Müsahibimiz şair- tərcüməçi Mahir N.Qarayevdir
– Mahir müəllim, dünya ədəbiyyatından bir sıra tərcümələriniz var. Amma ən bəyəndiyiniz tərcümə kimi “Kilimancaro qarları”nın adını çəkirsiniz...
– Heminquey sevdiyim yazıçıdı. Xeyli hekayəsini, “Ya var, ya yox” romanını dilimizə çevirmişəm. Məşhur “Qoca və dəniz”, “Əcəl zəngi” əsərlərini də redaktə etmişəm. Amma iki hekayəsindən – “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi”ndən aldığım ləzzət tam başqa olub. Təkcə Heminqueydə yox, ümumiyyətlə, nəsr tərcümələrimin arasında ən çox bəyəndiyim “Kilimancaro qarları”dır. Rusca yazan bir şair dostumuz vardı – Aydın Əfəndi, o vaxt mənə Heminqueyin dördcildliyini bağışlamışdı. Sonradan baxıram, heç demə, hələ tələbə ikən oxuyanda hekayənin qırağında öz əlimlə yazmışam: “Gələcəkdə bunu tərcümə etməli!”
– Heminquey yaradıcılığına, ən çox da bu hekayəyə olan xüsusi sevginizin səbəbi nədir?
– Mənim yazıçıda, ümumiyyətlə, sənət əsərində ən çox qiymətləndirdiyim sənətkarlıq xüsusiyyətidir. Daha doğrusu, mənim üçün əsas olan, yazıçının “nə” deməsindən çox, “necə” deməsidir. Əsərin məzmunu da vacibdir, amma sənətkarın o məzmunu necə, hansı formada çatdırmağına daha çox önəm verirəm. Bu mənada, hesab edirəm ki, Heminquey necə deməyin əsl ustasıdır. Ola bilər ki, Heminqueyin hansısa əsəri oxucuya maraqlı gəlməsin, amma o “maraqsız” əsər də ədəbiyyat adamı üçün dəyərsiz deyil. Elə hekayələri var ki, ilk baxışda çox darıxdırıcıdır, onları özüm də oxucu kimi oxuyanda, darıxıram. İntəhası, o hekayələrdəki sənətkarlıq xüsusiyyətlərinə diqqət yetirəndə, Heminquey mənim üçün öz çağdaşları arasında ən maraqlı yazıçıya çevrilir. “Kilimancaro qarları”na gəlincə, bu əsər Folknerin “Emili üçün qızılgül” və Çexovun “Rotşildin skripkası” kimi ən çox sevdiyim üç hekayədən biridir. Bu əsərdə Heminqueyin sənətkarlığı ən yüksək həddə çatır.
– Tərcümənin tarixçəsindən danışaq. Deməli, hekayəni çevirməyə tələbəlik vaxtından istəyiniz olub. Bəs konkret olaraq işə nə zaman qərar verdiniz və bu işə nə qədər vaxt sərf etdiniz?
– Sadəcə, günlərin bir günü fikrimi qətiləşdirdim, hekayəni çevirib bir qırağa qoydum. Əsərdə çox çətin dörd-beş yer var, onlara görə tərcüməyə girişmək istəmirdim, amma canımı dişimə tutub çevirdim. İndi yadımda deyil, ola bilsin, ilk varianta bir həftə vaxtım gedib, ya 10-15 günə tərcümə etmişəm.
Amma sonra üzərində bir xeyli işlədim. Mən işi tez çapa vermirəm, adətən, tərcümədən sonra ona bir neçə dəfə qayıdıram. “Kilimancaro qarları”nın tərcüməsində çalışdım ki, bircə söz belə kənarda qalmasın. Tərcümə zamanı nə əlavə, nə də ixtisar etdiyim bircə söz belə olmadı. Sözbəsöz hər şey yerindədir.
– “Kilimancaro qarları”nda yazıçının ismarıcı nədən ibarətdir?
– Əli Kərimin bir şahanə misrası var: “Nə xoşbəxt imişəm bir zaman, Allah”. Fikirləşirəm ki, dünyadakı bütün insanlar gec-tez gəlib o misradan keçir. Kimisi 30, kimisi 60, kimisi də 90 yaşında bu misranı mütləq özü üçün pıçıldayır. Bu mənada, məncə bütün yazarlar, sənət adamları da nə vaxtsa haqqında danışdığımız hekayədən gəlib keçir. Hekayənin baş qəhrəmanı Harri yaşadığı həyata ömrünün sonuncu günündən baxır. Özü də gözləmədiyi, ağlına gəlmədiyi, qəfil təsadüf nəticəsində “peyda olmuş” sonuncu gündən... Harri elə bilirdi ki, hər şey qabaqdadır, sona hələ çox var. O sanki eynən məşhur Amerika yazıçısı Skott Fiscerald kimi varlı və gözəl bir qadınla xoşbəxt həyat sürür. Hər şeyə sahiblənib, bircə yazmaq qalıb. Amma günü-günə sataraq heç nə yazmır. Nəticədə ömür boşa gedir, daha doğrusu, ömrün boşa getməsi yazıçı Harrini qəfildən “yaxalayır”, o bunu qəfildən dərk edir. Heminquey öz cavan prototipini ömrün sonuncu gününə gətirərək oradan keçmişinə nəzər salır. Harri məğrur, özünü qadın qarşısında sındırmayan biri olsa da, keçmişə boylananda nə qədər vaxt itirdiyinin, yazılası nə qədər əsəri yazmadığının fərqinə varır və bunun dəhşətli acısını yaşayır.
Burada Heminquey çox maraqlı bir fəndə əl atır: özünün yazmadığı hekayələri Harrinin keçmişinə aid yaşantılar kimi elə yarımçıq şəkildə də “Kilimancaro qarları”na daxil edir. Bunlar guya “yarımçıq” yazılardır, əslində isə əsl yazıçı fəndi, Heminquey sənətkarlığının bir nümunəsidir. Hətta bir yerdə Harri qadından soruşur ki, o, stenoqrafik üsulla yaza bilirmi? “Yox” cavabı alanda, deyir eybi yox, onsuz bu cür də çatdırmaq olmayacaqdı. Daha sonra son çıxış yolu kimi indiyəcən vaxtı ötürüb yazmadıqlarını və bütün yazmaq istədiklərini bircə abzasa sığışdırmaq xəyalına düşür. Əslində bu, Heminqueyin öz arzusu idi. Daha doğrusu, Harrinin keçmişə boylanarkən keçirdiyi yaşantılar Heminqueyin yazmaq istədiyi, lakin yazmadıqlarının ağrısıdır. Sadəcə, izi azdırmaq üçün öz dostu Fisceraldın adını çəkir, çünki Harrinin aqibəti Fisceraldın taleyinə uyğundur və Heminquey öz dostundan bir vasitə kimi yararlanır, hətta onu ələ salmaqdan da çəkinmir.
– Məzmunda müəllif təəssüfü onsuz da qabarıq şəkildə nəzərə çarpır. Bu mənada, əlavə olaraq Fisceralddan ədəbi "priyom" kimi istifadə etməyə gərək var idimi?
– Hekayənin yazıldığı ərəfədə Fiscerald çox məşhur idi. Amma artıq bir yazıçı kimi tükənmişdi, çətin günlər yaşayırdı.
Fiscerald əyalətdən çıxmış yazıçıdır, şəhərdə varlı qadınla evlənib tamamilə başqa, “yad” bir mühitə düşmüşdü. Hekayənin qəhrəmanı Harri də varlı qadınla münasibət qurandan sonra öz həyat tərzini dəyişir, bütün gününü eyş-işrətdə keçirir. Burada Heminquey hekayənin qəhrəmanı olan yazıçı Harrinin vasitəsilə Fisceralda “sataşıb”, göstərmək istəyib ki, Fiscerald pulun qarşısında duruş gətirə bilmədi. Fiscerald, həqiqətən də, belə bir aqibətlə üzləşmişdi, Heminqueyin doğru yazdığının da, çox güman ki, fərqində idi, amma həm də bu acı gerçəklik ona bərk toxunmuşdu.
– Bədii yazı həm də ağrılı prosesdir. Bəzən yazıçı bu ağrılardan xilas olmaq üçün qələmi bir kənara qoyur. Məgər yazıçının yazmamağa ixtiyarı yoxdurmu ki, Heminquey Fisceraldın timsalında buna rişxəndlə baxır?
– Belə şeylər mümkündür. Heminqueyi ən çox maraqlandıran öz əsəridir. Yazıçı kimi tükənmiş Fisceraldın inciyib-incimədiyini vecinə almadan öz işini görəcək. Ona qalsa, eyni ədəbi nəsildən olan Folkner müasir Amerika yazıçılarını sıralayarkən Heminqueyi dördüncü yerə qoymuşdu ki, guya cəsarətsizdi. Yəni o mənada ki, Heminquey yalnız lüğətdəki sözlərlə işləyir, çərçivələrdən kənara çıxmağa qorxur. Vulfu isə birinci yerə qoymuşdu ki, bu da Heminqueyə pis təsir etmişdi. Çünki Heminquey nəinki Vulfdan, hətta Nobel mükafatını ondan qabaq almış Folknerdən də məşhur idi. Sadəcə, hər yerdə olduğu kimi, ABŞ yazıçılarının bir-birinə münasibətində də müəyyən qısqanclıqlar olub. Eyni münasibəti Folknerlə Heminquey vaxtilə öz ustadları Şervud Andersona da göstərmişdilər. Amma siz deyən də düzdür ki, heç bir yazıçı başqasına yazmamağı irad tuta bilməz. Bununla belə, mən bu məsələdə Heminqueyə ən azı bir fakta görə haqq qazandırıram: Heminquey yeganə yazıçıdır ki, onda heç bir uydurma, heç bir illüziya yoxdur; o nə yazıbsa, ancaq gözü ilə gördüklərini ədəbiyyatlaşdırıb. Lap dəqiqi, gözü ilə görmədiyi heç nəyi yazmayıb, gördüyünün isə hamısını yazıb.
– Hekayədə əxlaqsız erməni qadını ilə bağlı bir epizod da var. Bu detal hekayəyə təsadüfən düşüb, yoxsa..?
– Yadındadırsa, hekayənin lap əvvəlində Harri quşlara diqqətlə göz qoyub hərəkətlərini yadda saxlamağa çalışır, fikirləşir ki, bəlkə, onları, hansısa hekayəyə “dürtəcək”. Bax, fahişə erməni qadını da bu sıradandır. Bu epizodik obraz çox inandırıcı alınıb. Heç şübhəsiz, Heminquey o vəhşi quşlar kimi, həmin qadını da İstanbulda görüb, müşahidə edib, yeri düşən kimi də “dürtüb” öz hekayəsinə. Sualını, daha doğrusu, nə eşitmək istədiyini başa düşürəm. Amma yox, elə deyil, bunu Heminqueyin türklərə rəğbəti kimi yozmaq düzgün olmazdı. Belə dəqiq detallar Heminqueyin bütün əsərlərində var, erməni ləçəri də istisna deyil. Bax, görürsən, epizodik olsa da, obraz sənin yadında qalıb, çünki dəqiq yazıçı müşahidəsinin məhsuludur. Biz o obrazı görə bilirik, çünki Heminquey özü gördüyünü bizə göstərməyi bacarır.
– Bəlkə, bu həm də Heminqueyin jurnalistliyindən, reportyorluğundan irəli gəlir?
– Əlbəttə, bu da var. Heminquey də, Markes də bir müddət reportyor işləyiblər. Amma onlar ilk əvvəl yazıçı idilər; sözün əsl mənasında yazıçı, sonra isə jurnalist. Jurnalistlik, reportyorluq onlar üçün peşə, dolanmaq üçün, sadəcə, bir vasitə idi.
– Əsərin epiqrafında Kilimancaronun zirvəsində donaraq qaxaca dönən bəbirdən söhbət açılır. O bəbir nəyin ifadəsidir, əsərlə nə kimi əlaqəsi var?
– Kilimancaronun ən yüksək nöqtəsində soyuqdan donmuş bəbirin o ağlagəlməz yüksəkliyə hansı məqsədlə qalxmasının səbəbini heç kəs bilmir, amma Heminqueyin həyatını diqqətlə gözdən keçirəndə, aradakı oxşarlığı sezməmək mümkün deyil. Şəxsən mənimçün o bəbir eynən Heminqueyin özüdür. Bilirsən necə? Necə ki, mən Lermontovun obrazını onun “Yelkən” şeirindəki tənha qayıq kimi təsəvvür edir, bu şairi xəyalımda ayrı cür canlandıra bilmirəm. Doğrudan da, bəbiri ora çəkib gətirən nə idi? Yaxud Parisdə əyləncələrlə dolu şən həyatı qoyub, Harrini Afrikanın cəngəlliklərinə çəkən hansı qüvvə idi? Biz bunu bilmirik. Amma Heminqueyin sonda öz ömrünü intiharla başa vurması bizə məlumdur. Bu intihar həqiqətənmi bir təsadüf, yaxud əsəb sarsıntısı idi? Əsla! Şəxsən mən belə düşünmürəm...
Elmin Nuri