Elektron ədəbiyyat və sənət portalı

Aşıq Ələsgərin yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

Bölmə: Xəbər 14.06.2021

   

    Gürcüstanın populyar “1 TV. Eleqtroliti”  ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində böyük Azərbaycan şairi Aşıq Ələsgərin gürcü dilinə tərcümə olunmuş şeirlərinin yayınına başlayıb.

    Aşıq Ələsgərin 200 illiyinə həsr edilən təqdimatda böyük sənətkarın “Düşdü”, “Tanıdı”, “İncimərəm”“Güllü”Güləndəm” “Getmə, qal” kimi şeirləri, həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.

    Ön sözün və şeirlərin tərcümə müəllifi yazıçı-tərcüməçi İmir Məmmədlidir.

    Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin elektron portalı olan “1 TV. Eleqtroliti” 2017-ci ildən fəaliyyət göstərir.  Portal əsasən bədii ədəbiyyatın (nəsr, şeir, dramaturgiya), eləcə də tənqidi və publisistik materialların yayınına üstünlük verir. Gürcüstan oxucuları bu portalda Ömər Xəyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Leo Pere,  Con Çiver, En Enrayit, Herta Müller, Hans Maqnus Enserberqer,  Olqa Tokarçuk, Jorj Brasens, Esme Varnq, Peter Handke, Lusi Fleçer, Lores Ferlinget,  Jak Brel, Lev Rubinşteyn, Con Maksvell Kutzee, Norbert Humelt, Syuzen Zontaq, Frans Holler kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.

­

 

                                                                                                  Ön söz

 

 

   Azərbaycan poeziyasının zirvələrindən sayılan Aşıq Ələsgərin ömrü bir əsrdən çox davam etdi və cəsarətlə demək olar ki, bu, həm azman şairin, həm də poeziyanın uzun həyatı deməkdir. Azərbaycan ədəbiyyatına xeyli poetik incinin əlavə olunduğu sevinc və ağrı, yüksəliş və kədər dolu bir həyat...

    Dədə Ələsgər 21 mart 1821-ci ildə Azərbaycanın Göyçə bölgəsinin Ağkilsə kəndində anadan olub. Şair elə bir ömür yaşadı və elə bir iz buraxdı ki, Azərbaycan xalqının müdriklik rəmzinə çevrilən  Dədə Qorqud kimi, ona da Dədə Ələsgər dedilər. Bu şərəfli ad Türk dünyasında ehtiram və rəğbət rəmzi sayılır.

  Aşıq Ələsgər əsasən Azərbaycan klassik poeziya janrlarında – qoşma və qəraylıda yazıb. O, bütün şeirlərini saz havacatlarına kökləyərək oxuyardı. Çağdaşları onun zəmanəsinin ən mahir ifaçısı olduğunu söyləyirlər. Yüksək bədiiliklə səciyyələnən şeirləri və sazı ilə demək olar, bütün Cənubi Qafqazı qarış-qarış dolaşmış (dəfələrlə Tbilisidə də olmuşdu), dərin mənalı aşıq havaları ilə müxtəlif məclislərdə ad qazanmışdı. Qeyd etmək lazımdır ki,  şeirlərinin əksəriyyəti məclislərdə sinədəftər müəllif tərəfindən müəyyən bir havacat üstdə oxunaraq bədahətən yaradılıb. İspan və fransız trobadurları və ya müasir bardlar kimi aşıqlar da musiqi alətləri ilə birlikdə şəhər-şəhər, kənd-kənd gəzərək gözəllikləri tərənnüm edərdilər.

  Görünür, misilsiz ifaçılıq istedadına görə ona “aşıq” deyiblər. Əslində onun poeziyası aşıq şeirinin səviyyəsindən çox yüksəkdir və yuxarıda qeyd edildiyi kimi, bu ölməz əsərlər Azərbaycan ədəbiyyatının inciləridir, başqa sözlə, Ələsgərin simlərlə düzərək bədii söz aləminə bəxş etdiyi incilərdir. Söz düşmüşkən, “aşıq” əslində “ozan” deməkdir və bu söz gürcü dilində azca dəyişdirilmiş formada – “mqosan” (nəğməkar şair) kimi tələffüz olunur.

    Dədə Ələsgər 1920-cı ilə qədər yaşasa da, şəkli günümüzə kimi gəlib çatmayıb. Onun şəkli kimi təqdim olunan foto şairin müasirləri və yaxınlarının xatirələrinə əsasən təsvir edilib. Əslində, şairin ən dəqiq portreti öz şeirləridir. Bu şeirlərdə Aşıq Ələsgər son dərəcə cazibədar bir insan, mütəfəkkir, azman ozan, əbədi aşiq və haqq-ədalət carçısıdır.

    Bu mənəvi portret ilk dəfədir ki, gürcü sözləri ilə də çəkilir, ilk dəfə Dədə Ələsgərin şeirləri gürcü oxucusuna təqdim edilir.

   Ümid edirəm ki, Dədə Ələsgərin poetik avtoportretinə xas olan zəngin çalarları və sayrışan cizgiləri qismən də olsa, gürcü dilində əks etdirə bilmişəm.

 

İmir Məmmədli