Elektron ədəbiyyat və sənət portalı

Murakamidən 13 məsləhət

Bölmə: Azad ərazi 23.11.2021

 

Aydınyol məşhur yapon yazıçısı Haruki Murakaminin məsləhətlərini təqdim edir.

 

Uşaqlıq haqqında

“Uşaq vaxtlarımda mən üç şeyi sevirdim – mütaliə etməyi, musiqi dinləməyi və pişiklərlə vaxt keçirməyi.  O vaxt hələ lap uşaq olsam da, özümü xoşbəxt hiss edirdim. Çünki nələri sevdiyimi bilirdim. Və uşaqlığımdan gələn bu həvəs indiyə qədər dəyişməyib. Əgər nələri sevdiyinizi bilmirsinizsə, demək, həyatda uduzmusunuz”.

Alkoqol və siqaret haqqında

“Daha siqaret çəkmirəm, çoxdan atmışam. “Quzu ovu”nu yazanda çəkirdim, sonra atdım və növbəti kitablarımda siqaret çəkən personajlarımın da sayı xeyli azaldı. İçməyə gəlincə, bu məsələdə sərbəstəm. Amma tünd içkilər içmirəm, çünki o dəqiqə yuxulayıram. Ümumiyyətlə, mən hər gün axşam saat 9-10 radələrində yatıram və yatağa girməzdən əvvəl mütləq az da olsa içirəm”.

İdman haqqında

“Əslində mən idman təmrinlərinin fanatı deyiləm. Bu mənada, idmanla məşğul olmağım sağlamlığıma  görə deyil. Bu məsələdə daha çox metafizik mexanizm nəzərdə tutulur. Bu hərəkətlərlə mən öz bədənimdən azad olmaq istəyirəm”.

Musiqi haqqında

“Həqiqətən də mən uzun illər hər gün 10 saat caza qulaq asmışam. Məhz bu musiqi – ritmi, improvizəsi, səsi, üslubu ilə ruhuma hopub. Əslində, yazıçı olduğuma görə də caz-klubda işləməyimə borcluyam. Bir dəfə işlədiyim kafenin barının arxasından qaradərili amerikalı əsgərlərin vətən xiffətindən necə ağladıqlarını gördüm.  Bu mənzərədən anladım ki, Qərb mədəniyyətini nə qədər sevsəm də heç vaxt bu insanlar qədər ona yaxın  ola bilməyəcəyəm. Bax buna görə də yazmağa başladım”.

Var-dövlət haqqında

“Az-çox imkanlı olmağın ən yaxşı tərəfi pul dərdi çəkməməkdir. Bu halda ala biləcəyin ən böyük nemət isə azadlıq və zamandır. Nə qədər qazandığımı qəti bilmirəm, nə qədər vergi ödədiyimi də. Vergi barədə düşünmək istəmirəm. Mühasibim və həyat yoldaşım bu məsələni yoluna qoyub məni yükdən azad edirlər. Mən, sadəcə, işləyirəm”.

Reallıq haqqında

“Dindar deyiləm, yalnız təsəvvürlərə inanıram. Bir də inanıram ki, mövcud olan yalnız reallıq deyil-gördüyümüz və görmədiyimiz dünyaların hər ikisi eyni vaxtda mövcuddur və sıx bağlarla bir-birindən asılıdır. Bəzən hətta bir-birlərinə qarışırlar. Əgər çox istəsəm və özümü kifayət qədər toparlaya bilsəm, o biri tərəfə keçib qayıdaram”.

İlham haqqında

“İnanın ki, mən ən adi bir insanam. Yaxşı həyat yoldaşıyam, heç kimə səsimi qaldırmıram, heç vaxt özümdən çıxmıram. Odur ki yaradıcılığım üçün gündəlik həyatımdan heç bir ideya almıram. Qaçanda, yaxud çimərlikdə uzananda ağlıma heç bir mövzu gəlmir. Mən gündəlik işlərlə  məşğul oluram – yemək bişirirəm, paltar yuyuram, ütüləyirəm... Bütün bu işləri görmək mənə ləzzət eləyir. Çünki bu, beynimi bütün fikirlərdən azad edir. Beləcə, yalnız beynim tamam boş olanda nəsə yarada bilirəm”.

Tənhalıq  haqqında

“İnsan, həyatında  heç olmasa bir dəfə darıxmaqdan boğulsa da qaranlıq bir küncdə tənhalığa çəkilməlidir. Bununla da əvvəl ona tanış olmayan, yalnız özündən asılılıq hissini yaşayaraq öz mənini dərk etməli və qüvvətlənməlidir”.

Kitablarımın personajları haqqında

“Personajlarımın mənə çox səthi aidiyyətləri var. Onlar hekayətlərdə peyda olaraq öz həyatlarını yaşayırlar. Sözümün canı odur ki, gərək  hekayətə, personajların dünyasına kənardan baxasan. Əgər bu aləmə şəxsi motivlər – arvadın, yaxud uşaqların daxil olarsa, nəqletmənin axarı dəyişəcək. Ona görə də  gərək hadisələrə kənar baxışla nəzər yetirəsən, sakit mövqe tutasan ki, şəxsi həyatından heç bir çalar hiss olunmasın. Yazanda bu qənaətdə oluram”.

Dostoyevski haqqında

“Mənim hədəfim “Karamazov qardaşları”dır. Belə bir əsər yaratmaq zirvəyə çatmaq deməkdir. Bu əsəri ilk dəfə 14-15 yaşlarında mütaliə etmişəm. Sonralar təkrar dörd dəfə oxudum. Hər dəfəsinin də öz gözəlliyi var idi. Bu roman mənim təsəvvürümdə ideal əsərdir. 14 yaşımdan 20 yaşımacan mən yalnız rus ədəbiyyatını oxuyurdum. Onların içərisində ruhuma ən yaxın olanı, təbii ki, Dostoyevskinin əsərləri idi. “Şeytanlar” çox güclü əsərdir, amma “Karamazov qardaşları” misilsizdir.

Peşə seçimi haqqında

“Peşəni məqsədli izdivac yox, sevgili kimi seçməlisən”.

Həyatın qanunları haqqında

“Həyat mürəkkəb, eyni zamanda sadədir. Bu, dünyanı idarə edən fundamental qanundur. Həmişə yadda saxlamalısan ki, sənə elə görünən və həqiqətən də mürəkkəb olan çox şeylər əslində, məğzi etibarilə çox sadədir. Sadəcə, onun arxasında dayanan motivləri anlamalısan. Hər şey sizin məqsədinizdən asılıdır. Motiv, necə deyərlər, arzular çeşməsidir. Əsas məsələ o çeşməni axtarıb tapmaqdır”.

Yemək haqqında

“Yemək dadlıdırsa, bu, çox gözəldir. Bu zaman insan yaşamağın ləzzətini hiss edir”.