“Aydın yol” məşhur Amerika yazıçısı Rey Bredberinin gənc yazarlara məsləhətlərini təqdim edir
Yaradıcılığa roman yox, hekayə yazmaqla başlayın. Çünki roman vaxtınızı çox alacaq. Bunun əvəzinə həftəyə bir hekayə yaza bilərsiniz. Proses bir il davam etsin. Bu müddət ərzində qələmə alacağınız 52 hekayədən ən azı biri mütləq yaxşı alınacaq.
***
Bəyəndiyiniz yazıçıları təqlid etməkdən qaçın. Çünki heç vaxt onlar kimi yaza bilməyəcəksiniz.
***
Bacardıqca düşüncələrə dalın. Yatmazdan öncə mütləq şeir, hekayə və ya məqalə oxuyun. Məqalələr arxeologiya, zoologiya, fəlsəfə, politologiya və digər sahələrə aid olsa daha yaxşıdır.
***
İstedadınıza inanmayan insanlarla dostluq etməyin. Əgər yazmaq ehtirasınıza laqeyddirlərsə və sizin bu həvəsinizi ciddi qəbul etmirlərsə, həmin insanlardan uzaqlaşın.
***
Hərdən yazı makinanızı bağlayıb gününüzü kitabxanaya həsr edin. Nə qədər çox oxusanız, şüurunuzun sərhədləri bir o qədər genişlənəcək.
***
Filmlərə baxın – xüsusən köhnə filmlərə.
***
Eyni vaxtda yazıçı, həm də pullu olmaq barədə düşünməyin. Bu, uğura aparan yolda sizə əngəl ola bilər.