DADZAY OSAMU
“Gilənar çiçəkləri və fleyta”
(hekayə)
Hər il gilənar ağacı çiçəklərini töküb yarpaqlayanda bu hadisəni xatırlayıram – qarı söhbətə başlayır. Otuz beş il əvvəl, atam hələ sağ idi. Atam, mən və kiçik bacım birlikdə yaşayırdıq. Anam yeddi il qabaq, on üç yaşım yenicə tamam olanda ölmüşdü. Mənim on səkkiz, bacımın on altı yaşı olanda atamı dənizin sahilindəki Sirosita şəhər məktəbinə direktor təyin elədilər. Ailəmiz ora köçdü. Münasib bir ev tapa bilmədik və məbədin arxasında, dağın ətəyindəki tənha binada iki otaq kirayələdik. Orada altı il yaşadıq, sonra atamı Masueyə göndərdilər. Masuedə iyirmi beş yaşımın tamamında ailə qurdum. O zamanlar üçün bu, gecikmiş nikah sayılırdı. Mən gənc yaşımda anasız qalmışdım. Özünü bütünlüklə işinə həsr eləmiş atam məişət məsələlərindən uzaq idi və mən olmasaydım, bəlkə də ailəmiz dağılardı. Bunu çox yaxşı başa düşdüyümdən, bütün evlilik təkliflərinə rədd cavabı verirdim. Heç olmasa, bacım sağlam olsaydı... Amma, təəssüf ki, mənə qəti bənzəməyən bu gözəl, ağıllı, uzunsaçlı qız həmişə xəstə olurdu. Sirositaya köçəndən iki il sonra o da öldü. Onda mənim iyirmi, onun on səkkiz yaşı vardı. İndi mən həmin dövrdən danışmaq istəyirəm.
Bacım çoxdan idi ki, ağır xəstəydi. Yaman pis xəstəlik tapmışdılar onda – böyrək vərəmi. Həm də xəstəliyi gec aşkar eləmişdilər, hər iki böyrək sıradan çıxmışdı. Həkim atama onun yüz gündən artıq yaşamayacağını demişdi. Daha heç nə ona kömək edə bilməzdi. Bir ay keçdi, sonra ikinci ay keçdi, ona qoyulan vaxt sona çatmaq üzrəydi. susub gözləməkdən başqa əlimizdən heç nə gəlmirdi.
Bacımın heç nədən xəbəri yox idi. Son günlər yataqdan qalxa bilməsə də, kefi yaxşı idi, mahnılar oxuyur, zarafat eləyirdi. Mən isə qırxca gündən sonra hər şeyin bitəcəyini düşündükcə qəhərdən boğulurdum, fikirləşirdim ki, bu itkiyə dözə bilməyəcəm. Mart da keçdi, aprel də: may ayı gəldi. Hər şey əvvəlki kimiydi. May ayının bir günü heç vaxt yadımdan çıxmır.
Çöl-çəmən yenicə çiçəkləmişdi, elə istilər düşmüşdü ki, az qalırdın, çılpaq soyunasan. Göy otlar par-par yanır, gözəlliyi ilə göz oxşayırdı. Əllərimi belimdə çarpazlayıb, fikirli-fikirli bu yaşıllığın arasıyla dolaşırdım. O qədər qəmliydim ki, bəzən nəfəsim daralır, ürəyim sıxılırdı.
Qəfil yerin altından, sanki cəhənnəmdən gələn gurultu səsi eşidildi. Səs uzaqdan gəlirdi, elə bil cəhənnəm təbili çalırdılar. Nə baş verdiyini anlamadım, elə bildim, başıma hava gəlir, qorxdum, yerimdə donub qaldım, sonra yerə sərilib hönkürtü ilə ağladım. Sonradan öyrəndim ki, məni belə dəhşətli dərəcədə qorxudan Yaponiya hərbi dəniz donanmasının gəmilərdən atdığı topların səsiymiş. Baş komandanın bir zərbə ilə Rusiyanın Sakit okeandakı donanmasını məhv etmək əmrini həyata keçirmək üçün başlanan hərbi əməliyyatların ən qızğın çağıydı. Hə, məhz həmin vaxtıydı. Yaponiya hərbi dəniz donanmasının qələbəsi bu il də qeyd olunacaqdı. Top gurultusunun səsi Sirosita sahil şəhərciyinə çoxdan gəlib çatmışdı və əhalini təşvişə salmışdı. Amma mən heç nəyin fərqində deyildim, pərişan halda bacımın xəstəliyini düşünürdüm. Bu partlayış səsləri mənə, yaxınlaşmaqda olan bədbəxtlikdən xəbər verir, cəhənnəm davulunun gurultusunu xatırladırdı. Xeyli ağladım. Günəş batanda ürəyimdə qəribə yüngüllük hissiylə evə qayıtdım.
– Bacı! – məni çağırdı.
– Zavallı qız tamam arıqlamış, taqətdən düşmüşdü. Deyəsən, sayılı günlərinin qaldığını özü də başa düşürdü. Hər halda, daha mənimlə əvvəlki kimi zarafatlaşmır, özünə qarşı diqqət tələb eləmirdi. Bu, məni daha da mütəəssir eləyirdi.
– Bu məktub nə vaxt gəlib?
Elə bil ürəyimə bıçaq vurdular, rəngim qaçdı.
– Nə vaxt gəlib? – məndəki çaşqınlığa əhəmiyyət verməyib, bir də soruşdu.
Özümü zorla ələ alıb dedim:
– Bir az əvvəl, sən yatanda. Yuxuda gülümsəyirdin, mən də məktubu yavaşca yastığının yanına qoydum. Heç nə hiss eləmədin?
– Yox, – bacım gülümsədi. Onun gözəl, ağ dişləri otağın alaqaranlığında parıldadı.
– Oxudum! Qəribədi, tanımadığım bir adam yazıb.
Necə yəni tanımadığı adam? Onu necə tanımaya bilərdi? Mən məktubu yazan adamı tanıyırdım. Adının baş hərfləri M.T. idi. Onu çox yaxşı tanıyırdım. Yox, yox, heç vaxt görməmişdim, amma bir neçə gün əvvəl bacımın dolabında, siyirmənin küncündə yaşıl lentlə sarılı bir topa məktub tapmışdım. Əlbəttə, başqasının məktubunu oxumaq yaxşı deyil, amma yenə də özümü saxlaya bilmədim və məktubları açdım. Otuza yaxın məktub vardı. Hamısının da sonunda M.T. hərfləri yazılmışdı.
Zərfin üstündə məktubu göndərənin adının yerində müxtəlif qadın adları yazılmışdı. Bu, bacımın rəfiqələrinin adları idi. Buna görə də nə atam, nə də mən onun uzun zaman kişiylə məktublaşdığını ağlımıza da gətirməmişdik. Bu M.T. çox tədbirli adammış. Çox güman ki, bacımdan rəfiqələrinin adlarını öyrənib və ona göndərdiyi məktublara növbə ilə o qızların adlarını yazıb. Bu gəncin cürəti məni heyrətləndirdi və qorxudan ətim ürpəşdi. Birdən atam xəbər tutsa? Sonra məktubların tarixlərinə görə ardıcıllıqla düzüb oxumağa başladım. Qəribə bir xiffət hissi ruhumu bürüdü. Bu sevgidəki uşaq sadəlövhlüyünə səssizcə gülürdüm, mənə elə gəldi ki, qarşımda qəfildən yeni dünya açılıb. Unutmayın, o zamanlar mənim iyirmi yaşım yenicə tamam olmuşdu və heç kimə danışmağa ürək eləmədiyim sirlərim vardı. Məktubları birnəfəsə oxudum. Onlar mənə dupduru bulağı xatırlatdı. Son məktub ötən ilin payızında yazılmışdı. Elə təsirləndim ki, nəfəsim tıncıxdı, dizlərim tutuldu. Belə məlum olurdu ki, gənclərin bu hissləri ilahi sevgidən ayrılıb adiləşmişdi. Məktubları yandırdım. Bu M.T., görünür, Sirositadan olan biçarə şairdi və bacımın xəstəliyini eşidən kimi, onu atıb. İnsanlar necə zalımdılar! Adam məktubda tamamilə sakit halda yazırdı: "Bir-birimizi unudaq". Görünür, belə də eləmişdi, çünki bu, son məktub idi. Əgər mən indi sussam, gözəl bacım ürəyində bu dərdlə öləcək. Yox, bu sirri heç kim öyrənməyəcək və mən bunu ürəyimdə saxlamağa qərar verdim. İndi hər şeyi bildiyimdən, bacımın halına daha çox acıyırdım. Ağlıma qəribə fikirlər gəlirdi. Qarışıq, qaranlıq düşüncələr bütün ruhumu çulğamışdı. Həyatım cəhənnəmə çevrilmişdi, mənim o günlərdə nələr yaşadığımı ancaq qadınlar anlaya bilər. O qədər əzab çəkirdim ki, elə bil bacımı yox, məni aldadıb atmışdılar. Ümumiyyətlə, mən o vaxtlar bir az qəribə idim.
– Sən Allah, al bir özün oxu, mən heç nə başa düşmürəm. Bu nədi belə?
Bu qədər səmimiyyət məni çaşdırdı.
– Olar? – yavaşca soruşdum və məktubu götürdüm.
Barmaqlarım titrəyir, bu da məni karıxdırırdı. Məktubun məzmununu əzbər bilirdim, amma çarəm yox idi, axıracan və hündürdən oxudum:
"Səndən üzr istəməliyəm. Bu günə qədər sənə məktub yazmaq arzumu içimdə boğmuşam. Səbəb özümə inamsızlığımdı. Bilirsən ki, kasıb adamam, elə bir istedadım da yoxdu. Bu səbəbdən sənin həyatını öz həyatımla bağlaya bilmərəm. Bunlar gəlişigözəl sözlər deyil, həqiqətdi, inan mənə. Öz gücsüzlüyümdən usanmışam, öz sevgimi heç nə ilə sübut eləyə bilmirəm, gücüm sözlərə çatır. Bütün bu günlər ərzində bir dəqiqəm də səni düşünmədən keçməyib. Amma mən talelərimizi birləşdirə bilmərəm. Məhz bu qərarsızlığım məni səndən ayrılmağa məcbur elədi. Sənin talesizliyin, mənimsə sevgim artdıqca, daha əlçatmaz olursan. Başa düşürsən? Yox, mən səni aldatmıram. Belə etməyimin səbəbi məsuliyyət hissi və borcdur. Amma indi görürəm ki, bu, böyük səhvmiş. Hə, səhvmiş.
Bağışla məni! Mən səndən uzaq durmaqla, özümü ən axırıncı əclaf kimi apardım. Bu günə qədər düşünürdüm, madam ki, biz belə zəif və tənhayıq, başqa yolumuz qalmır. Varlığımı sənə sübut eləməyin yeganə düzgün yolu sədaqətimi hədiyyə eləməkdi. Bunu ürəkdən deyirəm, inan mənə. İndi başa düşdüm ki, insan imkanı çatan hər şeyi eləməlidi. Heç nədən utanmadan, sevdiyinə hətta bir dəstə zəncirotu hədiyyə eləmək – əsl kişilikdi, əsl kişiyə yaraşan hərəkətdi. Daha səndən qaçmayacam. Hər gün şeirlər yazıb sənə göndərəcəm. Hər gün sizin evin arxasında səninçün fleyta çalacam. Səninçün. Sabah mənim fleytam səninçün hərbi dəniz donanması marşı çalacaq. Mən fleytada kifayət qədər yaxşı çalıram, indi bu, səninçün eləyə biləcəyim yeganə şeydi. Gülmə. Ya da istəyirsən, gül. Təki sağal. Tanrılar bizə baxırlar. Mən buna inanıram. Biz – sən və mən onların sevimli bəndələriyik. Biz səninlə çox gözəl cütlük olacağıq.
Mən çox gözlədim. Budur, nəhayət, gilənar ağacı çiçək açdı. Deyirlər, gilənar çiçəyi bəyaz olur. Mənim ağacım isə al-qırmızı çiçək açdı. İndi mən işləyirəm. Hər şey yaxşıdı. Sabaha qədər. M.T."
– Çox sağ ol, – bacım sakitcə dilləndi, – bu məktubu özün yazmısan, bilirəm.
Utandığımdan məktubu cırıb tikə-tikə etmək istədim. Doğruydu, bu məktubu mən yazmışdım. Bacımın çəkdiyi əzablara daha dözə bilmirdim və M.T.-nin xəttini bərpa eləyərək, ömrünün son günlərinə qədər ona məktub yazmağa, şeirlər göndərməyə qərar vermişdim. Axşam saat altıda isə hasarın arxasına keçib fleyta çalmağı düşünmüşdüm.
Aman Allah, necə utanırdım! Hələ bir bənd miskin şeir parçası da yazmışdım. Həyəcandan nitqim tutulmuşdu.
– Narahat olma, – bacım sakit-sakit gülümsəyirdi. – Yəqin, lentlə sarıdığım məktubları oxumusan. Onların heç biri həqiqi deyil. Çox yalqızdım, inişil payızda öz-özümə məktublar yazmağa başladım. Üstünə öz ünvanımızı yazıb poçt qutusuna atırdım. Məni aldatma. Gənclik ömrün ən gözəl çağıdı. Bunu xəstələnəndən sonra daha yaxşı başa düşdüm. Adamın özünə məktub yazmağı bir az abırsızlıqdı. Eyni zamanda, sadəcə axmaqlıqdı. Əgər bir kişiylə görüşəcək qədər cəsarətim olsaydı... Yəqin ki, güclü kişi əlinin səni qucaqlaması dünyada ən gözəl hissdi. Mən bu günə qədər bir dəfə də yad kişiylə danışmamışam, sevgilimsə yerli-dibli olmayıb. Sənin də olmayıb, elə deyil? Bax, bizim səhvimiz də bundadı. Biz çox ehtiyatlıyıq. Ah, bir bilsəydin, ölmək necə iyrənc bir duy- ğudu. Öz əllərimə, barmaqlarıma, saçlarıma heyfim gəlir.
Kədər, qorxu, sevinc hissləri ürəyimdə bir-birinə qarışmışdı. Daha heç nə haqqında düşünə bilmirdim. Yanağımı bacımın zəifləmiş yanağına qoydum, onu bərk-bərk qucaqlayıb hönkürdüm. Bu zaman, hə, məhz bu zaman səslər eşitdik; aydın eşidilmirdi, amma fleyta səsi olduğuna şübhə yox idi. Biz qulaq asmağa başladıq. Saata baxdım – altı idi. Anlaşılmaz bir qorxu hissiylə bir-birimizə qısılmışdıq və bağın dərinliyindəki gilənar ağacının çiçəkləri arasından süzülüb gələn bu qəribə marşı qımıldanmadan dinləyirdik.
İlahi qüvvə var! Məhz həmin gün mən buna inandım.
Bacım iki gün sonra öldü. Həkim onun başının üstündə dayanıb heyrətlə qaşlarını çatmışdı. Yəqin, nəfəsinin belə sakit və belə sürətlə kəsilməsinə heyrətlənirdi. Mənsə təəccüblənmirdim. Mən İlahi qüvvəyə inanırdım.
İndi qocalmışam, dünyanın hər yükünü çəkmişəm və bundan utanıram. Bəlkə inamım indi əvvəlkindən çox deyil. Hərdən şübhələr məni bürüyür və düşünürəm ki, görəsən, o gün fleytanı çalan atam deyildi ki? Axı ola bilərdi ki, atam işdən qayıdıb, yan otaqdan söhbətimizi eşidib və bizə yazığı gəldiyi üçün ömründə bircə dəfə bizimlə zarafat eləmək istəyib.
Amma çətin... Nə qədər ki, atam sağıydı, soruşa bilərdim. Artıq on beş ildi ki, atam da yoxdu. Yox, məncə, hər halda tanrıların bizə yazığı gəlmişdi. Buna çox inanmaq və mənəvi rahatlıq tapmaq istəyirəm. Amma çox qocayam, dünyanın yükü artdıqca inam azalır, öz yerini şübhələrə verir.
Tərcümə edən: Güldəstə