Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun gürcü dilinə tərcümə olunmuş “Məktub yazsan”, “Mən öləndə”, “Mən bir gün üfüq olmuşdum”, “Yuxumda bir ömür gördüm”, “Əlimi uzatdım sevincə sarı”, “Məzarıma nə başdaşı qoyun, nə heykəl”, “Bir küçə də var şəhərimdə”, “Mənə şeir yazmaq öyrət, öyrət canavar izi...”, “Kağızın üstünə düşüb...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
Şeirlərin gürcü dilinə tərcümə müəllifi – yazıçı-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.