Elektron ədəbiyyat və sənət portalı

Polşa yazıçısının hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 02.12.2021

Yulian Tuvim

(1894-1953)

Əsəbi adam

  12 Dekabr

Dünən vacib bir görüşə hazırlaşırdım. Ülgüclə üzümü qırxdım. Tüklərim cod olsa da, saq­qalımı yaxşı təraş edə bildim. Kefim də pis deyildi. Əzablarım, nişastalı frak köynə­yimi geyinəndə başladı, ya­xalığı düymələyəndə elə bildim ki, bu dəqiqə partlayacağam. Bar­maqlarım uyuşdu. Qeyri-insani qüvvə ilə boynumun ardındakı taxta düyməni bağladım. Dərhal da irəlidəki açıldı. Sanki amana bənd imiş. Altdakı düyməylə bər­kitmək lazım gəldi. Axırda güc- bəla ilə bağlaya bildim. Amma güzgünün qabağında qalstuku bağlayanda, yaxalıqda qan dam­cısı gördüm. Görünür, buxağım­dan düşmüşdü. Silmək istədim, amma əvəzində ləkəni daha da yaydım. Köynəyi və yaxalığı qay­çının köməyilə çıxardım. Görüşə getmədim.

  13 Dekabr

Bu gün dayanacaqda on yeddi nömrəli avtobusu gözləyirdim. Əvvəlcə doqquz nömrə gəldi, sonra beş, sonra yenə doqquz. Axır ki, uzaqda ikirəqəmlisi gö­ründü - on doqquz. Sonra iyirmi üç, yenə də beş. Bu vaxt əsəbi­ləşdim. Taksi saxlayıb mindim. Taksi tərpənəndə on yeddi nömrə gəl­di.

  14 Dekabr

Yaman hövsələsiz olmuşam. Bu gün şirniyyat dükanının yanın­dakı telefon növbəsində altıncı idim. Qadınlar hər şeyi yerli-yataqlı danışırdılar. Biri yanındakı qadı­na gecə barda fahişələrin nə geyindiklərindən danışırdı. Bir başqası isə bir kişiyə hansısa işi görə bilməyəcəyini izah eləyirdi. Növbə üstündə biriylə tutaşdım. Nəticədə köşkə o adamdan qabaq girə bildim. Yığdığım nömrə məşğul idi. İyirmi dəqiqə gözləyəndən sonra sözləşdiyim adam istehzayla gül­dü. Yenə növbəyə durdum. Məndən qabaqda dörd nə­fər var idi. Dörd qa­dın.

  16 Dekabr

Bu gün şirniy­yat dükanında bir nəfər əsasını stulun söykənəcəyindən asdı. Əsa bir qədər asılı qalıb yerə düşdü. Hə­min adam onu qaldırıb yenə asdı. Əsa, əlbəttə ki, yenə düşdü. Bu, bir neçə dəfə təkrar olundu. Bütün bu müddət ərzində əsəbiləşirdim - əsanın nə vaxt düşəcəyini gözləyir­dim. Amma məni hər şey­dən artıq həmin adamın qanmazlığı dəli eləyirdi. Üç-dörd uğursuz cəhd­dən sonra o, nəhayət, anlaya bilərdi ki, düşməməsi üçün əsanı başqa cür asmaq lazımdı. Ancaq bu kütbeyin axıracan bu­nu anlamadı.

  17 Dekabr

Artıq beş gündür qayış taxmı­ram. Köhnəsi qırılıb, təzəsini isə ala bilməmişəm. Dükanda özümə qayış seç­məliyəm! Necəliyinin mənə fərqi yoxdur, oradasa bir neçə qutu açacaqlar... "Bəlkə sizə əsl ingilis qa­yışı verək?.." Tərifləməyə, göstərmə­yə başlayacaqlar. Qətiyyətlə dedim ki, mənə qayış verin. «Bağışlayın, hansını?» Cavab verdim: «Cekson və Humperdini”dən, oriji­nal olsun, deşikli, özü də on doqquz yarım ölçüdə!» Heyrətlənmiş satıcı üzümə baxıb nəzakətlə: «Qndan yoxdur», - dedi. Mən əda ilə dükandan çıxdım.

  18 Dekabr

Şalvarımı köynəyimə iplə bər­kidirəm, çox da yaxşı saxlayır. Kefim pis deyil. Diş həkiminin yanma getdim. Günüm çox uğurlu oldu. Həkim evdə deyildi.

  19 Dekabr

Üzüm şişir, şişir, amma dişim ağrımır. Diş həkiminə getməyimi təkid edirlər. Staşek gəlib qalmaqal salır: «Qəzetdə yazacağam» – deyir. Yaz, özünü öldürür. Yaxşı danışır, amma məni əsəbiləşdi­rir. Karandaşları qədləyirəm. Ha­mısını qədlədim, biri də qalmadı. Amma yeməyimin içindən  tük çıxdı.

  20 Dekabr

Üç gündür, üzümü qırxmıram. Dişim get-gedə daha bərk ağrıyır. Bir əlimlə üzümü, o biri əlimlə şalva­rımı tutub elə hey otaqda var-gəl edirəm.

1926-ci il

 

Tərcümə edən: Nəriman ƏBÜLRƏHMANLI