Elektron ədəbiyyat və sənət portalı

“Bütün yazıçıların yaxşı oxucuya ehtiyacı var”

Bölmə: Müsahibələr 29.12.2021

Gənc yazıçı Cavid Zeynallı “Aydın yol”un suallarını cavablandırır.

– Gəlin söhbətə ənənəvi sualla başlayaq. Məncə, dünyada nə qədər yaradıcı insan varsa, ədəbiyyatın, sənətin də bir o qədər tərifi var. Sizin üçün ədəbiyyat nədir?

– Nəyinsə tərifini vermək onu anladığın kimi mənalandırmaq deməkdir. Bizə qədər ədəbiyyat haqqında o qədər yazılıb ki… Onların içində daha çox yadımda qalan Peru yazıçısı Lyosanın fikirləri olub: “Ədəbiyyat insanlar arasında doğmalıq bağı yaradır. Bu bağ bizə kömək edir ki, keçmişə qayıda bilək”. Keçmişə qayıtmaq nədir? Məsələn, min illər əvvəl bir Cavid, ya da Cahan adlı xanım necə yaşayıb, xəyal qurub, necə sevinib, necə pərişan olub? Ən azı ortadan zamanın sərhədləri götürüldümü? Ədəbiyyatın, sözün, kitabın qüdrəti budur.

Son iki ildə istər dünyəvi, istərsə də ölkədaxili, bir xeyli hadisələr baş verdi. Bütün bunlara rəğmən son dövrlər Azərbaycan ədəbi prosesində müəyyən durğunluq müşahidə olunur. Sizcə, prosesin canlanması üçün nə lazımdır?

– Məsələ təkcə yaxşı əsər yazmaqla bitmir. Müasir dünyanın şərtləri başqadır. Biz hələ də nüfuzlu ədəbi mükafat təsis edə bilməmişik. Bunu yazıçıdan gözləmək lazım deyil, bizdə hələ də kitab sənayesi yoxdursa, yazıçının gözü həmişə onun-bunun cibində olacaq. Bunu inzibati-idarəetmə orqanlarından gözləməliyik. Ümidvaram ki, durğunluğun aradan qaldırılması üçün addımlar atılacaq. Buna inamımı itirməmişəm.

– Yaradıcılığınızda yeniliklər varmı?

 

– Hekayələr kitabımı nəşr etməyi planlaşdırıram. Qəribədir ki, vaxt uzandıqca, bu işi özüm üçün ağır yük kimi qəbul edirəm. Axır vaxtlar məndə bir “qoy bu da əldən çıxsın” düşüncəsi formalaşıb. Bilmirəm, bəlkə də, səbəb işlərimin, planlarımın çox olmasıdır. Mən Akademik Milli Dram Teatrında çalışıram. Bu ilin əvvəlində pyeslər kitabım çap olundu. Gözləyirəm ki, pyeslərim səhnələşdirilsin. Xüsusən, “Şükriyyə” pyesimin oynanılmasını gözləyirəm. Bu pyesi bəyənən, qiymətləndirən çoxdur. Təəssüf ki, iki il teatr bağlı qaldı. İndi də xeyli yarımçıq işlər var, onlar yekunlaşmalıdır. Ciddi gözləntim gələn ilədir. Çünki gələn il Əhməd Cavadın 130 illiyidir. İçimdə qəribə bir “lovğalıq” var ki, Şükriyyə xanım haqqında heç kim məndən yaxşı yaza bilməz. Bunu tam məsuliyyətlə deyirəm. Və pyesimin məhz “Azdrama”da səhnələşdirilməsini arzu edirəm. Rejissor dostlarım mənə deyir ki, bəlkə, əyalət teatrlarından başlayasan, yaxud paytaxtın kiçik teatrlarından? Məsələ orasındadır ki, mənim teatr düşüncəm, zövqüm “Azdrama”da formalaşıb və başlanğıcı da məhz bu teatrdan etmək arzusundayam. Hazırda roman da yazıram. Hələ ki daha çox üzərində düşünürəm, qeydlər edirəm. Yığcam bir əsər olacaq.

– Cavid bəy, hekayə və roman yazmaq ayrı-ayrılıqla hər ikisi mürəkkəb prosesdir. Sizin üçün hansı daha rahatdır – hekayə, yoxsa roman? Və yaxud “Coğrafiya müəlliminin pencəyi”, yoxsa “Günəşi gözləyənlər”?

– Əlbəttə, “Coğrafiya müəlliminin pencəyi”. Amma bundan daha çox başqa hekayələrim – “Zəmanəmizin qəhrəmanı”, “25 il sonra” və digərləri. Mən indi “Günəşi gözləyənlər” kimi roman yazmaram. Bu, gənclik həvəsi, təcrübəsizlik dönəmləri idi. Bundan sonra irəli baxmaq lazımdır. Yaxşı yazı heç vaxt rahat ərsəyə gəlməyib. Amma hamı özünün yaxşı yazdığını düşünür. Bu eqo olmasaydı, heç kim çap olunmaq xəyalına düşməzdi.

– Deyirlər böyük ədəbiyyat öz zamanında populyar olmur. Bu fikirlə razısınızmı?

– Bu fikri təkzib edən çoxlu faktlar var. Məsələn, “Balaca Şahzadə”, öz zamanında məşhurlaşıb və indiyədək 200 milyon nüsxə satılıb. Yaxud “Lolita”, “Çovdarlıqda uçurumdan qoruyan”, “Qızılgülün adı”, “Hərb və sülh”, “Taun” və digərləri. Populyarlığı “Harri Potter” standartı ilə ölçmək olmaz. Kortasarın “Xana-xana” oyunu da nəşr olunan kimi yaxşı satılmışdı və əsər çox məşhur idi.

– "Çovdarlıqda uçurumdan qoruyan” əsərində belə bir yer var ki, əsərini oxuyub bitirəndən sonra özünə zəng vurub danışmaq istədiyin müəllif əsl yazıçıdır. Nə vaxtsa çox bəyəndiyiniz bir əsərdən sonra belə bir arzunuz olubmu?

– Hə, əlbəttə. “Aclıq” və “Torpağın bərəkəti”nə görə Knut Hamsunla danışmaq istərdim, “Sergi ata”ya görə Tolstoyla, “Varavva” üçün Per Lagerkvistlə, “Herkules və Avqinin tövləsi”nə görə Fridrix Dürremantla... Yadıma düşənlər bunlardır.

– Xəyalınızdakı oxucu obrazı necədir?

– Yazıçıya ağıl öyrətmək fikrinə düşməyən, müəllifin ruhunu hiss edən, düşünən, təhlil edə bilən, dərinə enməyi bacaran oxucu. Bir də müəllifə heyran olan oxucu. Bütün yazıçıların yaxşı, zövqlü, hazırlıqlı, amma həm də ona heyranlıqla baxan oxucuya ehtiyacı var. Kim əksini desə, inanmayın.

– Sizcə, yazıçının intellektuallıq kriteriyasi nədir?    

– İntellektuallıq mütaliəli olmaq demək deyil, düşüncədir, həyat tərzidir, yoldur. Borxes, Eko, Prust yolu. İstənilən halda biz bütün bunlar haqqında istedad amilindən sonra danışa bilərik. İstedadsız şairin riyazi poeziya, elemantar süjet qura bilməyən yazıçının fəlsəfi proza yazması və üstəlik, iddiasının yerə-göyə sığmaması sadəcə təbəssüm doğurar.

– Özünüzü ruhən hansı yazıçıya daha yaxın hiss edirsiniz?

– Əsərlərini oxuduqdan sonra zəng etmək istədiyim bütün yazıçıları özümə ruhən yaxın hiss edirəm.

– Son vaxtlar bir neçə dəfə kitab sərgiləri keçirilib. Necə düşünürsünüz, bu cür sərgilərin keçirilməsinin ədəbiyyatın təbliğinə müsbət təsiri varmı?

– Küçədə kitab haqqında danışmağın da ədəbiyyatın təbliğinə təsiri var. Ədəbiyyatı simfonik musiqi kimi bir ovuc adamın ümidinə qoymaq olmaz. Vaxtilə meyxana yarışmaları, bayağı verilişlər ən yüksək reytinq qazanırdı. İndi fikir vermisinizsə, daha bu tipli layihələr yoxdur, yaxud çox azdır. Ədəbiyyat, teatr, kino və incəsənətin digər sahələri ardıcıl təbliğ olunmalıdır. Çünki insan, haqqında daha çox danışılana

meyillidir. Bu mənada kitab sərgiləri mütləq şəkildə davam etməlidir.

 

Pandemiyanın teatrlarımızı tamamilə iflic etdiyi fikrinə münasibətiniz?

– Doğrudur, ikiillik fasilə mənfi təsirini göstərdi, amma bu o demək deyil ki, teatr özünə gələ bilməyəcək. Mənfi təsir təkcə yaradıcı müstəvidə deyil, bunun həm də maddi fəsadları var. Teatr işçiləri maaşı dövlətdən alır, təsərrüfat, kommunal və digər məsələlər bilet satışı ilə tənzimlənir. Bilet isə iki il satılmadı. Hazırda zalın yarıyacan dolmasına icazə var. Həqiqət isə ondan ibarətdir ki, teatrlar yalnız kassa hesabına yaşaya bilməz!

– Sizcə, yaxşı oxucu olmaq çətindir, yoxsa yaxşı yazıçı?

Əlbəttə, yaxşı oxucu olmaq xüsusi məqamdır, məxsusi mərtəbədir. Biz hamımız oxucuyuq, amma necə, bunu bilmirəm. Yaxşı oxucu olmaq xarici dil öyrənmək kimidir. Sadəcə, çox çalışmaq lazımdır və beləcə vərdiş yaranır. Tələbə olanda İsa Hüseynovdan müsahibə götürmüşdüm. Bir fikrini hələ də unutmamışam. Deyirdi ki, Məmməd Səid Ordubadi kimin üçünsə yaxşı yazıçı olmaya bilər, amma onun ən böyük xidməti oxucu ordusu yaratması oldu, oxu mədəniyyəti, oxu anlayışı olmayan insanlarda qalın-qalın romanları oxumaq vərdişi formalaşdırdı. Yaxşı yazıçı olmağı isə hamı arzulayır. Amma çox çalışmaq, çox yazmaqla yaxşı yazıçı olmaq mümkün deyil. Ümumiyyətlə, yaxşı yazıçı olmağın düsturu yoxdur.

 

 Söhbətləşdi: Cahan Seyidzadə