Həmin illərdə yeniliyə can atan Azərbaycan qadınının obrazını yaratmaq "Almas" (1936) filminin başlıca məqsədi idi. Yenicə təhsilini bitirmiş Almasın "müəllimlik etmək üçün kəndə gəlməsi, burada yeniliyin qabağını alan qara qüvvələrlə ölüm-dirim mübarizəsi aparması və sadə adamların köməyi ilə bu mübarizədən qalib çıxması" süjetin bəsitliyindən xəbər versə də, böyük dramaturq Cəfər Cabbarlı ssenaridə kəskin dramaturji konflikt yaratmağa, obrazların xarakter cizgilərini ustalıqla açmağa nail ola bilib. "Azərbaycan qadınını sosializm quruculuğuna cəlb etmək, onun mədəni səviyyəsini artırmaq, köhnəlmiş adət-ənənələrin təsirindən xilas etmək məqsədi güdən" bu sayaq filmlərin başlıca funksiyalarından biri də geniş tamaşaçı kütləsini tərbiyə etmək, ideoloji zövqünü formalaşdırmaq idi.
Filmin çəkiliş prosesi barədə məlumat verən mətbuat materiallarında da mövzudan gələn başlıca vəzifələr aydın görünür. Müəlliflər A.Quliyev və Q.Braginskinin pavilyon çəkilişlərindən, onların rəhbərliyi altında Dədəgünəşə gələn ekspedisiyanın fəaliyyətindən, "Almas" filminin Şamaxı kolxozçularının sosializm kəndi uğrunda mübarizəsi ilə uyğunlaşdırılmasından ("Kommunist", 1935, 22 avqust, №-193 (4519)) yazan "Azərfilm" trestinin direktoru İ.Dublinski "Filmi necə hazırladıq" məqaləsində "C.Cabbarlının ölümü ilə filmin müvəqqəti dayandırılmasından sonra istehsalata buraxıldığını qeyd edərək rejissor, operator, rəssam, aktyor heyətini böyük bir kino əsəri yaratmaq üzərində çalışan vahid bir kollektiv kimi səciyyələndirir. Film yekunlaşandan sonra "Azərfilm" tresti bu ekran əsərinin səsləndirilməsi ilə bağlı SSRİ XKS yanında Baş Kinematoqrafiya İdarəsinə müraciət edir. Moskvadan icazə alınsa da, filmi tamamilə səsləndirmək texniki səbəblərdən mümkün olmur və yalnız musiqinin yazılması ilə kifayətlənirlər. Bəstəkarlar Niyazi və Z.Hacıbəyovun müəllifliyi ilə Azərbaycanın zəngin musiqi folkloru əsasında yazılmış musiqi lentə səs operatoru İ.Ozerski tərəfindən yüksək səviyyədə köçürülür.
Araşdırıcı N.Mehdiyeva "Almas" filmini Azərbaycanın ilk səsli kinosu hesab edir. Amma kinoşünas A.Kazımzadənin haqlı olaraq yazdığı kimi, bu ekran əsərini səsli saymaq olmaz. Çünki film iki variantda hazırlanmışdı: birinci variant tam səssiz idi, ikinci variantda isə Niyazi və Z.Hacıbəyovun musiqisindən istifadə edilmişdi. İkinci variantda da aktyorlar danışmırlar. Odur ki onu səsli film kimi təqdim etmək düzgün deyil.
Azərbaycanda səssiz kinonun son ekran işi 1935-ci ildə istehsalata buraxılmış "Məhəbbət oyunu" filmi oldu. Görkəmli sənətkarımız A.M.Şərifzadənin V.Koçetovun həmmüəllifliyi ilə quruluş verdiyi bu film də təbliğat-təşviqat xarakteri daşıyaraq insanın əməyə münasibətini ifadə edirdi. Amma A.Popov və R.Xaçumyanın qurduğu süjetin bayağılığı, sxematikliyi, hətta bu bəsit ideyanı da gerçəkləşdirməyə imkan verməmişdi. Quruluşçu-operator B.Pumpyanskinin, quruluşçu-rəssamlar V.Aden və G.Əliyevin, qrim rəssamı G.Parisaşvilinin işində hansısa bir peşəkarlıq duyulmurdu.
Aktyorlar İ.Əfəndiyevin (Səttar), M.Şamxalovun (Kərim), L.Raytsixin (Onegin), A.Lodzinin (Şinkin), M.Əliyevin (VVAQ müdiri), V.Koçetovun (Petka), Ş.Şərifzadənin (Leyla) rolları obraz yaratmaqdan çox, oyunbazlığı xatırladırdı.
Filmin ssenarisi yetərincə naşı süjet əsasında yazılmışdı. Tənbəl, pinti və bacarıqsız Səttar çilingər Leylanı sevir. Leyla isə meylini Kərimə salıb. Kərim Leyladan xahiş edir ki, Səttara biganə olmasın, onun qayğıya daha çox ehtiyacı var, bəlkə də, bu halda onda əməyə məhəbbət hissini artıra bilər. Leyla bunu bir oyun hesab edib razılaşır və "məhəbbət oyunu" başlayır. Nəticədə Səttar dəyişir, işgüzar və səliqəli olur, Leylanın tələbi ilə sürücülüyü öyrənir, yoldaşlarının rəğbətini qazanır. Kərimlə Səttar imtahan verib məktəbə daxil olurlar. Kərim Leyla ilə evlənmək üçün Səttarla birgə VVAQ şöbəsinə gedir. Burada Leyla Kərimə yox, Səttara ərə getmək fikrində olduğunu bildirir.
A.M.Şərifzadə ssenaridən gələn bayağılığı, ayrı-ayrı epizodlarda maraqlı kadrlarla aradan qaldırmağa çalışsa da, buna müvəffəq olmayıb. Nəticədə səssiz kinomuzun və A.M.Şərifzadənin son ekran əsərinin aqibəti uğursuz alınıb.
Ekranlara buraxılan film mətbuatın və tamaşaçıların haqlı tənqidinə səbəb oldu. Rəylərdən biri belə idi: "Mayın 20-dən "Azərfilm"in "Məhəbbət oyunu" filminin Leninqrad kinoteatrlarında göstərilməsi başlanılmışdır. Leninqrad mətbuatı film haqqında ictimaiyyətin fikrini ifadə edib, haqlı olaraq əsəri tənqid etmiş və ona mənfi rəy vermişdir. "Krasnaya qazeta" film haqqında belə yazmışdır: ""Məhəbbət oyunu" komediya janrındadır. Lakin burada gülməli heç bir şey yoxdur. Filmdə məna tapmaq çətindir. Qəhrəmanların boş-boşuna veyillənməsi şura tamaşaçısında təəccübdən başqa bir şey oyada bilməz. Leninqrad Vilayət Həmkarlar Şurasının plenumu bu filmi müzakirə edərək "Azərfilm"ə məktub göndərməyi qərara almışdır". (Ədəbiyyat qəzeti", 1936, 18 iyun).
Bütün bunlarla yanaşı, həmin dönəmlərdə Azərbaycan kinosu tamamilə yeni bir janr olan multiplikasiya sahəsində də öz imkanlarını sınaqdan keçirməyə başlamışdı. 1935-ci ildə görkəmli ədib Abdulla Şaiqin yazdığı nağılın süjeti əsasında "Rəqs edən bağa" adlı qısametrajlı film çəkilmişdi.
Beləliklə, Azərbaycan səssiz kinosunun son filmləri ölkənin və respublikanın siyasi-ideoloji rəhbərliyinin həyata keçirdiyi xəttə uyğun olaraq təbliğat-təşviqat funksiyasını həyata keçirirdi. Bu dövrdə istehsal olunmuş "Lətif", "İsmət" və "Almas" filmləri ideoloji-siyasi məqsədindən əlavə, milli kino kadrlarının hazırlanması və təcrübə keçərək püxtələşməsi cəhətdən də önəmli idi.
Nəriman Əbdülrəhmanlı