Görkəmli Meksika yazıçısı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabının (ADTM) təqdimat mərasimi keçirilib.
Azərbaycan Milli Kitabxanasında baş tutan tədbiri giriş sözü ilə Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores açaraq Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı diqqətdən, bu istiqamətdə həyata keçirdiyi uğurlu layihələrdən danışıb.
Səfir: “Latın Amerikası ədəbiyyatının tanıdılması istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi dəyərli nəşrlər sırasında Xuan Rulfo, Karlos Fuentes kimi məşhur Meksika yazarlarının əsərləri də mükəmməl bədii tərcümədə Azərbaycan oxucusuna çatdırılıb. Bu nəşrlərin hər biri, istər Azərbaycan, istərsə də Meksika ədəbi mühiti üçün əlamətdar hadisədir. Heç kimə sirr deyil ki, hər bir xalq, onun mənəvi dünyası, ədəbi fikri, fəlsəfəsi haqqında ən geniş təəssüratı məhz onun ədəbiyyatı yaradır. Xalqlar arasında yaxınlıq, qarşılıqlı anlaşma da, məhz bu körpü vasitəsilə – mədəniyyətlər və ədəbiyyatlararası mübadilələr sayəsində qurulur. Və bu gün ölkələri, qitələri bir-birindən uzaq salan məsafə anlayışını dəf etmək, xalqları bir-birinə qovuşdurmaq kimi mühüm bir missiyanın daşıyıcısı məhz ədəbiyyatdır”.
Daha sonra Mərkəzin Elm, təhsil, mədəniyyət idarəsinin rəhbəri, yazıçı Etimad Başkeçid, ədəbiyyatşünas alim, professor Rüstəm Kamal, kitabın tərcümə müəllifi, tanınmış yazıçı Saday Budaqlı, yazıçı Yaşar Əliyev və digərləri çıxış edərək Dövlət Tərcümə Mərkəzinin Latın Amerikası ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, bu ölkələrin aparıcı yazıçı və şairlərinin əsərlərinin tərcüməsini və nəşrini həyata keçirməklə ümumi ədəbi prosesə verdiyi töhfələrdən, Meksika reallığını mifoloji infrastruktur və arxetip sistemlər əsasında yaradan Karlos Fuentesin əsərlərinin müasir dünya və Azərbaycan nəsrinə təsirindən bəhs ediblər.