Zuvdiya Hodciç
1943-cü ildə Monteneqronun Qusinye şəhərində anadan olub:
Monteneqro Universitetinin filologiya fakültəsini bitirib;
“Titoqrad tribune” qəzetinin və “Stvarabhe” ədəbi jurnalının redaktoru olub;
Hazırda “Kod” və “Almanax” jurnallarının redaktoru, Monteneqro Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Mədəniyyət cəmiyyətinin sədri, Əməkdar mədəniyyət xadimidir;
“İlk qonaqlıq” adlı şeirlər “Səssiz zənglər” və “Kimsə çağırır” adlı hekayələr toplusunun “Qusinyedə keçən illər”, “Davudun ulduzu” və “Mənimkilər” romanlarının, eləcə də “Ömrün bir günü” adlı xatirələr kitabının müəllifidir;
Yazıçının əsərləri polyak, sloven, makedon, alban və italyan dillərinə tərcümə olunub, Bosniya-Herseqovina və Monteneqronun orta məktəb dərsliklərinə salınıb.
Monteneqronun ən yüksək dövlət mükafatı olan “On üç iyul” ordeni ilə təltif olunub.
MEMAR
Uzun qış günləri, eləcə də Ramazanda dünyanın hər yerindən qəhrəmanlıq nəğmələrini, qədim rəvayətləri əzbər bilən və onları maraqla nəql edənlərin Qusinyeyə gəlməsi adət idi. Bir yerdən digərinə səfər edən bu qonaqların səyahət və burada qalmaq xərclərini qarşılamaq üçün hər kəs bacardığı qədər əl tuturdu.
Çox vaxt iftardan sahura qədər, gecənin necə keçdiyini hiss etməyərək bir yerə yığışan ailələr, nağıllarda eşitdikləri hər şeyə inanıb (bu mütləq belə olmalı idi) qədim rəvayətlərdəki taleləri sanki indi olurmuş kimi canlı yaşayırdılar. Nəğmələr və hekayətlər bir qayda olaraq bir-birinə bənzəyirdi, asanlıqla yadda qalırdı, əzbərlənirdi və nəsildən-nəslə ötürülürdü.
Ancaq bir dəfə fərqli hekayətləri tamamilə fərqli danışan bir naqqal gəlmişdi. Əvvəllər belə hekayətlər eşitməmişdik. Bəlkə də, buna görə az sonra o hekayətlər yadımızdan çıxdı. Bu hekayətlər, haradasa içindəki mühüm bir ismarıcla dəniz kənarına atılan şüşə qabları xatırladırdı.
Mən indi bu naqqalın memar Qara haqqında söylədiyi həmin hekayəti danışmaq istəyirəm. Düzdür, bəzi yerlərini unutmuşam, üstündən gör nə qədər vaxt keçib, həm də heç o vaxt da bu əhvalatı yaxşı anlaya bilməmişdim. Amma hər halda nəql edim.
Deməli, bu memar bol suyu olan bir çayın üzərində körpü salmaq niyyətində idi. Bunun üçün indiyə qədər ayağı dəyməyən, quşlar uçarkən qanad salan bir uçurum yer seçmişdi.
Bu memar bizim diyara bir gecə hamı yatdıqdan sonra xəlvəti gəlmişdi. Onu nə həmin gecə, nə də uzun müddət sonralar görən oldu. Onun üçün hazırlanmış evdən çox nadir hallarda, yalnız gecə, həm də onu səssizcə müşayiət edən silahlı mühafizəçilərin əhatəsində çıxardı. Əvvəlcə hamı onun dustaq olduğunu sanırdı, lakin bu şübhələr tez bir zamanda ortadan qalxdı. Onun ətrafında olan insanların uzaq bir ölkədən gətirildiyi öyrənildi. Nə özümüzünkülər idi, nə də türkcə başa düşürdülər.
Daha sonra fəhlələr və bənnalar gəlib dərhal işə başladılar. Lağım atdılar, dağlara qalxdılar, girişləri təmizlədilər, ağacları kəsdilər, taxta-şalbandan minlərlə qəlib düzəltdilər, dayaqlar, vinçlər qoydular (ustanın əmri ilə körpünün inşası üçün istifadə olunacaq əhəngin səkkiz il əvvəl torpağa basdırıldığı və təzə yumurta ilə qarışdırılacağı barədə şayiələr yayılmışdı). Səhərin erkən saatlarından bənnaların gürz və çəkic zərbələrinin səsi eşidilir, əks-səda uzaqlara yayılır, öküz arabalarının çətinliklə sürüyüb gətirdikləri daşlar parçalanıb oyulurdu.
Bu ağır hazırlıq işləri memarın təbiətindəki qəribəliyi ortaya çıxardı. Qara (gecə gəzintilərinə görə onu belə adlandırmışdılar) ilk əvvəl daşlara əli ilə toxunaraq sanki onların nəbzlərini, ruhlarını yoxlayırdı: “Bu yaxşı daş deyil, dayaz meydandandır, bu da soyuqdur, bu yaxşıdır, vallah, ürəyinin döyüntüsünü eşidirəm”.
Qara, eyni zamanda iki musiqiçi dəstəsi gətirməyi də əmr etmişdi. Onlar bütün inşaat boyu növbələşərək gözəl musiqilər ifa edirdilər.
Qaranın ikinci göstərişi də hamını təəccübləndirmişdi: yağışlı və buludlu günlərdə bütün işləri dayandırmaq və günəşin çıxmasını gözləmək lazım idi. Tərslikdən bu aralar havalar yaxşı keçmirdi. İşsizlikdən və bekarçılıqdan tənbəlləşən fəhlələr dedi-qoduya başlamışdılar. Əsas mövzu da memar Qara idi.
Tənha və hər kəs üçün yad olan Qara isə yalnız nakam sevgisi Fatması üçün inşa etdiyi körpünün xəyalları ilə yaşayırdı. Bu körpü onu qeyri-adi hisslərlə Fatmaya bağlayırdı.
Gecələr nə yuxuya gedə, nə də sakitləşə bilirdi. Yalnız Fatmanın xatirəsi ilə yaşayırdı. Fatmaya sevgisi onun yeganə möhkəm təməlli dayağı idi. Hər şeyi atıb getməsini və hər şeyə son qoymasını əngəlləyən də bu sevginin gücü idi. Xatirələri, körpünün taxta dayaqları çaya aşaraq onlarla fəhlənin həyatına son qoyanda, görülən işlər bir andaca bada gedəndə də dözməkdə və fikrindən daşınmamaqda ona kömək olmuş, güc vermişdi. Yenə də işə davam etmişdi, hər şeyi təzədən qurmuşdu. Körpünün hər hissəsinin onun üçün ayrıca mənası var idi. İncə şəkildə əyilmiş xətlər Fatmanın gözləri idi, ağ daş plitələrin sayı onunla keçirdiyi günlərə, tağların sayı birlikdə olduğu illərə bərabər idi, bəzək daşlarının tutqunluğu isə Fatmasının ondan ayrılaraq Persiyaya getdiyi günün havasının rəmzi idi.
Körpü demək olar ki, tamamlanmaq üzrə olanda Qara hər şeyin sökülüb yenidən qurulmasını əmr edir (Daşların üzərindəki rənglərə Fatmanın gözlərinin parıltısını istədiyi kimi verə bilməməsini özünə bağışlaya bilmirdi). Əlavə olaraq tapşırır ki, körpüyə daha bir giriş çəkilsin və ona elə istiqamət verilsin ki, günəşin işığı orada yığılıb körpüyə yönəlsin, daşların parıltısı daha da parlaq olsun.
Onun bu hərəkəti, insanlarda qəribə və dəli bir adamın şeytani əməllərlə məşğul olması barədə şübhələr yaratdı və sonra hamı bu ehtimala inanmağa başladı. Yaxşı məvacib alsalar da, Qaranın qəribəliklərinə görə bəziləri müxtəlif vaxtlarda işdən ayrılıb ondan əzrayıldan qaçırmış kimi qaçırdılar. İndi isə demək olar ki, hamı qaçmışdı. İnadkar nəzarətçilər isə uzaq diyarlardan yeni işçilər tapıb gətirdilər. İşlər yenə qeyri-adi bir şey olmayıbmış kimi davam edirdi. Maraqlarını boğa bilməyənlər körpüdə nələrin baş verdiyinə baxmağa gələrkən, Qaranın özünü görməsələr də, inşaatın gün-gündən böyüməsini aydın sezə bilirdilər.
Hər şeyin öz vaxtı var, körpünün inşası da doqquz ilə bitəcəkdi. Bura ayrı-ayrı yerlərdən çoxlu adamlar gəlirdi. Körpünün sorağı dünyanın hər yerinə yayılmışdı.
Ətrafındakı taxta qəliblər, dayaqlar söküldükdən sonra hər kəs körpünün qeyri-adi gözəlliyinə, harmoniyasına heyran qalmışdı. Baxmaqdan doymurdular, hamı böyük həzz və heyranlıqla bu gözəl əsəri alqışlayırdı. Belə bir möcüzəyə məhz onların şahidlik etməsinə görə xoşbəxt idilər.
Qəflətən sanki körpünün göbəyindən çıxıbmış kimi bir adam peyda oldu və qara paltarlı bu adamı hamı tanıdı. İnsanlar bir-birinə sarılırdı, coşqu ən yüksək həddə çatmışdı və sanki bu coşqunun suyu Qaranın üstünə də sıçrayıb onu bihal etmişdi. O, arzusunu və xəyallarını gerçəkləşdirdiyi üçün xoşbəxt idi.
Körpünün hər iki tərəfində olan insanlar ona yaxınlaşdılar. Onu əllərinin üstündə aparmaq istəyirdilər. Qara onların arasından birtəhər çıxdı və gözlənilmədən körpünün yan divarının üstünə qalxaraq qollarını quş qanadları kimi açdı və özünü sonu görünməyən uçuruma atdı...
Monteneqro dilindən tərcümə edən:
Seyran Mirzəzadə