Mehmet Binboğa
1963-cü ildə Türkiyənin Qəhrəmanmaraş şəhərində anadan olub;
1990-cı ildə Atatürk Universitetinin Türk dili və ədəbiyyatı fakültəsini bitirərək Qars İmam Hatib liseyində ədəbiyyatdan dərs deyib;
Antakya, Kütahya və Əskişəhərdə müxtəlif liseylərdə çalışıb;
Roman, hekayə, pyes və şeirlər müəllifidir;
Atam bir şahindi Afşin elində
Mən bir dağ səhəri – üzümdə quşlar,
İçimdə ruhu var muğam səsinin.
Atamı qardaştək qoruyuram mən.
Hansımızda eşq çoxsa, gənc olan odur
Hansı dağın arxasında qaldı baxışlar…
Mən bir dağ qaranquşu – qurğuşun rəngli,
Atam şahin kimi səmada süzür,
Könlündə ardıc əsintisi.
Yuva qurarkən sıldırımlarda
Baharlar açardı onun üzündə…
Mən fələyin qovduğu yaralı ceyran,
Atam bu yerlərin igid avşarı.
Tapança belində, tüfəng əlində
Kirvəm Qaracaoğlan, əmim Dadalı.
Koroğlu da səslənərdi dilində…
Ah, mən indi bu sifətsiz şəhərin
Yetimiyəm, qəribiyəm, yadıyam.
Sol yanımda gül açan bir çiçəyin
Tumurcuq yerinə açdı yarası…
Gül-çiçəklə danışardı hər bahar
Necə unudum mən gözəl atamı?!
Tərcümə edən: Sənan Nağı