Dahi Azərbaycan şairi Nizami Gəncəvinin lirikasından bu günümüzə gəlib çatan bədii nümunələr şairin zəngin yaradıcılığının çox az hissəsini təşkil etsə də, bu əsərlər ideya dərinliyi, bədii ifadə kamilliyi, təsir gücü etibarilə epik əsərləri ilə bir sırada dayanır.
Görkəmli Azərbaycan alimi Cəfər Xəndanın dahi şairin lirik qəzəllərindən tərcümə etdiyi “Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm”, “Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz”, “Sənsiz ölürəm, nigar, tez gəl”, “Nə gözəl, nə xoş gəlibdir belə daimi qəmin, yar”, “Gözüm aydın, gözümə surəti-canan görünür” kimi əsərləri dillər əzbərinə çevrilib.
Əliağa Vahidin tərcümə etdiyi “Vəslin həvəsi ömrümü son anə yetirdi”, “Mənimtək köhnə bir dostu neçin qəmxar saxlarsan?”, “Sərxoşluq edən dövlət huşyar olacaq bir gün”, “Könlüm sitəminlə canə yetdi” kimi qəzəlləri bu gün də muğam ifaçıları tərəfindən böyük sevgi ilə oxunur.
Dahi şairin “Ey nigarım, könlümü çaldın, füsunxan olma, gəl!”, “Fəxr elə yar ki, barını çəkirəm”, “Yaxşı bir söz deginən, ta şəkər ərzan olsun”, “Dinlədi harda könül yarımızın söhbətini”, “Hər gecə tədbir görür könlüm sənin hicranına”, “Diləyirdim: mənə sən bir gecəlik yar olasan!”, “Görün, önündə aşiqin şiri necə şikar edər”, “Üzün müştaqiyəm, ey dust, nədən bir an görünməzsən?”, “Hüsnün gözəl ayətləri, ey sevgili canan” və s. kimi qəzəlləri hələ 60-70-ci illərdə Xalq şairləri Süleyman Rüstəm, Məmməd Rahim, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Xəlil Rza Ulutürk tərəfindən ustalıqla tərcümə edilib.
“Aydın Yol” həmin tərcümələri oxucularının nəzərinə təqdim edir.