Dövlət Tərcümə Mərkəzi ilə Ukrayna Kitab İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində davamlı və konstruktiv əməkdaşlıq – Azərbaycan və Ukrayna ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.
Qeyd edək ki, Ukrayna Kitab İnstitutu Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində dövlət siyasətinin formalaşdırılması, tərcümə işinin stimullaşdırılması və Ukrayna ədəbiyyatının xaricdə yayını və təbliği istiqamətində fəaliyyət göstərən dövlət qurumudur.
Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və Ukrayna Kitab İnstitutunun rəhbəri Oleksandra Koval tərəfindən imzalanıb.