özü qazanmışdı. Mənə elə gəlir ki, onu bu qədər cəlbedici edən arıq və bəstəboy olması idi: adamda onu müdafiə etmək və qorumaq instinkti baş qaldırırdı. Hiss olunurdu ki, Barton qarışqanı da incitməyəcək bir ürəyə sahibdir.

Bir dəfə günorta vaxtı Grand Hotelin gözləmə zalında oturmuşdum. Hələ zəlzələ baş verməmişdi və zalda dəri kreslolar mövcud idi. Pəncərədən geniş, tıxacla dolu limana mənzərə açılırdı. Sahildə Şanxay, Honkonq, yaxud da Sinqapurdan keçməklə Vankuverə, San-Fransiskoya, Avropaya istiqamətlənəcək böyük laynerlər durmuşdu. Bütün ölkələrin bayraqları altında üzən, dəniz sularının döyəcləyib əzdiyi yük gəmiləri, hündür gövdəsi, böyük və rəngbərəng yelkənləri ilə conkalar və saysız-hesabsız şampanlar dəniz sularında ləngər vururdu. Hər tərəf əməlli-başlı qaynayırdı. Ancaq hələ də anlaya bilmirəm ki, limandakı bu canlanma qəlbimizi necə rahatlaya bilirdi. Orada sanki bir romantika var idi və adama elə gəlirdi ki, əlini uzatmaqla ona toxunmaq olar.

Bir az sonra, Barton gözləmə zalında göründü. Məni görüb yaxın gəldi və yanımda əyləşdi.

– Bəlkə, əlüstü bir içki içək? – deyərək əllərini bir-birinə vurub ofisiantı çağırdı və ikinəfərlik cin-kokteyli sifariş etdi.

Ofisiant sini ilə geri qayıdarkən, küçədən keçən bir tanışım pəncərədən məni görüb əl elədi. Başımı tərpətməklə ona cavab verdim.

– Siz Törnerlə tanışsınız? – Barton görüb soruşdu.

– Biz klubda tanış olmuşuq. Deyilənə görə, ailəsinin göndərdiyi pulların hesabına burada qalır.

– Hə, məncə də, elədir. Burada onun kimilər istənilən qədərdir.

– Çox gözəl kart oynayır, xüsusən də brici.

– Əksəriyyəti belədir. Keçən il burada bir oğlan var idi, qəribə də olsa, adaşım idi, mənimlə eyni soyadı daşıyırdı, hələ həyatımda elə bric oynayan görməmişdim. Londonda onunla qarşılaşmamısan ki? Özünü Lenni Barton kimi təqdim edirdi. Böyük ehtimalla, əvvəllər hansısa kübar klubun üzvü də olub.

– Yox, belə bir ad xatırlamıram.

– Çox möhtəşəm oynayırdı. Elə bil kartları hiss edirdi. İnanılmaz şəkildə. Bir müddət Kobada yaşadı və həmin müddətdə onunla vaxtaşırı oynayırdım.

Barton şərabdan bir qurtum içdi.

– Məzəli bir tarixçədir, – dedi, – pis oğlan deyildi, ondan xoşum gəlirdi. Həmişə yaxşı geyinərdi, gözəl görünərdi. Qıvrım saçları və al-qırmızı yanaqları ona yaraşıq verir, qadınların nəzərini özünə cəlb edə bilirdi. Heç kimə zərər verməzdi, sadəcə avaralıq edirdi. Əlbəttə ki, çox içirdi. Belələri üçün içkinin həddi olmur. Üç aydan bir evdən ona bir az pul göndərirdilər, özü də kart oynamaqla az-maz qazanırdı. Hər halda bilirəm ki, mənim də az pulumu udmamışdı. – Barton mehribancasına gülümsədi. Öz təcrübəmdən bilirəm ki, o, bric oynayarkən uduzmağı bacarır və bunu təbəssümlə qarşılayır. Barton arıq əlləri ilə qırxılmış çənəsini sığalladı; şəffaf əlinin üzərində şişkin damarları görünürdü. – Hesab edirəm ki, həm buna görə, həm də adaş olduğumuz üçün günlərin bir günü pulları qurtaranda məni görmək üçün ofisimə gəldi, məndən onu işə götürməyimi xahiş etdi. Bunu eşidib təəccüblənmişdim. Başa saldı ki, evdən daha pul gəlmir və ona iş lazımdır.

– Neçə yaşın var? – soruşdum.

– Otuz beş.

– İndiyədək nə ilə məşğul olmusan?

– Ciddi bir işlə məşğul olmamışam, – dedi. Gülüşümü saxlaya bilmədim.

– Deyəsən sənə hələ ki, heç cür kömək edə bilməyəcəm, – dedim. – Qoy bir otuz beş il də keçsin, sonra yanıma gələrsən, baxarıq.

O, yerindən tərpənmədi. Rəngi qaçdı. Tərəddüd içində dayanıb baxdı və ardınca izah etməyə başladı ki, son vaxtlar kartda əli gətirmir. Artıq bric oynamaqdan bezib pokerə keçəndən sonra hər şeyini itirib. Onun bir qəpiyi də qalmamışdı. Əlində olan hər şeyi qumara qoymuşdu. Hotelə ödəməyə də heç nəyi qalmamışdı və daha heç kim ona borc vermək istəmirdi. O, dilənçi vəziyyətində idi. Əgər heç bir iş tapa bilməsə, özünü öldürməkdən başqa çarə görmürdü. Diqqətlə ona baxdım. Başa düşdüm ki, o, artıq tükənib. Görünürdü ki, son günlər adi günlərdən daha çox içir. Bu görkəmdə ona əlli yaş vermək olardı. Qadınlar onu bu görkəmdə görsəydilər, heç bir əhəmiyyət verməzdilər.

– Yaxşı, kart oynamaqdan savayı nə isə başqa bir şey bacarırsan? – soruşdum.

– Üzə bilirəm, – cavab verdi.

“Üzə bilir” – yanımda iş axtaran biri üçün bundan daha axmaq bir cavab ola bilməzdi.

– Universitetdə oxuyarkən üzgüçülükdə hamıdan fərqlənirdim, – dedi.

Bununla sanki mənim rəğbətimi qazanacağını düşünürdü.

– Mən də cavanlıqda yaxşı üzgüçü olmuşam, – dedim.

Birdən belə bir fikir ağlıma gəldi.

Hekayəsinə qəfil ara verən Barton, məndən soruşdu:

– Siz Kobanı yaxşı tanıyırsınız?

– Yox, –  cavab verdim, – yolüstü cəmi bir gecə orada qalmışam.

– O zaman “Şioya” klubu da tanımazsınız, – dedi. – Cavan olanda mayakın ətrafından Tarumi çayının mənsəbinədək üzmüşəm. Məsafə üç mildir çox çətin işdir.

– Yaxşı, gəl belə edək, – deyə, adaşıma həmin yerdə üzməyim barədə məlumat verdim və söz verdim ki, əgər oranı üzüb keçə bilsə, onu işə götürəcəm. O bir az duruxdu.

– Axı dedin ki, yaxşı üzürsən.

– Hazırda yaxşı formada deyiləm.

Ona heç nə demədim və yalnız çiynimi çəkdim.

O mənə baxıb başı ilə razılaşdığını bildirdi.

– Danışdıq, –  dedi. – Nə vaxt üzüm?

Mən saatıma baxdım. Saat 11-ə az qalırdı.

– Üzməyə təqribən bir saat on beş dəqiqə vaxtın gedəcək. Saat birin yarısında çayın mənsəbində olacam və səni qarşılayacam, sonra geriyə, paltarını dəyişmək üçün kluba gətirəcəm və birlikdə nahar edəcəyik.

– Oldu.

Biz əl tutduq. Uğurlar arzuladım və o getdi.

 

– Həmin səhər işlərim çox idi. Saat birin yarısında Tarumi çayının mənsəbinə güclə çatdım. Ancaq nahaq yerə tələsirmişəm. O gəlib çıxmadı.

– Son anda qorxub suya tullanmayıb, eləmi? – soruşdum.

– Yox, qorxmayıb, – dedi. – O, suya tullandı və üzməyə başladı. Ancaq sərxoşluq və veyillik səhhətini pis günə qoymuşdu. Mayakın yanındakı axına tab gətirə bilməmişdi. Meyitini yalnız üç gün sonra tapa bildik.

Bir müddət susdum və heç nə deyə bilmədim. Dəhşətli sarsıntı keçirmişdim. Sonra Bartona bir sual verdim:

– Ona iş təklif edəndə, bilirdiniz ki, batacaq?

Barton sakitcə gülümsədi. Rəhm və mərhəmət yağan göy gözlərini mənə zilləyib çənəsinə əl gəzdirərək dedi:

– Bilirsən, həmin vaxt, həqiqətən də, ona təklif etməyə işim yox idi. 

Tərcümə edən: İlqar Qarayev