Elektron ədəbiyyat və sənət portalı

Onettinin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 18.08.2021

Xuan Karlos Onetti

(Argentina)

Dirilmə

Günortaya yaxın adətən yüngül təmas – yanımda uzanmış kişinin pəncəsindən qopan qumun yumşaqlığını hiss eləyirəm. Yarıyuxulu halda o kişinin kölgəsində tənbəl-tənbəl gərnəşir, gözlərimi onun gülümsəyən sifətindən ayırıb çevrilirəm.

Adəti üzrə o, əynini dəyişib çimərlik tumanını geyinir. Kişinin qabarıq cizgili sifəti həmişə təbəssümlü, həm də anlaşılmaz olur. Həmin ifadə mənə naməlum bir heyvanı xatırladır. Yalnız aprelin sonlarında, artıq buralardan çox-çox uzaqlarda olanda, bir payız qəflətən başa düşdüm ki, onun sifəti şən-şaqraq meymun balasının sifətinə oxşayırmış.

Ot basmış çökəklikdə uzanıb nə hoteli, nə qayaları görə bilirəm. Çimərlik, sonu düz üfüqə söykənən qəribə üçbucağa qədər kiçilib.

Bir səhər dəniz rəngini dəyişdi, tutqunlaşdı, qəfil qalxan dalğalar qumun üstünə qaçdı. Uç qız arın-arxayın sahildə gəzişirdi. Qulağıma yalnız onların dan yeri dalğalarının melodiyasını xatırladan cingiltili, aydın, bir an belə kəsilməyən gülüş səsləri gəlirdi.

Dan yeri ağaran vaxt müəyyən saatlarda həmişə dalğaların bu musiqisi eşidilirdi. Harada olsam da, o dalğaların narahat, qaçılmaz varlığını hiss eləyirdim – elə bil cins atlar dan yerinin ala-toranlığında qumlu sahillə dördnala çapırdılar... Qızların çimərlik paltarlarındakı güllər günəşin şüaları altında soyuq, süni görünürdü. Yanaşı gedən iki qız tünd-göy çimərlik paltarındaydı, onlardan ən ucaboylusu – göy şalvarlı, ağ qısa köynəkli qız isə yayxana-yayxana yeriyir, hərdən irəli cumur, rəfiqələrinin gəlib ona çatmalarını gözləyirdi.

Mən o qızların əyninə parlaq, yaxud tünd qırmızı paltarı daha münasib görürdüm. Amma sonra başa düşdüm ki, onların çimərlik paltarlarının tünd maviliyi, köynəklərimin ağlığı dənizin rənginə daha uyğun gəlir. Ucadan gülə-gülə irəli gedərkən, günəş onların yalın ayaqlarından tökülən su damlalarında bərq vuranda, yaxınlıqda isə mehriban dalğalar sakit-sakit çırpınanda qızları yenidən gördüm – hərəkətləri əyinlərindəki çimərlik paltarlarının rəng ahənginə çox uyğun gəlirdi.

Lap yaxınlıqda, alman kafesinin yanında qurulmuş çadırdan yad kişi səsi eşidilir və qadın onun səsinə səs verirdi. Qəhqəhələrin arasından çığırtı qopdu: “Baxma, buramı heç günəş də görməyib!” Mən öz tənhalığımdan yalnız səhər saat onacan ləzzət ala bilirdim.

Yulğun kolluğunun arasındakı əyri-üyrü cığırda addım səsləri yaxınlaşan vaxt saksonca danışıqlar eşitdim. Cütlük mənim sağ tərəfimdə peyda oldu – iri, güllü günlüyü bərkidib çimərlikdə özlərinə yer elədilər. Saçları artıq ağarmağa başlamış idmançı bədənli kişi daim gülümsəyir, sanki deyirdi: “Günəş, hava, çimərlik – füsunkar səhərdir, elə deyilmi?” Onun yüngül gülüşü, adətən, cavaba ehtiyacı olmayan suallarla yekunlaşırdı. Qadın cavab vermirdi. O, uşağı soyundurur və sonra həvəsləndirirdi ki, arxasınca qaçsın, yaxud da sürünsün. Qadının əynində çimərlik paltarının üstündən geyindiyi qısa ağ tuman, gözündə qara eynək vardı.

Qadın adəti üzrə əlləri arxasında çimərliyi qətiyyətlə keçib dənizə sarı gedirdi. Hiss olunurdu ki, o, dənizə sonsuz inam bəsləyir. Qədd-qamətli bu qadın dənizlə salamlaşmaq, ehtiramını bildirmək üçün həmişə suyun lap kənarında ayaq saxlayırdı.

Bu dəfə kişi qadını səslədi: “Tuka!” Günorta yaxınlaşırdı, qağayılar bu adı eşidib sanki onu tanıdıqlarını bildirə-bildirə, çimərliyin bu boş guşəsini qulaqbatıran çığırtılarla doldura-doldura havada dövrə vurdular.

Kürəyimin daha yaxşı yanması üçün üzü üstə çevrilmək vaxtı gələndə, nəzərlərimi ətrafda gəzdirib müəyyən müddətə çimərliklə sağollaşdım.

İndi bədənimə sakitlik və rahatlıq hakim kəsilir, onun labüdlüyünə tabe olurdum. Üzümü əllərimin arasında gizlədib hərəkətsiz uzananda, qəfildən qarışqalar səltənətinə, quru, saralmış otların içinə düşürdüm. Amma həşəratların fəallığının mahiyyətinə, onların məqsədsiz ora-bura qaçmalarının, elə hey nəsə axtarmalarının mənasına vara bilmirdim. Qarışqalara gülümsünürdüm, qum dənələrinin onları necə örtmələrini, onların inadlı cəhdlərdən sonra təzədən necə üzə çıxdıqlarını, dirildiklərini müşahidə eləyə-eləyə astaca qumu üfürürdüm.

Dəniz gözlənilməz qüvvəylə zəif, aciz insan səslərini uda-uda dalğalanır, köpüklənirdi – bütün bunlar məndə qəribə hisslər oyadırdı. Günəş çiyinlərimi, kürəyimi dözülməz dərəcədə yandıranda, qəfildən hardansa kölgə peyda oldu.

– Yatırdınız?

Salamlaşmaq üçün başımı qaldırdım – yanağıma qum dənələri yapışmışdı... Axşam toranlığının düşməsiylə çimərlik qonşumun üzünü unudurdum. Həmin sifəti bir də səhər tanıyırdım.

– Hə, bu gün kefiniz necədir?

Özümü yaxşı hiss eləsəm də hər dəfə onun yaxınlaşmasıyla əhvalım bir qədər korlanırdı. Çünki bu kişini başqa aləmin elçisi sayırdım və o aləm haqqında xatirələr məndə həyəcan oyadırdı. Yenə həmin an yetişdi, yanımda uzanmış kişi dirsəklərinə dayaqlanıb dikəldi, uyuşmuş ayaqlarını havada tərpədə-tərpədə yaltaqcasına təbəssümlə dilləndi:

– Bilirsizmi, bugünkü məktubunda mənə nə yazır?

– Kim, Edoardo? Nədir, hər gün  məktub yazır? Hərdən mənə elə gəlir, onları uydurursunuz...

– Baxmaq istəmirsiniz? Uzaqdan, əlbəttə... Axı heç də o məktublar hamısı

sizin barənizdə deyil.

– Yox, hətta uzaqdan da baxmaq istəmirəm. Daha necə izah eləyim ki, başa düşəsiniz? Mən kiminsə haqqında nəsə bilmək istəmirəm. Bu, dünyada olan hər insana aiddir – istər kişi olsun, istər qadın. Mənim üçün başqa heç nə mövcud deyil – bir mənəm, bir də bu çimərlik.

– Təşəkkür edirəm.

– Elə siz özünüz də, əslində, mənim üçün yoxsunuz – yalnız bu çimərliyin bir parçasısınız, vəssalam.

– Nə olar... Amma niyə axı siz ona cavab verməyəsiniz?

– Bacarmaram. Görürsünüz ki, xoşbəxtəm. Edoardoya deməyə sözüm yoxdur.

Kişi kinayəylə gülümsünüb susdu. Amma çimərlikdən getməzdən qabaq yenə sözünün üstünə qayıtdı:

– Əlbəttə, Edoardo ağıllı adamdı, hər şeyi başa düşür, amma siz artıq yaxşılaşmısınız, qayıtmaq vaxtıdır. Əgər müxtəlif bəhanələr uydurmağa hazırlaşırsınızsa...

Vidalaşanda ona əl eləyib təzədən quma uzandım.

Bir səhər, təsadüfən qısa ağ tumanlı qadının sirri mənim üçün əyan oldu. O, həmişəki kimi, əlləri arxasında dənizə sarı gedirdi. O qadın belə erkən vaxt çimərlikdə kimsənin olmadığına əminliklə vərdişini  pozdu – ayaqlarını gah açıb, gah da büküb dənizin ona sığal verməsinə necə imkan yaratdığını gördüm... Uşaq anasının bu hərəkətlərinə baxa-baxa çaşqın vəziyyətdə donub qaldı. Mən dəniz xərçənglərinin qarmaqarışıq davranışını xatırladan bu hərəkətlərin mənasını anladım. Onun ayaqları gün işığında bərq vura-vura çırpınan balıq kimi havanı yüngül təmaslarla mehribancasına sığallaya-sığallaya azacıq bükülürdü. Dəniz dalğalana-dalğalana onu qucaqlayır, yüngül köpük yuxarı qalxıb səs-küylə ayaqlarının altına sərilirdi.

Artıq bu sərbəstliyi – sübh günəşi altındakı qumlu çimərliyin sərbəstlik duyğusunu canımda hiss eləyirdim. Kaş, gözəgörünməz bir adam bütün qandallarımı açmağı bacaraydı. Mənə elə gəlirdi ki, çox-çox uzaq zamanlara – hələ insan yaşamayan torpağa, ilk qəbilələrin və ilk tanrıların dövrünə köç eləmişəm.

Sahillə gəmi üzürdü, quşun ağacı necə dimdiklədiyi eşidilirdi. Burada keçirdiyim son səhərimdə kişi dilləndi:

– Salam. Sizi oyatdım? Belə gözəl, hörmətli senyorita... Məsələ burasındadır ki... bugünkü məktub ultimatumdur, əzizim. Əsl ultimatumdur. Gündüz saat birəcən Edoardo sizin zənginizi gözləyir, bir qərara gəlin. Soldakı buludları görürsünüz? Tufan başlayır. Qoca dəniz canavarına inanın. Cəmi yarım saat vaxtımız var. Axı artıq sağlamsınız. Bir gün tez, bir gün gec, onsuz da qayıdacaqsınız. Hə, necədir, qərara gəldik? Baxın, artıq hotelin üzərində ildırım çaxır, sizə soyuqlamaq olmaz.

Kişi həmişəki kimi üzündəki təbəssümlə buludlara baxdı. Getməzdən qabaq bir daha gülümsədi, amma bu dəfə onun sifətində kinayədən və nifrətdən başqa heç nə yox idi. O, əmin idi ki, Edoardoya zəng edəcəyəm.

Az sonra xalatımı çiynimə atıb qalxdım. Bir xeyli qaranlıq səmaya necə baxdığım yaxşı yadımdadır. Sonra çimərliyə göz gəzdirdim. Nəzərlərim dənizə, sahildəki yaş qum zolağına, oğluyla oynayan ağ tumanlı qadına, uzaqdakı çəmənliklərə zilləndi...

Artıq hoteldə dəstəkdən cavab gələnəcən telefon köşkündə gözləyə-gözləyə şimşəyin çaxmasını, pəncərənin şüşəsiylə sel kimi yağan yağışın səsini eşidirdim. “Alo, alo... Hə! Kim? Alo...” Edoardonun səsi lap uzaqdan gəlirdi. Onun səsinə qulaq asa-asa, vücudunu təsəvvürümdə canlandıra-canlandıra qəfildən şəhərin səs-küyünü, keçmişimi, ağrı-acılarımı, insan həyatının mənasızlığını ruhumda hiss elədim.

Artıq vağzala yola düşəndə, hər tərəfdən çamadanların əhatəsində oturduğum maşında özümünküləşdirdiyim həmin çimərlik mənzərəsini axırıncı dəfə görmək üçün geri çevrildim. Qumlu sahil, parlaq rənglər, tam xoşbəxtlik hissi – indi bunların hamısını çirkli, köpüklü su basmışdı. Qəfildən necə sürətlə qocaldığımı, gözgörəsi dəyişdiyimi, ağrılarımın yenidən canına qayıtdığını hiss etdim.

 

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı