“Aydın yol” ağır həyat yaşamış dahi rus yazıçısı Fyodor Dostoyevskinin o ağırlığı özündə əks etdirən dostuna və oğluna yazdığı məktublarını oxuculara təqdim edir.
Aleksandr Yeqoroviçə məktub
Çox hörmətli köhnə dostum Aleksandr Yeqoroviç!
Uzun çəkən susqunluğuma görə qarşınızda günahkaram. Əslində bu, həm də günahsız günah hissidir. Doğrusu, təfərrüatları açıqlamaq, məktubunuzu uzun müddət cavabsız qoymağımın səbəblərini izah etmək mənə olduqca çətin olacaq. Çünki səbəbləri müxtəlif və qəlizdir.
Bildirim ki, hal-hazırda gördüyüm işin üzərində sürgündə olduğum kimi oturmuşam. Bu sürgünümə səbəb əsərim – "Russkiy vestnik" dərgisində dərc olunan romanımdır. Altıhissəli böyük bir işdir. Əslində noyabrın sonlarında əsər artıq hazır idi. Mən yazdıqlarımın hamısını yandırdım. Doğrusu, bəyənməmişdim. Bunu etiraf etməliyəm. Yeni forma və üslub daha çox diqqətimi çəkib marağıma səbəb oldu. O üzdən də əsəri yenidən yazmağa başladım.
Qeyd edim ki, səhərdən-axşamadək işləməyimə baxmayaraq, vaxt yenə də kifayət etmir. Çünki mən, hər ay "Russkiy vestnik" dərgisinə altısəhifəlik yazı təhvil verməliyəm. Daxili azadlığım olsaydı, bəlkə də istədiyimə çatardım.
Roman ilhamla bağlıdır – mənəvi rahatlıq və təxəyyül tələb edir. Mən isə sıxıntılar və məhrumiyyətlər içində boğuluram. Az qala, hər gün borca görə qapımı döyənlər məni türməylə hədələyirlər. Onlarla məsələni çürüdə bilməmişəm, inanmıram ki, yaxın gələcəkdə də tam həll edə bilim. Doğrudur, gələnlərin bəziləri məni anlayır, dil tapa bilirik. Məsələn, bəzilərini borcu beş ilə verəcəyimə razılaşdırmışam. Bir çoxuyla məsələnin həlli hələ də açıq qalır və düzələnə oxşamır. Belə hallar insanı ruhdan salır, əl-qolunu bağlayır, bəzən isə dözülməz həddə çatdırır. Çox yaxın dostumun məktubuna cavab verməməyimin səbəblərindən biri də budur.
Üstəlik, xəstəliklər. Xaricdə olduğum beş ay müddətində ruh düşkünlüyünə qapılmışdım, depressiya məni əldən salırdı. Hələ mübtəla olduğum digər xəstəliyi – babasili demirəm. Yəqin, siz bu dəhşətli xəstəliyin ağırlığından və fəsadlarından xəbərsizsiniz. Artıq üç ildir bu xəstəlikdən əziyyət çəkirəm. Bu yaxınlarda yenə vəziyyətim ağırlaşmışdı, on beş gün yataqdan qalxmadım. Bu müddət ərzində əlimə qələm də ala bilmədim. İndi isə qalan on beş günə beş səhifəlik yazını yekunlaşdırmalıyam. Son üç günü özümü gümrah hiss edirəm: üzücü epilepsiyadan və yataqdan xilas olmuşam.
Sizə şəxsi problemlərimdən yazıb ailənin çətinliklərindən, mərhum qardaşımın saysız-hesabsız problemlərindən, bağlanmış dərgilərimizdən söz açmadım.
Qeyd edim ki, son vaxtlar səbirsiz və əsəbi olmuşam, özümdən tez çıxıram. Xasiyyətim dözülməz olub. Kim bilir, bütün bunlar məni hara aparacaq.
Bütün qışı heç hara getmədim və heç kimi görmədim. Yalnız bir dəfə teatrda "Roqnedlər"in premyerasında oldum. Əgər həbs olunmasam, bu həyat tərzim romanım bitənə qədər davam edəcək.
İndi isə məktubda qeyd etdiyiniz məqamları cavablandırmaq istəyirəm. Yazıb şoruşursunuz ki, dövlətə məxsus nəşriyyatlarla əməkdaşlıq etsəm, yaxşı olmazmı? İnanmıram. Düzü, mənə çox qonorarın verildiyi yerlər sərf edir. Ədəbiyyatda elə bir imzam və dəsti-xəttim var ki, borclar olmasa, halal çörəyimi həmişə qazana bilərəm.
Yeri gəlmişkən, sizə son dövrlər gördüyüm ədəbi işlərdən də danışmaq istəyirəm. Bundan sonra sizin üçün hər şey aydınlaşacaq.
İş elə gətirdi ki, Katkova "Sovremennik" dərgisində ən aşağı qonorarla əməkdaşlıq etmək istədiyimi bildirdim. Onlar bu təkliflə razılaşdılar. Sonra etibarlı mənbələrdən mənə gələn məlumatlardan aydın oldu ki, bu dərgidə son illər ədəbiyyat nümunələri getmədiyindən, hal-hazırda belə yazılara böyük ehtiyac var. Həm də aydın oldu ki, Turgenev daha bu dərgi ilə əməkdaşlıq etmir, Lev Tolstoyla isə aralarında mübahisə yaranıb. Məhz belə bir durumda mən özüm də bilmədən onların karına gəlmişəm, işlərinə yaramışam. Amma onlar vəziyyətə hiyləgərcəsinə yanaşdılar. Roman həcmcə onların jurnalı üçün çox böyük idi, dərgidə yayımlanması üçün ödənilməli olan 125 rubl isə büdcələrinə uyğun deyildi. Onların bütün cəhdləri, məbləği aşağı salmaqdan ibarət idi. Bu məqsədlə danışıq aparmaq üçün Moskvaya gəlməyimi istəyirdilər. Mənim məqsədim isə Yaradanın köməyi ilə möhtəşəm alınacaq romanımın ilk üç hissəsinin dəyişmədən dərc olunmasına çalışmaqdır.
Əslində, bununla mən oxucuların reaksiyasını öyrənmək istəyirəm, əsərin effektini müəyyənləşdirməyə çalışıram. Düşünürəm ki, romanım oxucu qazana bilsə və bəyənilsə, nəşriyyat qiyməti nəinki aşağı salar, əksinə, bir az da artırar. Əgər mənimlə razılığa gəlsələr, bu, onlar tərəfindən atılmış müqəddəs bir addım olar.
Çətin, ağır, kasıb yazıçı ömrü yaşayıram, məhrumiyyətlərə, ehtiyaclara qarşı dözüm nümayiş etdirirəm. Hər halda, qonorarı öncədən almaq istəmirəm. Məqsədim də budur. Çünki pulu öncədən alsam, həm ruhən, həm də düşünmək sarıdan əlim-qolum bağlanacaq, dərgidən asılı olacağam. Bunu isə heç istəmirəm.
İki həftə öncə romanımın birinci hissəsi "Cinayət və cəza" başlığı ilə "Russki vestnik" dərgisinin yanvar sayında çıxdı. Mən artıq indidən bu romanın insanları heyrətləndirdiyi barədə fikirlər eşitmişəm. Roman hamını heyrətə salacaq. Çünki yeni məqamlar çoxdur. Təəssüf edirəm ki, romandan bu qədər danışdığım halda, onu sizə göndərə bilmirəm.
Təsəvvür edin ki, romanı gözlədiyim kimi möhtəşəm sonluqla bitirəcəyəm. Bu il onu ikinci dəfə nəşriyyata verib iki min, üç min pul alacağam. İnanın, bu məbləği dövlət orqanlarından heç biri mənə verə bilməz. Dərd də ondadır ki, qorxuram, romanımı düşündüyüm kimi bitirə bilməyim, korlayım. Son vaxtlar belə olacağını daha çox hiss edirəm. Borclara görə həbsə atılsam, həqiqətən sonluq zəif olacaq, arzularım puça çıxacaq.
Özüm haqqında həddindən çox danışdım. Bunu eqoizm kimi qiymətləndirməyin. Bu, bir küncə qısılıb susan insanlara xas bir xüsusiyyətdir. Həm də çox dəhşətlidir.
Lütfən, həyat yoldaşınıza mənim dərin hörmətimi və səmimi salamlarımı yetirin. Ən başlıcası isə ona cansağlığı arzulayıram. Əziz dostum, siz ailənizdə xoşbəxtsiniz. Tale insanın yeganə xoşbəxt olacağı yeri – ailəni məndən əsirgəyib.
Atanızın sizə təklifi və ondan imtinanız haqqında da məktubda qeyd etmisiniz. İşlərimin çoxluğundan, qorxuram, sizə məsləhət verə bilməyim. Bir şeyi unutmayın. Heç vaxt sonda deyiləsi daha məqbul olan sözü əvvəldə deməyin! Qərarınızı isə yaya saxlayın. Düşünürəm, yayda Peterburqa gələ biləcəyəm. Qismət olsa, görüşərik.
Ümumiyyətlə, çox sevinirəm ki, siz daxilən, ruhən xalqa bağlı bir insansınız. Sizinlə müxtəlif mövzularda həmsöhbət olmaq mənə xoşdur. Doğrudur, bəzən fərqli fikirlər səsləndirirsiniz və sizinlə razılaşmıram. Hər halda, düşünürəm ki, bu, Vətəndən kənarda yaşamağınızdan və xarici mətbuatı izləməyinizdən irəli gəlir. Xarici mətbuatda Rusiya ilə bağlı məsələlərdə çox ifrata varırlar, xəbərləri şişirdirlər. Şəxsən özüm də xaricdə olanda bunları müşahidə etmişdim. İstəsək də, istəməsək də, bütün bunlar, şübhəsiz ki, düşüncələrimizə təsir edir. Bir çox məqamlarda isə sizinlə tamamilə razıyam.
Qeyd edim ki, məndə qalmış əşyalarınız olduğu kimi eləcə komoddadır. Bir də sizə borcum var. Azca səbir edin, borcu mütləq qaytaracağam. Bir biləydiniz, burada hələ nə qədər adam borclarını ödəyəcəyimi gözləyir.
Romanımı bitirdikdən sonra nə edəcəyimi bilmirəm. İnanıram ki, ədəbi imzam tam təsdiqlənəndən sonra payıza yaxın yeni nəsə yazacağam. Planlarım çoxdur, hər halda ağılla hərəkət etməliyəm.
Sizinlə sağollaşıram, çox hörmətli dostum. Ümid edirəm ki, növbəti məktubda bir-birimizə daha xoş xəbərlər çatdıracağıq. Balacalarınızı əvəzimdən öpün.
Hörmətlə, Sizin F.Dostoyevski
P.A.İsayevə məktub
Çox hörmətli Pavel Aleksandroviç!
Məktub vasitəsilə sənə, məndən xahiş etdiyin otuz rublu göndərirəm. Məktubda xəstəliyin barədə yazmısan. Ümid edirəm, indiyə sağalmış olarsan. Yeni il münasibətilə sənə yalnız və yalnız xoşbəxtlik, can sağlığı arzulayıram.
Yazırsan ki, mənə iki məktub yollamısan. Qeyd edim ki, o məktubların heç biri gəlib çatmayıb. Özüm də məəttəl qalmışam. Bütün məktublar mənə zamanında yetişdiyi halda, niyə məhz sənin məktubların gəlməsin?
Bütün bunlarla bərabər, demək istəyirəm ki, sənə axırıncı pulumu yollayıram. Hal-hazırda əlimdə bir qəpik də yoxdur. Göndərdiyim pulu da, zavallı balalarımın boğazından kəsirəm.
Moskvada sənə yardım etməməyim, səninlə qəti maraqlanmamağım barədə şayiələr yayılıb.
Məgər sənə yardım etmirəm? Sənə işləmək üçün yerlər tövsiyə etmirəm? Əgər uğur qazana bilmirsənsə, bu artıq mənim günahım deyil, özün öhdəsindən gələ bilmirsən.
Anan dünyasını dəyişməzdən öncə "Paşanı tək qoyma" deyə vəsiyyət etmişdi. Mən bu vəsiyyətə bu günə qədər əməl edirəm və heç vaxt səni tək qoymamışam. Amma nəzərə al ki sənin artıq otuz yaşın var və həyatında baş verən uğursuzluğa görə günah məndə deyil.
Düşünürəm ki, sənin həyatında nəsə qeyri-adi şeylər baş verir. Səsin ancaq sənə pul lazım olanda gəlir, sonra yenə səs-sorağın çıxmır.
Məktubunda hörmətli həyat yoldaşıma öz sayğılarını göndərməyi unutsan da, barı övladlarıma öpüş yollayaydın. Onlar indi yataq xəstəsidirlər. Fedya isə bir həftədir, ölümlə əlləşir. Nə isə, hələlik.
Səmimiyyət və hörmətlə F.Dostoyevski
Tərcümə edən: Günel Eyvazlı