Qan Turalı
Bəlkə də, heç bir şair Səməd Vurğun qədər şah qarşısında dayanmayıb. Hətta şair və şah mövzusunu sanki genlərlə xələfi Yusifə də ötürmüşdü. “Qətl günü”nün də əsas mövzusu şah və şair idi.
Ancaq bizim hekayətdə tale qətl gününü şahın qismətinə yazmışdı.
Səməd Vurğun bütün varlığıyla şair olmağın əzablarını dadmışdı. “Fərman padşahın dağlar bizimdir” deyə bilməmişdi. O keşməkeşli illərdə dağlar da padşahın idi. Dərd əlindən dağlara çıxmaq da mümkünsüz idi.
Və şah hüzurunda dayanmaqla şeirə xidmət etmək... Həm şahın, həm də şeirin könlünü xoş etmək... Elə də asan məsələ deyildi. Buna görə də ölüm yatağından tapança tapdılar. Qəfil bir həbs, ya da sürgün xəbərində intihar etmək üçün...
Səməd Vurğun ziddiyyətlərin içində yaşadı. Gah ürəyinin səsini dinləyib tənqid olundu, gah da onların istədiklərini yazıb rəyasətdə oturdu. Amma heç bir zaman xoşbəxt olmadı. Daim fikirli, siqaretli, gərgin və narahat.
Bir tərəfdən rəhbərə salam söyləyirdi:
“Stalin! Adında oxunan qüdrət,
Demirəm adi bir şöhrət səsidir,
Sənin gözlərində yaşayan qüvvət
Ellərin ölməyən iradəsidir…”
Amma “Vaqif” pyesində şahın hüzurunda baş əymir, “əyilməz vicdanın böyük heykəli” deyir və vicdanın əbədiliyindən danışırdı. Bu görüş tarixdə heç də şair yazdığı kimi olmamışdı, ancaq sanki Səməd Vurğun öz sınıq arzularını Vaqifin dilindən bəyan edirdi...
Özünün də dediyi kimi başında tufanlar əsirdi, hər gün ölüm qorxusuyla yaşayır, ancaq yenə də təslim olmurdu. Dostu Nazim Hikmətin dediyi kimi: “Söhbət əsir düşməkdə yox, təslim olmamaqdadır”. Səməd Vurğun da ömrü boyu qalib gəlmək üçün yox, təslim olmamaq üçün mübarizə aparmışdı.
O həyata gözlərini yumanda 50 yaşı təzəcə tamam olmuşdu. Zaman o zaman idi ki, Stalin artıq vəfat etmişdi, Mir Cəfər vəzifədən götürülərək həbs edilmişdi. Fevral ayında XX qurultay keçirilmiş və “Şəxsiyyətə pərəstiş” dövrü ifşa olunmuşdu. Şairlərin nəfəs dərəcəyi buzların əriməsi “Оттепель” dövrü başlamışdı.
Ancaq Səməd Vurğunun nəfəsi tükənmişdi... Hətta “Sevinin, afinalılar, biz qalib gəldik” demək üçün də nəfəsi qalmamışdı. Ancaq tarix hər şeyi onun yerinə yoluna qoyurdu...
Aşağıdakı şəkildən də gördüyünüz kimi tarixlər 29 dekabr 1956-cı ili göstərir. Ölkənin əsas qəzetinin birinci səhifəsi Səməd Vurğunun ölüm xəbərini bəyan edir. Birinci və ikinci səhifə başsağlıqlarıdır.
Oxuyuruq: “Səməd Vurğun yoldaş may ayının 27-sində vəfat etmişdir”. (Bazar ertəsi qəzet çap edilmədiyi üçün xəbər bir gün ləngimişdi) Bəs Səməd Vurğunun dünyadakı son gününün ən vacib xəbəri nə idi? Şair o gün qəzet oxumuşdumu? Yəqin ki, hə. Həm də bu xəbər gizlədiləsi xəbər deyildi.
Ancaq günün xəbəri Səməd Vurğunun ölüm xəbəri kimi manşetdən verilməmiş, “SSRİ Ali Məhkəməsində” adlı məqalənin son cümləsində gizlədilmişdi: “Hökm yerinə yetirilmişdir”. Yerinə yetirilən hökm Mir Cəfər Bağırov haqqında verilən ölüm hökmü idi.
Bəli, şahın qətl günündə ölmüşdü şair.
Şair manşet olmuşdu, şah cümlə...
Bu taleyin Səməd Vurğuna verdiyi qiymət idi.
Şairi xalq son mənzilə yola salırdı, şahı cəllad...
Və vicdan növbəti dəfə qələbə qazanırdı.
Çünki o, uduzsa belə təslim olmamış, zaman şairin çiynini oxşamışdı.
Növbəti şah və şair hekayəti də beləcə sona yetmişdi...
Və şairin simasında vicdan qalib gəlmişdi...