Tanınmış jurnalist-tərcüməçi, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Fərhad Abdullayev vəfat edib. Onu tanıyanların, oxucularının xatirəsində həmişə işıqlı və istedadla bir insan kimi qalacaq Fərhad Abdullayevə Allahdan rəhmət diləyir və yazıçı-publusist Nəriman Əbdülrəhmanlının onun 60 yaşına yazdığı yazını təqdim edirik.
Abdullayev Fərhad Sabir oğlu 1958-ci ildə doğulub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1972-ci ildən dövri mətbuatda yazıları dərc olunub. “İdman” – “Sport”, “Şahmat” qəzetlərində korrektor, ədəbi işçi, məsul katib, AzTV-də şöbə müdiri vəzifəsində çalışıb. Uzun illər ssenari, oçerk və zarisovkalar yazıb, əsərləri dilimizə tərcümə edib. Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri” və digər kitabları dilimizə çevirib.
SÖZÜMÜZÜN FƏRHADI
Bu payız günündə artıq 60 yaşını tamamlamış qələm adamları sırasına bir nəfər də qoşuldu…
Tanınmış jurnalist və publisist, mahir tərcüməçi Fərhad Abdullayev də səssiz-səmirsiz ömrün daha bir zirvəsinə yetişdi…
Hər yubiley insanın, illah da sənət adamının öz-özü qarşısında hesabat vermək, yaşadığı ömrün ötən illərinə nəzər salmaq, uğurlarını və uğursuzluqlarını, qazancını və itkisini yaddaşının ələyindən keçirmək, təmkinlə qiymətləndirmək fürsətidi…
Şübhə eləmirəm ki, qələm dostumuz Fərhad da istər-istəməz bu imkandan yararlanacaq, həyatının təkcə uşaqlıq və gənclik xatirələrinə deyil, yaradıcılıq axtarışlarıyla dolu günlərinə, telejurnalist, redaktor, ssenariçi, reklamçı, publisist və nəhayət, tərcüməçi kimi keçdiyi yola yenidən nəzər salacaq, əslində, yaşadığı ömrün mənasının Vətən sevgisi, milli təəssübkeşlik, insana məhəbbətlə yanaşı, həm də yaradıcılıq olduğunu bir daha təsdiqləyəcək…
***
Fərhad Abdullayev Bakıda doğulub-böyüyüb, 13 saylı orta məktəbi, sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. BDU-da qonşu fakültələrdə, həm də təxminən eyni vaxtda oxusaq da, taleyin gərdişindən yollarımız kəsişməyib. Ola bilsin, dəhlizlərdə adını bilmədiyim iri cüssəli bu olğanla çox qarşılaşmış, üstəlik, ötəri də olsa, kəlmə kəsmişik; çox güman ki, sonralar da onun iş yeri olan, mənim tez-tez getdiyim Azərbayacan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin dəhlizlərində də dəfələrlə rastlaşmışıq, amma ekranda redaktor və ssenariçi kimi verilişlərinə baxdığım Fərhad Abdullayevin məhz o rastlaşdığım oğlan olduğu barədə düşünməmişəm.
Bununla belə, şəxsən tanış olmadığım Fərhad Abdullayevin verilişlərinə baxanda bir cəhət də nəzərimdən qaçmamışdı (bunu sonralar, artıq iş yodaşı olanda xatırladım): onun verilişlərində söz ötəri, köməkçi vasitə deyildi, vizual təsviri üzvi şəkildə tamamlayır, əsas ifadə vasitələrindən birinə çevrilirdi – televiziya jurnalistinin ən böyük məharəti də, məncə, bundan ibarətdi. Ötən əsrin (!) 80-ci illərində onun araya-ərsəyə gətirdiyi televiziya verilişləri retro ekran əsərləri kimi indi nümayiş etdiriləndə belə, Fərhadın dəst-xəttini, nəfəsini, sözə münasibətini aydın duymaq olur...
Şübhəsiz, 80-ci illərin sonlarında əzəli torpaqlarımıza məkrli düşmən iddialarının nəticəsi kimi baş verən hadisələr yaradıcı adam kimi Fərhad Abdullayevin də ömründə silinməz izlər qoydu. Azərbaycan dövlət müstəqilliyini bərpa eləyəndən, dünyaya, eləcə də yaradıcılğa yeni baxış formalaşmağa başlayandan sonra o, gücünü reklam sahəsində sınamaq fikrinə düşdü. Əlbəttə, bu, xüsusilə də yaradıcı adam üçün böyük risk idi. Amma Fərhad televiziyada qazandığı təcrübə, eyni zamanda işinə məsuliyyətli münasibətilə reklamçılıqda da uğur qazandı. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində rastlaşdığımız televiziya reklamlarının müəyyən bir hissəsində onun zəhməti və nəfəsi var...
***
Yaxın illərəcən Fərhad Abdullayevin imzasına yazılı mətbuatda da rast gəlmiş, rastıma çıxanları oxumuşam, yaddaşıma həkk olunan publisistik yazıları da var. Amma mənə elə gəlir ki, onun publisistikası Azərbaycan Dövlət Tərcümə Mərkəzində işləyəndən, Mərkəzin “Aydın yol” qəzetində köşə yazılarını və oçerklərini çap etdirəndən sonra ikinci nəfəs qazandı. O, həmin yazılarıyla həm dünyanın, baş verən hadisələrin nəbzini tutmağı bacardığını sübut elədi, həm də cəmiyyəti narahat eləyən problemlərə, mənəviyyatımıza və mədəniyyətimizə bələdliyini, üstəlik, dildən istifadənin gözəl nümunəsini göstərdi.
Fərhad Abdullayevin publisistikası mövzu baxımından çox maraqlıdı, rəngarəngdi, bacarıqla istifadə elədiyi nəsr təhkiyəsi həmin yazıları daha da oxunaqlı eləyir. Onun “Birinci Nikolayın sevimli xanı”, “Məhbus xanımın ölüm rəqsi”, “Şuşada axşamlar yanar ulduzlar”, “Musa Nağıyevin kişi sözü” publisistik yazılarının hər biri insan ömrü haqqında peşəkar qələm adamının təqdim elədiyi kövrək hekayətdi. Xüsusilə “Tarixin karvanı” silsiləsindən araya-ərsəyə gətirdiyi “Heçdir Vətənsiz can”, “Böyüklər üçün dərs”, “Dünyanın qürub çağı”, “Onu bağışlamaq olarmı?”, “Qatarın dalınca baxma”, “Beş çömçə pay” və digər publisistik yazılarını oxuyanda onun nə vaxtsa nəsr əsərləri yazmadığına inanmaq olmur...
Başlıcası, Fərhad Abdullayevin publisistikasında insan, insan taleyi var, insana sevgi var, üstəlik, o yazıları qələmə alanın yüksək peşəkarlığı var və bütün bunlarla yanaşı, müəllifin dilimizə bələdliyi var. Onun qələmindən çıxan publisistik yazılar məhz buna görə, necə deyərlər, “cana yaxın” və oxunaqlı olur...
***
Az qala, qırx illik yaradıcılıq ömründə Fərhad Abdullayev gücünü tərcümə sənətində də sınayıb...
Əvvəllər epizodik olan tərcüməçilik taleyin gərdişiylə son illər onun başlıca fəaliyyət sahəsinə çevrilib...
Fərhad Abdullayev Azərbaycan Dövlət Tərcümə Mərkəzində işıq üzü görən görkəmli yəhudi yazıçısı Şalom Aleyxemin “Seçilmiş əsərləri”ni, böyük rus aktyoru Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” monoqrafiyasını, “XX əsrin Norveç hekayələri” toplusunu (qələm dostları ilə birgə), çağdaş Ukrayna yazıçısı Nikolay Xomiçin “Sərdabənin sirri” əsərini (Saday Budaqlı ilə birgə), İtaliya yazıçısı Peter Amalettinin milli qəhrəmanımız, “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə haqqında olan kitabını dilimizə ustalıqla çevirib, hazırda isə böyük rejissor Andrey Tarkovskinin ekran sənəti barədə kitabının tərcüməsilə məşğuldu.
Şübhəsiz, gələcəkdə bu siyahı yeni tərcümələrlə zənginləşəcək, Fərhadın zəhməti, təcrübəsi, səbri, peşəkarlığı və məharəti sayəsində Azərbaycan mədəniyyəti və oxucusu digər sanballı əsərlərlə də tanış olacaq...
“Səbir” kəlməsini burda təsadüfən işlətmədim. Tərcümə sənəti adamdan peşəkarlıqla yanaşı səbir də tələb eləyir: çevirdiyin əsərin “havasını” tutmaq, müəllifin üslubunu mümkün qədər saxlamaq, rastına çıxan hər hansı “naqolay” bir ifadənin ardınca düşüb əslinə daha yaxın olan qarşılığını tapmaq, beləcə dilimizdə hər hansı bir əsərin orijinalına “xələl gətirməyən” nümunə yaratmaq hər mütərcimə müyəssər olmur...
Fərhad Abdullayev məhz buna can atır və xoşbəxtlikdən məhz səbri sayəsində istəyinə nail olur...
***
Onda adamı cəlb eləyən cəhətlərdən biri də yaşamaq eşqidi...
Fərhad Abdullayev həyatdan zövq almağı, insanlarla ünsiyyətdə olmağı, səyahətə çıxmağı, yeni yerlər görməyi, yaşadıqlarını yaddaş faktına çevirməyi sevir və bütün bunları gerçəkləşdirməyi bacarır...
Onunla yola çıxsan, darıxmazsan, üstəlik də yaşantılarının daha dolğun olacağına əmin ola bilərsən...
Fərhaddan ötrü yaradıcılığın başlıca cəhəti həyatı daha da gözəlləşdirməkdi...
O, ömrün altmışına da elə bu inamla yetişib, ekranda, mətbuatda və tərcümə sahəsində gördüyü işləri böyük sevgi və peşəkarlıqla gerçəkləşdirib...
Bu payız günündə barlı-bəhərli ömrün mübarək, Fərhad!
Nəriman ƏBDÜLRƏHMANLI