“Aydın yol” məşhur fransız yazıçısı və filosofu Jan-Pol Sartrın fikirlərini təqdim edir.
Yaza bilməmək məni bir insan kimi yox edir. Sanki bu yer üzündə indi deyil, nə vaxtlarsa yaşamışam. Bu sözləri deyən adam, əslində, huşunu itirməlidir, amma mən naməlum səbəblərə görə nə kədərlənir, nə də qayğılanıram.
***
Həyatımın yeganə məqsədi yazmaqdır. Bir vaxtlar əvvəlcədən planlaşdırdıqlarımı qələmə ala bilirdim. İndi isə ancaq düşünə bilirəm. Təbii ki, yaza bilməməyim düşüncə fəallığımı da azaldır.
***
Sözlə yazı arasında böyük fərqin olduğunu hiss edirəm. İnsan yazdığını sonra yenidən ya sürətlə, ya da yavaş-yavaş oxuya bilər. Başqa cür desək, müəyyən bir cümlə üzərində nə qədər dayanacağınıza əvvəlcədən qərar verə bilməzsiniz, çünki cümlədəki çatışmazlığı ilk baxışda görməyə də bilərsiniz – çatışmazlıq, bəlkə, həmin cümlədədir, bəlkə, ondan əvvəlkində, bəlkə də, ən sonuncuda.
Bütün bunlar yazdığınıza müəyyən mənada, sehrbaz mətni kimi baxmağınızı, sözləri dəyişməyinizi, mətnin son versiyasını oxuyub, lazım gələrsə, yenidən düzəlişlər etməyinizi tələb edir. Bu işləri səsyazanla görmək mümkün deyil.
***
Bu günə qədər ancaq birbaşa yazmışam, bu üsulu dəyişmək artıq çox gecdir. Görmə qabiliyyətimi qırx yaşında itirsəydim, vəziyyət, bəlkə də, başqa cür olardı. Bəlkə, yeni yollar tapar – məsələn, bəzi yazıçıların istifadə etdikləri səsyazana öyrəşə bilərdim. Amma onun bu gün mənə kömək edəcəyinə inanmıram. Bugünkü gənclərin çoxu insanın fikrini dilinə gəldiyi kimi deməsinin vacibliyinə inanır. Bu səbəbdən səsyazan onlara daha çox lazımdır.
***
Hazırda çap olunan kitabların heç birini özüm oxuya bilmirəm, kimlərsə bunları mənə ya oxuyur, ya da danışır. Beləcə dərc olunan mətnləri izləyirəm. Simona de Bovuar mənə çox kitab oxuyub. Ancaq bəzən, məsələn, əsəri araşdırmaq, tənqid etmək, kitabın qəbul edilmiş qaydalara uyğun yazıldığını bilmək üçün gərək özün oxuyasan.
***
Mən təkliyə çəkilərək oxuyub-yazmağa vərdiş etmişəm. Yazıçılıq tənhalıq tələb edir. Nəyinsə üstünü örtən pərdəni qaldırmaq yalnız təklikdə mümkündür.
***
Düşünürəm ki, hər bir insan onunla görüşə gələn adama ürəyində olanları söyləməlidir. Məncə, insanlar arasındakı münasibətləri korlayan hər kəsin öz içində nələrisə gizlətməsidir. Lap əvvəldən şəffaflığın tərəfdarıyam. Nə vaxtsa istər subyektiv, istərsə də obyektiv səbəblərdən iki insanın bir-birindən gizlədəcək sirlərinin qalmayacağını indidən beynimdə canlandırıram. Fikirlərimizi gizlətməyimiz düzgün deyil, üstəlik, mənim təsəvvürümdə bədənlə ruh arasında hər hansı ayrı-seçkilik yoxdur.
***
Bədənimizi hər an kəsə hiss etdiririk və bu, yalnız cinsi əlaqə ilə yox, baxışlarımızla, hərəkətimizlə, duyğumuzla baş verir. Siz bədəninizi mənə təqdim edirsiniz, mən də sizə, çünki bir-birimiz üçün bədənlərimizlə varıq. Amma ağlımız, fikirlərimizlə eyni şəkildə bir-birimiz üçün mövcud deyilik.
Başqalarının gözündə mövcud olmaq istəyiriksə, onlara düşüncələrimizlə, ağlımızla toxunmalıyıq. Dil yalnız sözləri deyir.
***
Qapanmaq, bütün fikirlərin qarşı tərəfə çatdırılmasını çətinləşdirir, çünki başqasının beynində olanları oxumaq üçün onun prinsiplərinin səninki ilə nə dərəcədə yaxın olduğunu bilmirsən. Bu prinsiplər müəyyən nisbətdə aydınlaşdırıla, müzakirə oluna bilər, amma “qarşıma çıxan hər kəslə hər şeyi müzakirə edə bilərəm” ehtimalı doğru deyil. Bunu qonşumla, ya da yoldan keçən bir adamla edə bilmərəm. Çox inad etsəm, sona qədər mənimlə mübahisə etməkdənsə, dalaşmağı üstün tutar.
Demək, inamsızlıqdan, nadanlıqdan, qorxaqlıqdan yaranan, "ya qarşımdakına güvənmirəm, ya da çox az güvənirəm" kimi içimdə gizli bir hiss var. Odur ki qarşıma çıxan istənilən şəxslə hər şey barədə danışmıram, amma imkanım daxilində şəffaf və səmimi olmağa çalışıram. Çünki həm bizə, həm də başqalarına qaranlıq görünən tərəflərin yalnız səmimi və şəffaf olmağa çalışdığımız zaman aydınlığa qovuşacağına inanıram.
***
Yazılarımda şəffaflığın və səmimiyyətin ən uzaq nöqtəsinə çatmağa çalışmışam. Simona de Bovuarla, başqalarıyla, bu gün burada sizinlə keçirdiyim gündəlik söhbətlər var ki, bu zaman danışarkən kifayət qədər açıq, dürüst, səmimi olmağa, həyatımı tamamilə təqdim etməyə, ya da ən azından buna cəhd etməyə çalışıram. Amma hamı kimi mənim də demək istəmədiyim məqamlar var.
***
Mən bildiyim şeylərdən bəhs edirəm. Həmişə haradasa xırda, dilə gətirilməyən nəsnələr var ki, bu barədə başqalarına demək istəmirsiniz. Bildiyiniz kimi, insan hər şeyi demir. Lakin gələcəkdə insanlar özlərindən getdikcə daha çox bəhs edəcəklər ki, bu da münasibətlərdə böyük dəyişikliyə imkan yaradacaq. İctimai vəhdətin yaranması üçün insanlar bir-biriləri ilə vəhdət təşkil etməlidirlər. Yaşadığımız dövrdə bu, baş verə bilməz, çünki insanlar arasında maddi və mənəvi baxımdan səviyyə fərqi var. Məncə, insanlar arasındakı keçmiş və bugünkü toqquşmaların səbəbi olan maddi imkansızlıq aradan qalxan kimi bu vəhdət yaranacaq. Onda da yeni ziddiyyətlər ortaya çıxacaq. Əgər dünyanın bircə guşəsində belə bərabərsizlik və ayrı-seçkilik davam edərsə, onların doğuracağı qarşıdurmalar yenidən ictimai vəhdətdə yaşayan cəmiyyətlərə sirayət edəcək.
***
Bir zamanlar vəsiyyətnaməmi əvəz edəcək, həyat hekayəmin davamı olacaq uzun bir hekayə yazıb düşündüklərimi birbaşa demək istəyirdim. Bu hekayədə quramaçılıq çox az yer tutmalıydı. Oxucunun “Bur, Sartr özüdür” deyəcəyi bir obraz yaradacaqdım. Onun təsəvvüründə roman qəhrəmanı ilə müəllif eyni adam olacaqdı. Onun üçün qəhrəmanı anlamağın ən yaxşı yolu məndən ona keçən cizgiləri axtarmaq olacaqdı. Etmək istədiyim bu idi. Dedikilərim indiki zəmanədə yazmaq sənətinin əsasını təşkil edir. Çünki özümüzü çox az tanıyırıq və xarakterimizi sona qədər əks etdirə bilmirik. Bu səbəbdən bizim üçün ən doğru yazı üsulu belə ola bilər: "Qələmi əlimə aldım. Adım Sartrdır. Bunlar isə düşündüklərimdir".
***
Müəllifin qələmindən çıxan mətn dünya haqqında obyektiv varlıq kimi söz açanda, eyni zamanda ona qarşı çıxan subyektiv varlığa da işarə etməlidir. Müəllif onların yaratdığı bütövlüyün üstünü örtən pərdəni sona qədər qaldırmağa çalışmalı, hər ikisini daim nəzarətdə saxlamalıdır.
***
Bu gün ən dərin söhbətlər əsasən ziyalılar arasında olur. Bu, ziyalıların həqiqətə digər insanlardan daha yaxın olduğu anlamına gəlmir. Bu sadəcə, ziyalıların digər insanların hələ ki bacarmadıqları işi görmələrinə – yəni həm özlərini, həm də başqalarını anlamaq üçün müəyyən bir nöqtəyə qədər irəli getmələrinə görədir.
***
Düşüncə tərzimin hər şeyi qavrayıb təsvir etməyə gücü yetmədiyi zaman ondan kənara çıxmalı olurdum. Həmin sistemi özüm qurduğuma görə, hara qaçsam da, yenidən ona qayıdırdım. Bu sistemin dərinliyindəki gizli həqiqətə birbaşa çatmasam da, o mənə müəyyən mənada etibarlı olduğunu hiss etdirib.
***
Həqiqət sonsuzdur. Amma bu, bizim bir sıra həqiqətlərə çata bilməyəcəyimiz anlamına gəlmir. Əgər həmin o uzun hekayəni vaxtında yazsaydım, öz subyektiv həqiqətimi yaradanda taleyin diqtəsi ilə bir neçə həqiqəti aşkar edə bilərdim. Həm də bu, yalnız özümlə yox, eyni zamanda məni əhatə edən dövrlə bağlı ola bilərdi.
***
O illərdə yazmağa başladığım "Dialektik zəkanın tənqidi" əsəri məni özünə bağladı və demək olar ki, bütün vaxtımı aldı. Hər gün həb udub on saat dayanmadan işləyirdim. Çünki o kitabı mütləq yazmalı olduğuma inanırdım.
Bu, Macarıstan hadisələrinin baş verdiyi və kommunistlərlə aramdakı bağların zəiflədiyi günlər idi. Partiyayla əlaqəmi kəsməsəm də, özümü sürgün olunmuş kim hiss edirdim.
***
Mən artıq üzərimə düşən işin əsas hissəsini gördüyümə inanıram. Öz-özümə deyirəm ki, daim keçmişlə yaşamağa dəyməz, onlar artıq təfərrüatdır: hansısa bir mövzuda roman yazmaq xülyasına düşüb, sonradan əl çəkdiyimiz kimi.
Tərcümə edən: Nəriman Əbdülrəhmanlı