Əksər dahilər kimi böyük rus yazıçısı Maksim Qorkinin də qəribəlikləri olub: gah bolşevikləri dəstəkləyib, gah tənqid edib, gah həbs edilənlərin müdafiəsinə qalxıb, gah da repressiyalara haqq qazandırıb...
Stalin və Qorki çox yaxın münasibətdə olublar. Hətta bu dostların bəzi vərdişləri də oxşar olub. Belə ki, rəhbər kabinetində və evdə dəyişikliyi xoşlamayıb. Qorki də sabitliyi sevib – yazıçının Ryabuşinsk, İtaliya və Krımdakı evlərində iş otaqlarının görünüşü, demək olar, eyni olub. Bununla bağlı belə bir ifadə də vardı: "Qorki harasa gedəndə kabinetini də özü ilə aparır".
Rəhbər yazıçının evinə qonaq getməyi xoşlayardı. Məhz Stalinin əmri ilə Qorkinin “Malaya Nikitskaya” küçəsindəki evi qapalı əraziyə çevrilmişdi.
Məhz bu münasibətlərin nəticəsi kimi 1932-ci ilin 26 oktyabrında Stalin SSRİ Yazıçılar İttifaqının üzvləri ilə görüşdə tarixi ifadə işlətmişdi: "Yazıçılar insan ruhunun mühəndisləridir".
Onların daha bir görüşü isə öz əksini rəsm əsərində tapıb. Həmin şəkil belə adlanır. "Qorki kitabını Stalinə, Molotova və Voroşilova oxuyarkən". Yazıçı həmin vaxt onlara müəllifi olduğu "Qız və ölüm" nağılını oxuyurmuş. Bu vaxt rəhbər deyib: "Bu nağıl "Faust"dan daha güclüdür". Belə ki, bu nağılda sevgi ölümə qalib gəlir. Məhz bu ifadəyə görə məmurlar Hötenin "Faust"unu dərsliklərdən çıxarmalı olmuşdular.
Stalin və Qorkinin dostluğu 30-cu illərin əvvəllərində özünün pik nöqtəsinə çatır. Bu barədə siyasi büro iclaslarının protokollarından da geniş məlumat əldə etmək olar. 1931-ci ilin martından 1932-ci ilin oktyabrına qədər "M.Qorki ilə bağlı məsələlər"ə düz 11 dəfə baxılıb. Lakin sonrakı üç il yarımda yazıçının müraciətləri ilə bağlı yalnız iki məsələ müzakirə edilib. Görünür İosif Vissarionoviç artıq canlı klassikdən "soyumuşdu". Maksim Qorkinin redaktə etdiyi "Stalin adına Belomorsk-Baltik kanalı" kitabı onların o dönəmlərdəki münasibətlərinə ən bariz nümunədir. Aralarında yaranmış soyuqluq kitabda da nəzərə çarpır.
Əslində isə Stalin bütün Avropada məşhur olan Qorkinin hörmət və nüfuzundan repressiyalara bəraət qazandırmaq üçün istifadə edirdi.
Qorkinin ölümü ətrafında da xeyli ehtimallar yaranmışdı. Onun zəhərlənməsi versiyası irəli sürüldü. Buna əsas verən yetərincə faktlar var idi. Ölən kimi yazıçının nəşi nahar stolunun üstündəcə yarılmış, beyni ekspertizaya göndərilmiş, tələsik surətdə Kreml divarlarında dəfn edilmək üçün yandırılmışdı.
Bütün məsuliyyət isə Stalinin üzərində qalmışdı. Çünki onların arasında münasibətlər pozulanda söz-söhbət yaranmışdı ki, yazıçı repressiyaların həddini aşırı hesab edərək həmişəlik İtaliyaya köçmək istəyir.
1938-ci ilin martında rəsmi versiyanı açıqlamaq zamanı gəldi. İttihamda yazılmışdı ki, “Qorki, antisovet trotskiçi dəstənin məhkəmə işi zamanı xalq düşmənləri tərəfindən öldürülüb”. SSRİ-nin Baş prokuroru Vışinskinin 60 səhifəlik ittihamnaməsinin 16 səhifəsi Sovet dövlətinin ictimai xadimləri S.M.Kirov, V.R.Menjinski, V.V.Kuybışev və M.A.Qorkinin ölümünə həsr edilmişdi.
Çıxışda "məhkumların etirafları və Qorkinin qətlinin səbəblərinin təhlili"ndən tutmuş "hadisənin təsviri"nə qədər hər şey təfərrüatıyla açıqlanırdı.
Prokuror Andrey Vışinskinin ittihamnaməsindən:
"Bessonov dedi ki, o, 1934-cü ildə Qorkiyə nifrət edən Trotski (Qorki də Trotskiyə nifrət edib) ilə Parisdə görüşəndə ondan tapşırıq alıb ki, yazıçını nəyin bahasına olursa- olsun aradan götürmək lazımdır. Dedi ki, Qorki Stalinin yaxın dostu və partiyanın siyasi kursunun əsas təbliğatçısı kimi çox məşhurdur".
Əslində isə Qorki, proletariatın dahi yazıçısının “təhlükəsizliyi”nin təmin olunması məqsədilə 1935-ci ildən ev dustağı idi.