Xosrov Şahani
(1929–2002)
SONUNCU MÜŞTƏRİ
(hekayə)
Dünən axşam dedim, evə bir az tez gedim. Saat səkkizin yarısı olardı, işlərimi yekunlaşdırdım. Axşam qəzeti alıb sonuncu dayanacaqda avtobusa əyləşdim. Avtobus yarıyacan dolduğundan, sürücü sərnişinləri gözləyirdi. Elə yerimi təzəcə rahatlamışdım ki, qara plaşlı, bəstəboy bir cənab gəlib yanımda oturdu. Vaxtı öldürmək üçün qəzeti açıb başlıqlara göz gəzdirməyə başladım: “İran idmançıları Asiya çempionatında ilk yerləri tutublar”, “Yaxın günlərdə günəmuzd işləyənlərin əməkhaqqı məsələsinə aydınlıq gətiriləcək”, “Baş nazir sitrus meyvələri pavilyonunun açılışını edib”, “Üçüncü beşillik planın icrasına əlavə olaraq 620 milyon rial vəsait ayrılıb”, “Vyetnamlılar Amerika dəniz piyadaları batalyonunu darmadağın ediblər”. Daha sonra elan və reklamlar gəlirdi: “Razi” univermağı ən aşağı qiymətə ən yaxşı parçaları təklif edir”, “Son dəbli qadın geyimləri yalnız “Tavuszadə” mağazasında”, “Uran” kinoteatrında “Su altında döyüş” filminə baxa bilərsiniz”...
Qəzeti bükmək istəyirdim ki, qonşumun gözlərini hansısa bir yazıya dikdiyini və ondan başqa heç nəyi görmədiyini hiss elədim.
– Hə, nooldu, tərpənək? – sürücü güzgüdə sərnişinlərə baxıb dilləndi.
– Hə, sür gedək, – konduktor cavab verdi.
Avtobus yerindən tərpəndi, onun sıçrayışı qonşumun gözünü qəzetdən ayırdı. Fürsətdən istifadə edib səhifəni çevirmək istədim. Ancaq o, nəzakətlə xahiş elədi:
– Bağışlayın, zəhmət olmasa, icazə verərsiniz axıracan oxuyum?
– Hə, əlbəttə, buyurun!
Yazının son sətirlərinə də gözucu baxıb başını qaldırdı və soruşdu:
– Siz bu məlumatı oxudunuz?
– Hansı məlumatı?
– Bunu! – barmağını kiçik bir xəbərin üstünə qoydu və cavab gözləmədən ucadan oxumağa başladı: – “Dünya bazarında qara kürünün qiyməti ucuzlaşıb!” – Sonra da istehzayla səsləndi: – Günümüzə bax da, vallah! Siz buna nə deyirsiniz?
Mən xəbəri oxudum. Yazılmışdı ki, bizim ixracat-idxalat təşkilatlarımızın qara kürü istehsalı üzrə beynəlxalq konsorsiumun nümayəndələri ilə danışıqları nəticəsində kürünün bir kiloqramının qiymətinin yetmiş beş dollardan yetmiş dörd dollara endirilməsi qərara alınıb.
– Gerisini oxumasanız da olar, onsuz da, hər şey aydındı! – qonşumun hiddətli səsini eşitdim. – Zətmət olmasa, deyin, siz haçansa qara kürünün dadına baxmısınız?
– Xeyr, baxmamışam.
– Heç bu günə kimi onun qiymətini bilirdiniz?
– Əşi, hardan?
Bir qədər susdu. Sonra dedi:
– Belə başa düşdüm ki, siz ölkəmizin varlı təbəqəsinə mənsubsunuz. Elədi?
Bu, olduqca incə bir məsələydi. Əgər desəm ki “hə”, – hardan bilim, bəlkə, o, gizli polis xəfiyyəsidi və “hardan almısan?” qanununun hansısa maddəsinə əsasən məni izləyir? Yox, əgər desəm, “yox”, onda da istər-istəməz, onun gözündə alçalacağam, heç nədən ləyaqətimi ayaqlar altına sərmiş olacağam. Necə deyərlər, yuxarı tüpürsən bığdı, aşağı tüpürsən saqqal!
– Nə deyim, vallah, belə də, ortabab dolanırıq, – canqurtaran bir cavab verdim. – Elə hamı necə, biz də elə, çulumuzu sudan çıxarırıq.
– Beləliklə, əgər səhv eləmirəmsə, biz sizinlə cəmiyyətimizin nisbətən imkanlı təbəqəsinə mənsub adamlarıq. Ancaq bununla belə, bizdən heç birimiz indiyə kimi nə kürünün dadını bilir, nə də onun, ümumiyyətlə, nə olduğu, nəylə yeyildiyi, necə əldə olunduğu barədə təsəvvürə malikik. Və birdən, durduğumuz yerdə məlum olur ki, salamməleyküm, bəs, qışın oğlan çağında kürünün qiyməti yetmiş beş dollardan yetmiş dörd dollara endirilib. Sizcə, bu, yaxşıdı?
– Hə, əlbəttə ki, yaxşıdı. Biz buna ancaq sevinməliyik.
– Nəyə sevinməliyik ki, hə?
– Kürünün qiymətinin aşağı düşməsinə.
– A kişi, mən sənə, – hiss olunmadan o “sən”ə keçdi, – deyirəm ki, qışın vurhavurunda camaat isinmək üçün kerosin, odun almağa pul tapmır, bunlar da saqqal darağıyla başımızı aldadırlar. Pah atonnan, kürünün qiymətini aşağı salıblar!.. Yeri gəlmişkən, özün nə peşənin sahibisən?
– Özəl nəşriyyatların birində işləyirəm.
– Hə-ə, belə de! Mən də dedim birdən xəfiyyə olarsan, xəbərimiz olmaz... Bax bu saat gedib məhkəmələri yoxlasan, səni inandırıram ki, ordakı işlərin doxsan doqquz faizinin ehtiyac və yoxsulluq üzündən törədildiyini görərsən.
– Bir vaxt tapıb baş çəkərəm.
Konduktorun cır səsi söhbətimizi yarımçıq qoydu:
– Növbəti dayanacaq: “Rezvan!” Düşən var?
– Hə, saxla! – Qonşum dilləndi və üzünü mənə tutub dedi: – Siz Allah, inciməyin, mənə bir neçə dəqiqə də vaxt ayırmağınızı rica eləmək istəyirəm.
– Deyirsiniz yəni, sizinlə birlikdə avtobusdan düşüm?
– Bəli, xahiş eləyirəm! Sizin taksi pulunuzu da verəcəm, narahat olmayın. Sadəcə, burada, küçədə bir az durub söhbət eləyək. Bilirsiniz, yanıram ey, hirsimdən az qalır ürəyim partlasın...
Neyləyə bilərdim? Belə xırda bir şeyə görə kişinin qəlbini sındırmayacaqdım ki. Nə olacaq, söhbət eləyəcəyik də. Onsuz da heç vaxt evə belə tez getməmişəm.
Avtobusdan düşdük. Yol ilə səki arasındakı arx ləbələb çirkli, üfunət iyi verən su ilə dolu idi. Suda kağız qırıntıları, portağal qabıqları, yırtıq başmaq tayı üzürdü. Yol yoldaşım istehza ilə: “Budur, paytaxtımızın su arteriyası!”– dedi. Hasar dibində ayaqyalın, yarıçılpaq adamlar balaca bir tonqalın ətrafında canlarını qızdırırdılar. Çiskin yağış da bir yandan, soyuq damlaları zavallıların sifətinə çırpırdı. Bir sözlə, hava da elə bizim əhvalımız kimi pəjmürdə idi.
– Bir şey içmək istəyirsiniz? – yoldaşım qoluma girib soruşdu.
– Xeyr, sağ olun, istəmirəm.
– Niyə ki? Gəlin, adama bir parç pivə içək, sonra söhbətimizi davam elətdirərik. Düzünü deyim ki, sizi görən kimi xoşuma gəldiniz.
– Təşəkkür eləyirəm, amma...
– “Amma” qəbul olunmur! Bir parçla nə olacaq ki? Bütün günahını da öz boynuma götürürəm.
–Yox, nə danışırsınız, məsələ günahda deyil. Onsuz da hamı – şeyxlər, mollalar, məmurlar, fəhlələr, atəşpərəstlər, müsəlmanlar, imanlılar, imansızlar içir. Mən, sadəcə, gərək...
– Heç bir bəhanə də istəmirəm. Onsuz da sizi heç yana buraxan deyiləm!
– Yaxşı da, heç olmasa, buralarda münasib bir yer var?
– Əlbəttə var, niyə də olmasın? Bəyəm kitabxana axtarırıq ki, tapa bilməyək?..
Tezliklə hansısa qəlyanaltıxananın taybatay açılmış qapıları qarşısında ayaq saxladıq. İçəri keçdik. Bir xeyli adam vardı. Masaların üstündə bulaşıq boşqablar, ağzıbağlı və boş içki şüşələri vardı. Küncdə boş bir masa görüb, gedib əyləşdik. Yoldaşım iki şüşə pivə və püstə sifariş elədi. Mən nəzakətlə ona siqaret təklif elədim.
– Hə, bayaq harda qalmışdım? – siqaretini yandırıb soruşdu.
– Nədi o... hə... arxda...
– Əşi, cəhənnəm olsun arx. Avtobuslara baxanda arx toya getməlidi. Hələ taksilər!.. Bahalıq və xalqın savadındansa heç danışmağa dəyməz... Bax götürək elə məni, o üç balamın ölmüşünə and içirəm ki, mənim səbir kasam daha dolub ey, az qalıb ki... Yaxşı, nə isə, deyəsən, ucundan tutub ucuzluğa gedirəm. Əşi, gəl vuraq! Heç demədin adın nədi?!
Adımı dedim. O da özünü təqdim elədi.
– Hə, tanış olduq. Deyirəm, bir bu camaata fikir verirsən? Hərənin öz ev-eşiyi, ailəsi, uşaqları... Görəsən, onları nə məcbur eləyir ki, gecənin bir aləminə kimi burada oturub əyyaşlıqla məşğul olurlar?
– Yəqin, burda vaxtları xoş keçir.
– Xoş keçir?
– Hə də!
– Sən nə danışırsan, ay qurban olum, burda nə xoşbəxtlik, nə sevinc? Onları bura gətirən qayğılarıdı, dərdləridi, nə bilim, ev kirayəsi, əzizlərinin problemləridi, sabahın fikridi. Bu gündən dərd-sərsiz çıxmağın nigaranlığıdı... Onların şənlənmək yadlarına düşür ki?! Günü xoş keçən o adama deyərəm ki, bir ayağı burdadı, bir ayağı Londonda, Birləşmiş Ştatlarda. Bu sifətlərə diqqətlə bax, sən Allah. Heç bunlar haqqında demək olar ki, “günləri xoş keçir”?
– Nə bilim, vallah, siz bilən məsləhətdi.
– Niyə cavabdan qaçırsan? Olmaya, məndən çəkinirsən?
– Yox, niyə ki, nədən çəkinəcəyəm ki? Sadəcə, deməyə sözüm yoxdu.
– Ay sağ ol, elə məsələ də bundadı. Həyatımız başdan-ayağa yalandı. Hamımız hamıdan və hər kəsdən şübhələnirik. Nəciblik, dürüstlük, prinsipiallıq, humanizm kimi anlayışlar yox olub. Hər kəs kimisə aldatmağa çalışır. Hamının fikri-zikri odur ki, görəsən, haradan ən yağlı tikəni qamarlasın. Sənə salam verənlərin də, demək olar, hamısı səndən öz mənafeyi üçün faydalanmaq haqqında düşünür. İndi sən mənə deyə bilərsənmi ki, bütün bunların günahı kimdədir, hə?
– Nə bilim, mənim belə şeylərdən başım çıxmır.
– Yaltaqlıq, ikiüzlülük bütün ölkəni bürüyüb! Görüşəndə bir-birimizi yalandan elə tərifləyir, elə dağ başına qaldırırıq ki, adamın lap əti tökülür. İnsaf da yaxşı şeydi axı, biz buna nə qədər dözməliyik? Bunun bir sonu olmalıdı, ya yox?..
– Vallah, heç bilmirəm, sizə nə cavab verim. Bircə onu bilirəm ki, mənim heç bir günahım yoxdu, başımı aşağı salıb sakitcə evimə gedirdim...
– Adama bir parç da içək, nə deyirsən?
– İçək deyirsən, içək də!
– Sən hara gedirdin, dedin?
– Deyirəm, sakitcə evimə gedirdim.
– Yaxşı, tutalım, evə gedirdin, elədi? Bəs gedib hara çatacaqdın? Bir də ki, o gedənlər var ha, hara çatıblar, görəsən?.. Bax götürək elə Makedoniyalı İsgəndəri, ya elə Neronu, Atillanı – onlar gəlib hara çatıblar?.. Ofisiant, iki dənə yüz əlli araq gətir!.. Çingizxan hara çatdı, nəyə nail oldu? Çox uzağa getməyək, elə qulağımızın dibində, Hitler, Mussolini harasa çatdılar? Vyetnamlıların başına bomba yağdırmış ABŞ prezidenti Conson hara gəldi çatdı, görəsən?..
Yoldaşımın beynəlxalq vəziyyətdən danışmağa başladığını görcək, rahat nəfəs aldım: axı başladığı mövzunu davam elətdirmiş olsaydı, kim bilir, gedib haralara çıxacaqdı. (Yeri gəlmişkən, o, elə indiyə kimi də yetərincə elə şeylərdən danışmışdı ki, onları yazmağa ürək eləmirəm.)
Elə bu dəm çiynimdə kiminsə əlinin ağırlığını hiss elədim. Dönüb gördüm ki, ofisiantdı.
– Mənə nəsə demək istəyirdiniz? – soruşdum.
– Yox, yox, sadəcə, qəlyanaltıxananı bağlamalıyıq, artıq hamı dağılışıb.
Mən ətrafa göz gəzdirdim. Gördüm, doğrudan da, zalda ikimizdən başqa kimsə yoxdu. Yoldaşım şalvarının ciblərini eşələməyə başladı, sonra əlləri pencəyinin ciblərində həmin əməliyyatın icrası ilə məşğul oldu və təzədən əllər şalvarın cibləri ilə əlbəyaxaya çıxdı...
Üstümdə iyirmi tümənim vardı, on altı tümən yarımını ofisianta verdim, təzə tanışımın qəti etirazları da mənə əngəl ola bilmədi. Xülasə, yeməkxanadan çıxdıq. Ayrılarkən o dedi:
– Sən Allah, qoy burda dediklərim öz aramızda qalsın. Bir daş altda, bir daş üstdə! Elə özünüz də ehtiyatlı olun. Yaxşı?
– Əşi, narahat olmayın, – dedim. – Bayaq elə özünüz də düz buyurdunuz ki, günahkar olursan kiməsə salam verəsən, o saat səndən nəsə bir məqsədi üçün istifadə etmək istəyir. Vallah, bu işlərdən heç fələk də baş açmaz!
– Yaxşı yol!
– Allah amanında!
...Gecənin bu vaxtında taksi tapa bilmədim, odur ki, “Rezvan” dayanacağından evimin yerləşdiyi “Xaki” küçəsinə kimi piyada getməli oldum.
Evə çatanda xoruzların banlamaq səsi gəlirdi. Arvadım yatmamışdı.
– Bəs sən dünən evə tez gələcəkdin, uşaqlara şirniyyat gətirəcəyinə söz vermişdin!
– Tez gəlməyinə gələcəkdim, amma məsələ burasındadı ki, dünən, həmişə olduğu kimi, yenə mətbəədə ləngiməli oldum. Sən bilmirsən, ancaq bizim işimiz daşdan keçir. Yığıcı yenə rəhbərliklə tutaşdı, işdən çıxıb getdi. Bir başqasını götürdük, o da hələ bizim maşınların dilini yaxşı bilmir. Axırda naçar qalıb özümüz yığmalı olduq. Hamı yığırdı, hə, direktor da, baş redaktor da, jurnalın ucdantutma bütün əməkdaşları da... O yazıqlar, hələ də mətbəədədilər...
– Yaxşı, heç olmasa, yığıb qurtara bildiniz?
– Hə, Allaha şükür, jurnal artıq çapa getdi.
– Orda, pilətənin üstündə ətlə noxud şorbası var. Yəqin, şam eləməmisən, get otur, ye!
Tərcümə edən: Bəhlul Seyfəddinoğlu