Elektron ədəbiyyat və sənət portalı

Şarl Bodlerin etüdləri  

Bölmə: Azad ərazi 12.04.2021

 Böyük fransız şairi Şarl Bodlerin (1821–1867) yaradıcılığı ilə yaxından tanış olanlar, onun Parisə sevgisinin təzahürü kimi yazdığı nəsr əsərlərini də oxuyublar. Şairin məlum sonetləriylə səsləşən, nəsrlə yazılmış şeirləri (etüdləri) hələ ötən yüzilliyin başlanğıcında rus dilinə çevrilib. Bu əsərlər artıq ədəbiyyatda yeni bir  poetik janrın – şəhərlər haqqında şeirlərin (Qonqoranın Madrid, Uilyam Bleykin London, Rayner Mariya Rilkenin Paris haqqında şeirləri) silsilə kimi yaranmasının mövcudluğundan xəbər verirdi.

“Aydın yol” Bodlerin etüdlərini oxuculara təqdim edir.

 

Gecə saat birdə

Əlbəttə, mən təkəm! Arabir ötüb-keçən, gecikmiş və yorulmuş faytonların səsindən başqa səs-səmir yoxdur. Rahatlıq tapmasam da, heç olmasa, sakitlik bir neçə saatlıq qismətim olur. Yaxamdan əl çəkməyən insan sifətləri yox olub getdi və mən  öz əzabımla tək qaldım.

Mənə toranlığa dalmaq ixtiyarı verilib! Hər şeydən öncə, açar iki dəfə burulur. Qapı mənə təslim olur, elə bil buna görə tənhalığım daha da böyüyür və məni dünyadan ayıran qalın divar səddinə çevrilir.

Dəhşətli həyat! Dəhşətli şəhər! Günə yekun vuraq. Bu gün bir neçə yazıçı gördüm. Biri məndən soruşdu ki, quru yolu ilə Rusiyaya getmək olarmı? (Görünür, o, Rusiyanı da ada sayır); bir jurnalın redaktoruyla uzun-uzadı, ciddi söhbət elədim. Hər etirazıma cavab verirdi: "Biz namuslu adamlarıq". Məgər bütün qalan jurnallara dələduzlar rəhbərlik edir? Salamlaşdığım iyirmi nəfərdən  on beşini tanımıram. Bir o qədər də əlcəksiz əlləri sıxdım; yağış başlayanda, vaxt öldürmək üçün bir aktrisaya baş çəkdim, o da məndən, ona Veneranın kostyumunu çəkməyi xahiş etdi; teatrın direktorunun dalınca düşdüm, vidalaşanda dedi: “Siz, H.-yə müraciət etsəniz, yaxşı olar, o mənim əsərlərini tamaşaya qoyduğum ən sanballı, ən kobud, ən məşhur müəlliflərdən biridir. Onun köməyi ilə siz nəyəsə nail ola bilərsiniz. Onunla görüşün, sonrasına baxarıq"; heç zaman göstərmədiyim bir neçə miskin qəhrəmanlığımla öyündüm, məmnuniyyətlə etdiyim bir neçə rəzil işi namərdcəsinə dandım; dostuma qulluq göstərməkdən imtina etdim, bir səfeh üçün tövsiyə məktubu verdim… Məgər bu, hamısıdı?

Mən sakitlikdə, gecənin tənhalığında hər şeydən uzaqlaşmaq, yenidən özümə bir az hörmət qazanmaq istərdim. Sevdiklərimin, vəsf etdiklərimin ruhları, mənə təpər verin, dünyanın yalanlarını məndən rədd edin! Sənsə, İlahi, mənə bir neçə yaxşı şeir yazmaq imkanı ver! O şeirlər ən azı özümə sübut etsin ki, dünyada ən alçaq adam heç də mən deyiləm.

 

Güzgü

İdbar adam içəri keçib güzgüdə özünə tamaşa eləyir.

 

–          Güzgüyə niyə baxırsınız? Öz simanız axı xoşunuza gəlmir?

İdbar adam mənə cavab verir:

–          Cənab, 1789-cu ilin əbədi prinsiplərinə əsasən, insanlar bərabərhüquqludur . Bu səbəbdən mən də  güzgüdə özümə baxmaq hüququna malikəm – məmnuniyyətlə, yaxud narazılıqla – bu  artıq vicdan məsələsidi.

Sağlam düşüncə baxımından, şübhəsiz ki, haqlıydım, amma o da qanun baxımından səhv eləmirdi.

İt və ətir

–          Sevimli köpək, xeyirxah köpək, mənim əziz köpəkciyim, yaxın gəl, şəhərin ən yaxşı əttarından alınan bu gözəl ətiri iylə!

İt quyruğunu bulayaraq – məncə, bu, bu zavallı məxluqlarda gülüş, təbəssüm anlamına gəlir – yaxınlaşır, yaş burnunu maraqla açıq ətir şüşəsinə tutur, sonra qəfildən dəhşətlə geri atılıb sanki məzəmmətlə mənə hürür.

–          Ah, bədbəxt köpək, əgər mən sənə peyin versəydim, onu ləzzətlə iyləyərdin, hətta bəlkə də, yeyərdin. Ey mənim kədərli həyatımın ləyaqətsiz müşayiətçisi, deməli, sən də kütləyə bənzəyirsən. Bu kütləyə heç zaman zərif ətir qoxulatmaq olmaz, xoş ətir kütləni qəzəbləndirir, ona diqqətlə seçilmiş tullantılar lazımdı...

Qarının ümidsizliyi

Cılız, üzü qırış içində itmiş qarıcığaz hamının fərəhləndiyi, heyran qaldığı gözəl-göyçək körpəni görəndə sevincdən  nur saçdı. Uşaq da qarı kimi zərif, dişsiz, tüksüz, gözəl bir məxluquydu.Və qarı uşağa xoş bir təbəssümlə gülümsəmək istəyi ilə yaxın gəldi. Ancaq uşaq nə qədər məsum olsa da, qocalıb əldən düşmüş qarının öpüşlərindən çırpınıb qışqırdı. Bu zaman xeyirxah qarıcığaz özünün əbədi tənhalığına çəkilib, bir küncdə ağlayaraq düşündü: “Ah, bizim, biz qarıların hətta günahsız məxluqların xoşuna gəlmək zamanı da keçdi”.

 

Səyyah

–          Hamıdan çox kimi sevirsən, qəribə adam? Atanı, ananı, bacını, qardaşını?

–          Mənim nə atam, nə anam, nə bacım, nə qardaşım var.

–          Dostlarını?

–          Siz mənası hələ də mənə məlum olmayan sözlər deyirsiniz.

–          Vətəni?

–          Mən bilmirəm, Vətən axı, hardadı?

–          Gözəlliyi?

–          Mən onu yalnız İlahi, əbədi bir obrazda sevərdim.

–          Qızılı?

–          Mən ona nifrət eləyirəm, sizin, Tanrını görməyə gözünüz olmadığı kimi.

–          Bəs nəyi sevirsən, qəribə səyyah?

–          Mən buludları sevirəm, uçan buludları, möcüzəli buludları!

 

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı