Elektron ədəbiyyat və sənət portalı

Sabir Rüstəmxanlı – “Qarabağa dönüş”

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 29.03.2021

Yaxın günlərdə Azərbaycanın Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Qarabağa dönüş” adlı kitabı işıq üzü görüb.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən, Azərbaycan əsgərinin qəhrəmanlığından, xalqımızın illər uzunu öz müstəqilliyi uğrunda apardığı mübarizədən bəhs edən kitabın müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq internet məkanında yayınlanması  nəzərdə tutulur.

“Aydın yol”  poemadan bir hissəni oxucuların nəzərinə təqdim edir.

 

Vur, qəhrəman əsgərim, “Xocalı” bağırıb, vur!

Yad əllərdə inləyən torpağın xətrinə, vur!

Min-min evim dağılmış, kəndlər qalmış virana,

Daşları buz bağlamış ocağın yerinə vur.

Köstəbək yuvasında gizlənməkdir əlacı,

Dağıt bu son deşiyi, mərmini dərinə vur!

Ziyarətgah zirvələr gözləyir gözü yolda,

Bu işğalı bitirib, zülmün mehvərinə vur!

Nəbinin yolu bağlı, Həcərin əli bağlı,

Xatırla bu torpaqda at oynadan kəsləri.

Düşmən top-tüfəngliydi, onun silahı qeyrət,

Hələ itib-getməmiş Soltan bəyin izləri.

Düşməni susuz qoyub çəkilsə də içinə,

Hər qayanın altından fışqırar kəhrizləri.

Sən aranda, o dağda, sanır ələkeçməzdir.

Qayada yuva açsın poladlaşan dizlərin!..

Havalan zirvələrdə, mən də gəlim dalınca,

Daha kəsməz yolumu çovğunlu qar, nəmli sis.

Düşmən başıalovlu tərk edir cənnətimi.

Bilir çoxdan çatıbdır geri dönmək vədəmiz.

Tərtər yenə oxuyur Kəlbəcər nəğməsini,

Nə qədər qan yusa da, bizə baxır tərtəmiz.

Gedənlərə qoşulub zirvəsindən enmədi

Murovdan, Dəlidağdan uca Şəmşir dədəmiz...

Yazılı daşlarıma mən də bir tarix yazım.

Daşlar da dil açacaq diri sözlə yazılsa,

Getdi şair dostlarım, bu yurdlardan nigaran,

Həsrətləri soyumaz hər qaya bir saz olsa.

Bəhmənlə Məmməd Aslan – ilhamları tükənməz,

Bir ağız da mən deyim, dedikləri az olsa.

Gözümdə bu dağların hər qayası altındı.

Qızıl nəyimə gərək, insanları qızılsa.

Hələ də xatırlayır tənha Ceyran bulağı

Üstünə Şəmşirlə bir Vurğun gələn çağları.

Şücaət İstisuya bir də uçmaq istəyir,

"Quş yerinə olaydım!" – titrəyir dodaqları.

İmtahan bitməsini gözləyir Ənvər Rza

Tez qayıtsın kəndinə başında uşaqları!

Gəzsin xalq arasında – sazından sözünəcən,

Qürbət olmuş Göyçənin Ələsgər soraqları.

Laçın düşmən əlində, hələ dirənib durur,

İşıqlı dağlarım var, qalxır qəm dumanından.

Şair Ağa Laçınlı – Bakıdadır məzarı,

Ruhu ayrıla bilmir anasının yanından.

Mıxtökəndən at üstə aşsın Hüseyn Kürdoğlu

Görsün nişan qalıbmı burda ilk ünvanından.

Yenə Turşsu üstündə qurulsun məclisimiz

Görək hansı sözümüz çıxır saz tufanından!

Tələs, igid əsgərim, havalar soyuqlaşır.

Təpələr çallaşmada, bir azdan qış gələcək.

Süleyman Rəhimlidən hər il bir yeni roman,

Adına neçə eldən neçə alqış gələcək...

Qaraoğlu Əlinin qələmində "Qəhrəman'',

Zəngəzurdan nə yazsa, millətə xoş gələcək...

Endirib Balayana tərs şapalaq şerini

Dilində lətifəsi Eldar Baxış gələcək.

Azıx tarixə giriş – ağız açıb çağırır,

Hər kurqan sirrə pərdə, demə adi təpədir.

Bu gücüm, bu ilhamım Füzuli yadigarı,

Diri dağlar ucalsın, diriliyi əbədi!

Bir parçamız bu yanda, bir parçamız o yanda,

Arada Xudafərin, bütövlüyün məbədi.

Günahımız çox olub, savaşla təmizlənər

Haqq-ədalət yolunda ölmək də bir tövbədi...

Yüz min əl uzadacaq bizə çinar meşəsi

Nə Oxçu quruyacaq, nə xatirə bitəndir!

Qayıdım Araz boyu Qarabağ düzlərinə

Yüz illərin həsrəti ürəyimi didəndir...

Əl edir Qarabağa qaradağlı qardaşlar,

Qırx milyon insanıyla ora da bir Vətəndir.

Nə sərhəd çəkilməklə millətim ayrılacaq,

Nə birləşmək arzusu, nə də sevgi bitəndir.

Qoy torpağı titrətsin üfüqdən üfüqəcən

İlxı-ilxı şığıyan Qarabağın atları.

Ağdamı xəritədən silmək istədi düşmən,

Bilmədi açılacaq poladdan qanadlarım.

Yenə Xudu müəllim Mərzilidən yol başlar,

Dirilər naxış-naxış tariximin qatları.

Qarabağ ağrısını yenə muğam diliylə

Yayar qitələr boyu Şuşanın övladları...

Cəbrayıldan keçirəm – fəxri vətəndaşıyam.

"Dünyanı arşınlayan” Sabirin yurdudur bu,

Molla Pənah Vaqifdən Bayatlı Vaqifəcən

Sözüylə, nəğməsiylə basılmaz ordudur bu.

Sona bülbül oxuyur yenə Qədir səsiylə

Sanki fələkdən axan bir mübarək sudur bu.

İlahi, Qarabağım yenə öz yerindədir,

Nə müqəddəs ziyarət, nə böyük arzudur bu!

Tək öz şərəfin üçün vuruşmursan, əsgərim,

Bir qeyrət zirvəsinə ucalmısan! Bərk dayan!

Çiyninə yüklənibdir yüz illərin qayğısı,

Keçdiyin qanlı yolla tarixdir addımlayan,

Dön, yanında səflənən igidlərə nəzər sal,

Talış, ləzgi, kürd, avar... bir meydana baş qoyan.

Bir Vətən nəğməsidir hamımızın qisməti,

Hamımızın anası. Od Yurdu Azərbaycan!

Pənah xanın qalası Şahbulağın üstündə...

Düşmənin qanlı əli o suya dəyəndə, vur!

Tikiləcək kəndlərim, sonsuz cah-calalıyla,

Erməni dil uzadıb "Miatsum" deyəndə, vur!

Dəmir quşlar uçuşsun qartallarla yanaşı,

İlanı yuvasında, bayquşu göyündə vur!

Boğazı əlindəykən "barış" deyib yalvaran

Yenə yalan üyüdüb, sözünü əyəndə, vur!

...Mən sizə bu savaşda ölməyi əmr edirəm,

Siz ölümə gedəndə ölüm sizdən qaçacaq.

Bu şəhərin yolunu üzümüzə açsanız

Allah da dərgahında sizə qucaq açacaq.

Mən sizə bu savaşda ölməyi əmr edirəm

Ancaq ölüm gəlmədən düşməni öldürməyi.

Başqasının yurduna göz dikəni ağladıb

30 il yas tutanın üzünü güldürməyi!

Mən sizə bu savaşda ölməyi əmr edirəm,

Ölümün qucağına dirilik sinməlidir.

Əmrim ölüm olsa da, ancaq bu son savaşdan

Əsgərim qələbəylə, sapsağlam dönməlidir!

Qarşıda sıldırımlar, dik qayalar baş-başa,

Gərək qartal olasan, gərək qanadın ola.

Ya da bu qayalardan səni alıb qaldıran

Bir uçuş ehtirasın, dəli inadın ola.

Daşlar soyuq, sürüşkən, altda dibsiz uçurum,

Qayaların başında qaniçən əsgər min-min.

Yağış ol, dumana dön, düşmən duyuq düşməsin

Gözündəki şimşəyi görənə kimi sənin.

Ölüm-dirim anında haqdan gələn bir nida

Kəlmeyi-şəhadəttək ürəklərdə bəslənir.

Bu əmrin ilk vətəni Çanaqqala olmuşdu,

Yüz ili adlayaraq Şuşada da səslənir.