Ötən əsrin 35–50-ci illərində çəkilmiş Azərbaycan filmlərində onun adına tez-tez rast gəlirdim: Xeyri Əmirzadə...Neçə illər əvvəl arxivdə işləyəndə təsadüfən şəxsi sənədlərilə də rastlaşdım... Saralmış vərəqlər mənə qaynar və zəngin ömür yolu keçmiş, yaradıcılığının və taleyinin 25 ilini kinomuza həsr etmiş sənətçi haqqında sənədli bir hekayət "danışdı"...
“Cızığından çıxan” oğlan
...1893-cü ildə Krımda, Yalta yaxınlığındakı Dərəköy kəndində bir türk çocuğu dünyaya göz açdı. Atası Osman kişi öz alın təriylə bir parça çörəkpulu qazanan kəndliydi, üstəlik, xalqının və mənsub olduğu islam dininin adət-ənənələrini sədaqətlə qoruyurdu. Onun anlamında türk oğlu torpağa və kökə, dədə-baba dəyərlərinə bağlı olmalıydı...
Oğlu Xeyrini yazı-pozu öyrənməkdən ötrü məktəbə qoyanda da inamından dönməmişdi. Amma çocuğun əli qələm tutar-tutmaz, "cızığından çıxıb təsviri sənətə meyil etməsi, müqəddəs Qurani-Şərifin izin vermədiyi rəsmlər çəkməsi" atanın qəzəbinə səbəb olurdu. Onu məktəbə göndərmişdi ki, Quranı oxumağı, bir balaca da yazmağı öyrənsin, Xeyri isə, şeytana uyub cızma-qaralar eləyirdi. Buna nə qədər dözmək olardı?
Günlərin birində Osman kişi Xeyrini "günah iş" başında yaxaladı, qulağından yapışıb möhkəmcə əzişdirdi, çəkdiyi şəkilləri də cırıq-cırıq elədi.
Osman kişi elə bilirdi, öyüd-nəsihətiylə, şapalağıyla Xeyrini inadından döndərəcək. Oğlunun könlündə cücərən istəkdənsə, atanın xəbəri yox idi...
Uzun yolların yolçusu
Xeyri evdən baş götürüb gedəndə hələ on beş yaşı da yox idi. Ağına düşdüyü yolun ən yaxın nöqtəsi Odessaydı. Burada onu rəssamlıq məktəbinə götürmədilər, çünki lazımi təhsili yox idi. Təsadüfi gəlirlər hesabına dolana-dolana, rəngkarlığı öyrənməyə başladı.
Sonra yolu Peterburqdan, Moskvadan keçdi. Ac-yalavac, sərgərdan, cibində qəpik-quruş, özünəxas inadla sənət məbədinin qapılarını açmağa can atırdı.
1913-cü ildə yurd həsrəti sənət arzularını üstələdi. O, hər şeyi atıb Dərəköyə qayıtdı, atasının hüzurunda bağışlanmağını təvəqqe elədi və onun xeyir-duasıyla çobanlığa başladı. Sürüləri yaylağa çıxarandan sonra yaşıdları durub- dincəlməzdilər, "yaşıl xalı"nın üstündə, ayın-ulduzun altında bir rəqs başlanardı ki, gəl görəsən! Bu yarışda Xeyrinin qabağında duruş gətirən olmazdı. Xüsusən "Qopaq" və "Məcnun" rəqsləri onun ifasında təkrarsız idi.
Payızın ortalarında, sürülər yaylaqdan enəndə onun qəlbinin dərinliklərindən xoşbəxt yayın unutdurduğu köhnə istəyi baş qaldırdı. Osman kişi də bu dəfə oğlunun qabağına kötük itələmədi, könülsüz də olsa, xeyir-duasını verdi.
Bəli, Xeyri Əmirzadə yola rəssam olmaqdan ötrü çıxmışdı, amma tale yazısından xəbərsiz idi.
Kətandan səhnəyə...
...1914-cü ildə Xeyri Əmirzadə Odessaya yollanıb Bədaye Məktəbinə daxil oldu. Elə həmin günlər Birinci Dünya savaşı başlandı.
Elə bil bütün bunların ona zərrə qədər də dəxli yox idi, hey axtarır, öyrənir, oxuyur, çəkirdi. Çəkdikləri də daha çox uşaqlıq yaşantılarıyla, Krımla, Dərəköylə bağlıydı.
Amma alın yazısıydımı, nəydisə, Odessaya gəldiyi ilk günlərdən uğruna səhnə çıxmışdı. Vaxt tapan kimi teatra gedirdi. Bədaye Məktəbini bitirəndə də, ayağını teatrdan kəsmədi. Lazım gələndə tamaşaların tərtibatına yardım edirdi. Hətta risk eləyib kütləvi səhnələrdə, epizodik rollarda da oynayırdı. Axırda kətanla səhnə arasında seçim etməli oldu və 1918-ci ildə ikiillik Teatr studiyasında oxumağa qərar verdi.
O dönəmlərdə Bağçasaray şəhərində Krım-Tatar Milli Teatrı yaradılmışdı. 25 yaşlı Xeyri Əmirzadə də həmin teatrın ilk aktyorları sırasındaydı – siyasi təlatümlərə məhəl qoymadan yaradıcılıqla məşğul olurdu.
1921–1924-cü illərdə oynadığı Tahir ("Tahir və Zöhrə"), Bəy ("Arşın mal alan"), Tixon ("Tufan"), Alim ("Alim"), Yanğur ("Yanğur"), Podkolesin ("Evlənmə") və s. rolları onun tükənməz yaradıcılıq yanğısına malik olduğunu göstərirdi. O artıq seyrçilərin sevimlisinə çevrilmiş, 1923-cü ildə səhnədə qazandığı uğurlara görə "Krım-Tatar ASSR-in xalq artisti" fəxri adına layiq görülmüşdü.
Teatrın səhnəsində çıxış elədiyi illərdə görkəmli alim və sənətçi Osman Akçokraklı, rəssam Useyn Badninskiylə yaxın münasibətləri onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərdi.
Amma hələ də taleyin yazısından xəbərsiz idi.
...və səhnədən çəkiliş meydançasına
1924-cü ildə Odessa kinostudiyasında "Alim" filminin çəkilişinə hazırlaşan tanınmış rejissor Tasin işə başlamaqdan ötrü bütün məsələləri yoluna qoysa da baş rolun ifaçısını tapa bilməmişdi. Alim obrazını yaradacaq aktyor müsəlman adət- ənənələrini yaxşı bilməli, yaxşı at çapmalı, rəqs eləməli, mükəmməl fiziki keyfiyyətlərə malik olmalıydı. Vaxt ötüb-keçir, amma sınaqdan keçən namizədlərin heç biri rejissorun meyarlarına uyğun gəlmirdi.
Günlərin birində cavan bir oğlanın el şənliyində ehtiraslı ifasını, biçimli qədd-qamətini, sirayətedici gülüşünü görəndə Tasin qəti qərara gəldi: "Bu gülüş bütün filmə dəyər!" Elə bu kəlməylə də Xeyri Əmirzadənin yaradıcılıq yolunun yeni mərhələsi başlandı.
Çəkiliş meydançasına ilk dəfə çıxsa da, özünü itirmədi, sövqi-təbiiliklə ekran qanunlarının çərçivəsi daxilində obraz duyumunu məharətlə gerçəkləşdirdi. "Alim" filminin böyük uğur qazanması cavan sənətçinin populyarlığını daha da artırdı.
Xeyri Əmirzadənin 1920-ci illərdə çəkildiyi filmlər və ifa elədiyi rollar çeşidli olmaqla yanaşı, peşəkarlıq sarıdan da diqqəti çəkirdi. O dövrdə böyük tamaşaçı uğuru qazanmış "Daş haqqında mahnı" "Həbs üçün order", "Kira Kiralina" "Sement", 'Sədd uçuruldu", "Məkkəli qonaq", "Böyük günəş", "Sollar qızılgülü" filmləri onun yaradıcılıq imkanlarını aşkara çıxarmaqla yanaşı, demək olar ki, bütün rejissorların diqqətini özünə cəlb etdi.
Amma hələ də taleyinin bəxşişindən xəbərsiz idi...
Azərbaycanı özünə vətən seçdi...
1932-ci ildə Bakı kinostudiyasının dəvətilə "26 Bakı komissarı" filmini lentə alan görkəmli gürcü rejissoru Nikolay Şengelaya komissarlardan birini canlandırmağı xarakter ustası kimi tanınan Xeyri Əmirzadəyə tapşırdı. Aktyorun peşəkar və ilhamlı oyunu aktyor həmkarları və tamaşaçılarla yanaşı, kino tənqidinin də diqqətindən yayınmadı. İdeoloji təbliğat möhürü daşısa da, rejissor işi və aktyor ifası sarıdan sənət ölçülərinə uyğun gələn bu filmin uğuru Xeyri Əmirzadənin də taleyində dönüş nöqtəsi oldu: milli aktyor kadrlarının qıt olduğu o illərdə sənətçi, taleyini Azərbaycanla, milli ekran sənətimizlə bağladı. Bu bağlılığın ömrü isə uzun oldu – düz 25 il.
Növbəti il rejissor Mikayıl Mikayılov Xeyri Əmirzadəni "İsmət" filminə dəvət etdi. Aktyor bu filmdə İsmətin ərinin — sosializm meyarlarına görə antipod olan Səmədin obrazını yaratdı, rejissor görümünü ifadə eləmək üçün bacarığını əsirgəmədi. Bu səssiz ekran əsəri aktyorun plastikasını, mimikasını və obraz cizgilərini bütün dolğunluğuyla üzə çıxardı. Onun filmdəki ifasını görən böyük ədibimiz Cəfər Cabbarlı rejissor qismində çəkməyə hazırlaşdığı "Almaz" filmindəki Kərim obrazını Xeyri Əmirzadənin yaradacağını nəzərdə tutmuşdu. Ədibin vaxtsız vəfatından sonra onun işini davam etdirən rejissorlar – A.Quliyev və Q.Braginski də həmin rolu məhz Xeyriyə tapşırdılar. 1936-cı ildə ekranlara çıxan bu filmdə Xeyri Əmirzadənin ifası özünəxas cizgiləriylə seçilir.
Onun Azərbaycan sovet kinosundakı ən böyük uğuru böyük rejissor Səməd Mərdanovun adıyla bağlıdır. Rejissorun lentə aldığı, ideoloji yönümünə rəğmən, ekran sənətimizin sayılıb-seçilən əsərlərindən olan "Kəndlilər" (1939) filmində aktyorun yaratdığı Mehmandar bəy obrazı milli çalarlarına, bitkin xarakter cizgilərinə görə yaddaqalandır. Aktyor bu rolda mövcud ideoloji qəlibin tələblərinə əməl eləsə də, xarakterin özündən gələn xüsusiyyətləri ustalıqla qabarda bilir.
Xeyri Əmirzadə peşəkarlığı və koloritli ifasıyla artıq Azərbaycan ifaçılıq sənətində özünəməxsus yer tutmuşdu. Aktyorun səmimi və duyumlu oyunu, yaratdığı obrazın xarakterinin dərinliklərinə enməsi diqqətdən yayınmırdı. "Səbuhi" (1941) filmindəki Rəcəb də onun yaradıcılığında bir-birini tamamlayan obrazlar silsiləsinə daxildir.
Sənətsiz ötən illər
Müharibə illərində bədii filmlərin çəkilişinə fasilə verilməsi ("Arşın mal alan", "Fətəli xan" və müharibə haqqında bir-iki film istisna olunmaqla), Xeyri Əmirzadənin yaradıcılığına da təsirsiz ötüşmədi...
Bütün bunlar sənətçinin yaradıcılığında ağrılı bir boşluq əmələ gətirdi...
... Aradan illər ötəndən sonra çəkilişlər bərpa olundu. Peşəkarlığına, təcrübəsinə və ampluasına uyğun rollar gözləyən Xeyri Əmirzadə isə nədəncə unudulmuşdu. Təkcə 1955-ci ildə rejissor Lətif Səfərov yaddan çıxmış, çəkiliş meydançasından ötrü qəribsəmiş, tamaşaçılarla görüşmək üçün burnunun ucu göynəyən aktyoru "Bəxtiyar" filmində kiçik bir rola dəvət etdi. Sənətçi, az qala, obraza girməyi, kinonun ab-havasıyla yaşamağı yadırğamışdı. Ancaq həmişəki kimi, bu rolu da sanki sonuncu dəfə kamera qarşısında dururmuş kimi oynadı. Böyük seyrçi uğuru qazanan bu ekran əsəri Xeyri Əmirzadənin yaradıcılıq bioqrafiyasında sonuncu akkord oldu.
İstedadlı sənətçi 1958-ci ilin, 17 fevralında dünyasını dəyişdi.
Nəriman ƏBDÜLRƏHMANLI