Elektron ədəbiyyat və sənət portalı

Pol Verlenin sonetləri Mahir N.Qarayevin tərcüməsində

Bölmə: Dünya ədəbiyyatı 05.08.2021

 

“Aydın yol” böyük fransız şairi Pol Verlenin sonetlərini təqdim edir

 

 

QADINA SONETLƏR

 

 

Cavanlıq ehtirası! O sevgili qadınlar!

Saçın qızılı rəngi, gözün mavi çaları!

Çiçək kimi ətirli, tər və sütül bədənlər!

Ürkək nəvazişlərin şirin çırpıntıları!

 

Qəfil hara yox oldu o şən günlər görəsən,

Axı o saf sevgilər hayanda itdi-batdı?

Yoxsa sağ çıxmadılar payızın nəfəsindən,

Sonra da peşmanlığın, həsrətin qışı çatdı?

 

Son gününü gözləyən tənha qocalar kimi.

İndi təkəm büsbütün! Qəmgin və qaşqabaqlı –

Kimsəsiz bir yetimtək qalmışam gözü yaşlı.

 

Heç zaman heç bir kəsin qəlbini sarsıtmadın,

Ana təbəssümüylə hərdən alından öpən –

Ürəyi sevgi dolu sən ey mehriban qadın!

 

 

***

 

Yazdığım bu şeirlər sizədir, yalnız sizə:

O şirin xəyalların hərdən-hərdən güldüyü,

Hərdən də ağladığı iri gözlərinizə!

Bir də saf qəlbinizdi sizdə könül verdiyim!

 

Müqəddəs ruhunuza üz tutub yazıram mən,

Hazıram ürəyimi sizə hədiyyə edim!..

Amma dərdim böyükdür! Məni daim izləyən

Canavar sürüsütək artır qorxum, dəhşətim!

 

Mənim bütün həyatım qana bulaşıb, nədir?!

Çəkdiyim bu dəhşətli iztirabın yanında

Cənnətdən qovulmuşun naləsi şən nəğmədir!

 

Və sizin kədəriniz bu nalənin önündə

Günortalar uçuşan qaranquşlara bənzər

Göy üzündə, gözəl bir sentyabr günündə!

 

***

 

Bir az incə davran, coşma, əzizim! 

Cilovla öz cılğın ehtirasını;

Hətta əyləncənin qızğın çağında

Sakitcə dəf elə ehtiyacını.

 

Qoy bir az süstləşsin bu nəvazişlər,

Aramla nəfəs al, sakitləş bir az;

Lap yalan da olsa, uzun öpüşlər

İsti ağuşunu heç cür soyutmaz.

 

Bilirəm, ürəyin pıçıldayacaq: 

Vəhşi ehtirasın gur çıxır səsi!

Qoy bunu fahişə söyləsin ancaq.

 

Əlini əlimin üstə qoy yenə –

Sabah pozacağın vədlər ver mənə,

Sübhədək ağlayaq, şıltaq qızcığaz!

 

 

***

 

Nəhəng qobelenlərin dəhşət ağırlığından

Dörd divarın dördü də sanki büküb qəddini.

Zülmət, bir də dəbdəbə əsir alındığından

Otaq içi sirr dolu gizli çadır kimidi.

 

Köhnə mebel elə bil Nuh əyyamından qalıb:

Rəngi solmuş parçalar, sınıq-salxaq çarpayı;

Burda kədər hər şeyə sirli bir kölgə salıb,

Az qalır gözə girsin divarların çatlağı.

 

Nə heykəl var, nə tablo, nə kitab, nə piano,

Qaranlıq küncdə yalnız bircə şeydi görsənən –

Təpədən dırnağacan ağ bir qadın fiquru.

 

Qatran qoxulu müşkün təsiri altındadır –

Odur ki anlaşılmaz qədim toy mahnısına 

Qəmli təbəssümüylə cavab verir o qadın.

 

 

 

 

 

 

***

 

Ölən günümə qədər yaddan çıxmaz o axşam,

Yaddaşımdan silinmir necə sakit yatmağın:

Hər şeyin puçluğunu o sükutda duymuşam,

Hər yanın boşluğunu onda bilmişəm axı!

 

Ey sevgim! Sənə bənzər ilahi möcüzənin

Erkən çiçəklər kimi bir baharlıqdı ömrü!

Qara qorxu, boğuldum zülmətində mən sənin!

Sən yat, mənsə oyağam. Durma hələ, yat görüm!

 

Mənim zavallı sevgim! Bu nə kövrək həvəsdir!

Yuxulu gözlərindən ölüm boylanır sənin,

Nəfəsin də elə bil çəkdiyin son nəfəsdir.

 

İçində ağrı dolu hönkürtülər gizlənən

Sən ey yuxulu gülüş! Söylə görüm, düzdümü?!

Oyan, mənə cavab ver: ruhlar ölümsüzdümü?