Ramazan bayramı hər il mübarək Ramazan ayının sonunda, orucluğun sona çatması münasibəti ilə qeyd edilir. Ramazan ayı insanlara Allaha tapınmaq, öz iradə və dözümlülüyünü yoxlamaq, nəfsinə qalib gəlmək imkanı yaradır.
Ramazan ayını müqəddəsləşdirən daha bir amil odur ki, “Qurani-Kərim” məhz bu ayda Qədr gecəsi – yəni Ramazan gecələrinin birində Allah-təala tərəfindən sevgili Peyğəmbərimizə nazil edilib:
1. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilib. [ Bəqərə surəsi, 185-ci ayə]
2. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik. [Qədr surəsi, 1-ci ayə]
Quranın nazil olunduğu gecə “Qədr gecəsi” – “Leylət al-Qadr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Qədr gecəsi” min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3-5-ci ayə).
Qədr gecəsi dilimizə, dinimizə “Əhya gecələri” kimi daxil olub.
İslamda ilin ayları arasında Ramazan ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu “On bir ayın sultanı” da adlandırırlar.
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-biriylə bayramlaşır, qəbirləri ziyarət edir, mərhumların ruhlarına dualar oxuyurlar. Bayram günü hər imkanlı şəxs kasıblar üçün təqribən 3 kilo buğda, yaxud xurma və ya kişmiş miqdarında fitrə zəkatı verməlidir. Orucluq insanları paklığa, xeyirxahlığa dəvət edir.
Ramazanda müsəlmanlar birlikdə namaz qılır, oruc ibadətlərini bitirdikdən sonra bayram keçirirlər.
Xalqımız 70 il Sovet rejimində – ateist təbliğatının aparıldığı bir şəraitdə yaşasa da, dini-mənəvi dəyərlərini unutmamış, onları yaşatmışdır.
Orucluq (Ramazan) bayramı Azərbaycanda Milli Məclisin qəbul etdiyi Qanuna əsasən dövlət səviyyəsində qeyd olunur.