Elektron ədəbiyyat və sənət portalı

Artur Rembonun şeirləri

Bölmə: Dünya ədəbiyyatı 14.10.2021

ARTUR REMBO

(1854 – 1891)

 

 

Fransanın Şarlevil-Mezyer şəhərində doğulub;

Yeniyetməlik çağlarında – 16 yaşından 19 yaşınacan, cəmi üç il şeir yazıb;

Yalnız Fransa poeziyasının deyil, ümumilikdə dünya ədəbiyyatının korifeylərindən hesab olunur;

1891-ci ildə Marsel şəhərində vəfat edib.

 

 

 Dolab

 

Qara palıddan olan oyma bəzəkli dolab,

Getdikcə çox mehriban bir qocaya oxşayır.

Qapılar xırıltılı… içindəki qaranlıq

uzaq illərdən qalma şərab qoxusu yayır.

 

Canına doldurubdu elə bil o hər nə var,

Saralmış parçalardan, nənə tikməsinəcən.

Qrifonla bəzənmiş çeşid-çeşid yaylıqlar,

Kişi  paltarlarından, qadın çəkməsinəcən.

 

Burada həm medalyon, həm süni saclar da var,

Portret, solğun güllər, uşaqlar üçün paltar…

Quru meyvə qoxusu qarışıbdı onlara.

 

Bətnində nələr yatır, sənin ey dolab, nələr!

Arzun budur içində illərlə bəslənənlər

Qapın açılan kimi faş olsun insanlara!

 

 

 

Qış xəyalları

 

Mavi ipəklə süslənib bizim çəhrayı vaqon

Yerimiz rahat olacaq.

Bura öpüş ocağı, bura ehtiras yeri,

Eşq  yuvasıdır ancaq.

 

Burda baxa bilməzsən pəncərədən gecəyə,

Qapayarsan gözlərini.

Bir canavar sürüsü tək zülmətlərdə qorxudar

Sirli varlıqlar səni.

 

Sonra duyarsan qəfil, yanağın necə pörtmüş,

Xatırladar həmin an  üzündə gəzən öpüş

xırdaca hörümçəyi.

 

“Tut onu!..” pıçıldarsan mənə sarı yavaşdan,

Dodaqlarım yansa da yanağında təlaşdan

axtarar o böcəyi.

 

 

 

Dərədə yuxulayan

 

Yaşıl tala boyunca gümüş tək parlayan çay,

Çırpır öz nəğməsini sahildə çəmənliyə.

Sıldırımlı dağ yanır günəşin tonqalında,

Sular axan dərədən bir bürkü qalxır göyə.

 

Cavan bir əsgər yatıb yumşaq otların üstə,

Torpaq adlı yataqdan rahatı  yoxdu axı…

Ağzı azca aralı, saçları buruq-buruq,

Soluxmuş bənizindən ilıq bir işıq axır…

 

Möhkəm yatıb… Gül ətri onu oyadan deyil…

Xəstə bir uşaq kimi yüngülcə gülümsəyir.

Kaş isinə biləydi… –  Torpaq yaman soyuqdu…

 

Qıcıqlandırmır onu meşənin rayihəsi,

Sıxıbdı bir əliylə– qalxıb-enmir sinəsi,

Sağ döşündə görünən bir cüt qanlı oyuqdu.

 

 

 

Yaşıl Kabaredə

 

Səkkiz gün getdim piyada, daşlar yırtdı çəkməmi,

Yortdum yollarda – təki  Şarleruaya çatım.

Çatınca baş vurub girdim “Yaşıl Kabare”yə ki,

 Bir az qaxac donuz əti, bir az yağ-çörək dadım.

 

Doluydu dörd bir yanımda cansıxıcı adamlar,

Uzatmışdım ayağımı yaşıl masanın altına.

Darıxıb gözləyirdim ki, birdən sataşdı gözlərim,

Gülümsəyən xidmətçiyə  –­ dik sinəli qadına;

 

Sırtıqcasına öpsən də, utanmazdı o məncə…

İştahımı coşdurmağa nə varsa yetərincə,

Güllü boşqabın içinə düzmüşdü qırçın-qırçın..

 

Gülüb verdi ət qaxacı, yağlı çörəklə birgə,

İçində qürub şəfəqi çaldı qızılı rəngə

köpükləri oynaşan pivə dolusu parçın.

 

 

Hiyləgər qadın

 

Alatoran içindəki yeməkxana zalında,

Yeməyin və meyvələrin ətri canıma sindi.

Önümə dolu boşqabı çəkdim süfrə başında,

Kiçik masam mənimçün kef məclisinə döndü.

 

Saat vurur… dinlədikcə, mən ləzzətlə yeyirəm;

Qəfildən qapı açılır…  oturmuşam hələ ki..

Qulluqçu qız  heç bilmirəm nədən təşrif buyurur,

Saçları çox səliqəsiz, yaylığısa çəpəki…

 

Gəzir çeçələ barmağı çəhrayı yanağında,

Yəqin təzə günah hissi baş qaldırıbdı onda,

Dodaqları şişib-pörtüb sanki alışıb-yanır.

 

Yüngül toxundu çiynimə… bəlkə də sınayırdı,

Yəqin öpüş istəyirdi. Sakit pıçıldayırdı:

“Bir sən də bax, gör bir nədən yanağım belə donur…”

 

 

 

 

 

Mənim bohema həyatım

(Fantaziya)

 

Köhnə, xovsuz paltomun yırtılmış ciblərində

gizlədirəm əllərimi, hey süzürəm dörd yanı.

Göy Qübbəsi altında mən öz İlham Pərimlə

Uçub seyr eləyirəm könlüm sevən dünyanı.

 

Lap balaca uşaq kimi, həyəcanla, tələsik

Şeir toxumu səpirəm şan-şöhrətin şumuna.

Böyük Ayı bürcü baxır, açır mənə ovcunu,

Əynim-başım köhnə-kürüş, sığınıram mən ona…

 

Yolların qalın tozunda xışıldayır ulduzlar,

Sentyabr şərabının güclü məst etməyi var,

Bu ovqat damır şeh kimi, alnımda gilələnir.

 

Gözüm süzdükcə hey süzür yırtıq çəkmələrimi,

Əlim corab rezinimi dartıb çalır lira kimi,

Qafiyələrin alovu içimdə şölələnir.

 

 

 

Tərcümə edən: Zahid Sarıtorpaq