Elektron ədəbiyyat və sənət portalı

Andrey Voznesenskinin iki şeiri

Bölmə: Dünya ədəbiyyatı 20.05.2021

 

ANDREY VOZNESENSKİ

Rusiya

(1933-2010)

 

 

QOYYA

 

Mən – Qoyyayam!

 

Quzğun tək

çılpaq çölə enərək

mərmilərlə düşmənim

gözlərimi yerindən didib çıxarmış mənim.

 

Mən – dərdəm, müsibətəm.

 

Mən davanın, qırğının,

qırx birin qarı üstdə

kösövü tüstülənən şəhərlərin səsiyəm.

 

Mən – aclığam, qıtlığam.

 

Mən kimsəsiz meydanda

kilsə zəngindən betər

cəsədi yırğalanan 

o dardakı arvadın dartılan boğazıyam...

 

Mən – Qoyyayam!

 

Qisas dağarcıqları!

Mən qərbə sarı

nalə-şivən kimi qəfil püskürən 

bir vaxtsız qonağın külüyəm, külü!

Xatirə səmasına

ən sərt ulduzları çaldım mıx kimi...

 

Mən – Qoyyayam!

 

 

***

 

Köçəriyik, köçəriyik,

biz, şübhəsiz,

bu gecəni

bir yuxutək yaşayarıq,

bir xəyaltək keçirərik!

 

Otağımız gizlidir,

sanki spiritizmidir;

yad divarlar ulaşır

köhnə məbədlər sayaq –

yanğın kimi alışır

uğuldaşır divarda şəkillər... ikonalar...

 

Bir baxaq, bir yoxlayaq –

soyuducuda nə var?

 

Nə o mətbəxdə qazın

qartımış həsrəti bizi gözləyir,

Nə də bu uzun-uzun

telefon zəngləri bizi səsləyir...

 

Yad şeylər arasında

qaranlıqda od kimi, yanıq kimi közərən

məhrəmlik nişanəsi

bu öpüşlər kimindi, kiminkidi görəsən?

 

Nə olmuş, əzizim,

nə olmuş, de nə?

Özgə bir diyara düşmüşük yenə!

 

Bu necə şəhərdi, səssiz-səmirsiz –

külçə sayağı

harda gizlənibdi duyğular axı?

 

Qarın bəsləməsi görən məmurun

niyə rüsvayçılıqdı?

Biz haçan bir yerdəyik,

haçan hər şey bizcədir,

kefimizcədir –

bunun nəyi rüsvayçılıqdı?

 

Qorxuludur kürsüdən

guruldamaq və yağmaq

boş yerə dolu-dolu,

bizdə nə var qorxulu?

 

Qorxulu biz deyilik,

amma siz ki varsınız –

sevda deyilən şeydən

qorxub qaçan bir bölük

arsız sövdagarsınız!

 

Bu ürək çürüdənlər,

gizlin ömür sürənlər!..

 

Od vurub odlayaqmı divar kağızlarını?

Şəkilləri cıraqmı?

Nə varsa sındıraqmı?

Çıxanda qıraqmı servizi bir-bir?..

 

"Boşqaba toxunma – özgəninkidir".

                                                                         Tərcümə edən: Mahir N.Qarayev