Elektron ədəbiyyat və sənət portalı

Svetayevanın şeirləri Ramiz Rövşənin tərcüməsində

Bölmə: Dünya ədəbiyyatı 06.01.2022

“Aydın yol” Xalq şairi Ramiz Rövşənin məşhur rus şairi Marina Svetayevanın şeirlərindən etdiyi tərcümələri təqdim edir.

 

CANIM-GÖZÜM, NEYLƏMİŞƏM MƏN SƏNƏ

 

Dünən hələ gözlərimə baxırdıın,

İndi yana çevirirsən üzünü.

Dünən mənsiz olanda darıxırdın,

İndi mənə çox görürsən özünü.

 

Mən kiməm ki, bir ağılsız, key qadın,

Ağıllısan, mənə cavab versənə.

Yüz il keçsə, susmaz yenə fəryadım:

“Canım-gözüm, neyləmişəm mən sənə?!”

 

Yoxsa bizi ögey balası bilər;

Sevgi bizə zülm eləyər, yorulmaz.

Axan qanı, göz yaşını su bilər;

Göz yaşında, qanda çimər, durulmaz.

 

Gah qatarlar, gah gəmilər ayırar,

Yollar durar sevənlərin qəsdinə.

İniltimiz yer üzünə yayılar:

“Canım-gözüm, neyləmişəm mən sənə?!”

 

Dünən hələ mən başının tacıydım,

Sən qarşımda qolu bağlı qul kimi.

Birdən-birə bir cüt əlin açıldı;

Yerə düşdü ömrüm xırda pul kimi.

 

Lap bir uşaq qatilitək əgər mən

Bir gün çıxsam məhkəmə kürsüsünə,

Cəhənnəmdə rastlaşsaq da, deyərəm:

“Canım-gözüm, neyləmişəm mən sənə?!”

 

Soruşaram çarpayıdan, divandan:

“Nə günahın cəzasını çəkirəm?”

Nə olsun ki, öpüşmüşük bir zaman,

İndi gərək çarmıxamı çəkiləm?

 

Sən gah oda atdın məni, gah suya,

Gah yandırdın, gah dondurdun əksinə.

Sən gör nələr etmisən mən yazığa!

Canım-gözüm, neyləmişəm mən sənə?!

 

Nə yaxşı ki, ağıllandım axırda,

Sənin adın bir də gəlməz dilimə.

Bir ürəkdən sevgi yoxa çıxanda

Bağban ölüm ayaq basır yerinə.

 

Nə xeyri var – ha silkələ indi sən,

Kim bar umar bir qurumuş ağacdan?

Canım-gözüm, sənə neyləmişəmsə,

Hamısına görə məni bağışla!..

 

                      ***

 

(sərbəst tərcümə)

 

Bu dünyada hamının əlindən allam səni,

Təkcə mənim olarsan, tək sənin ollam, sənin.

Səni mənim əlimdən Allah da ala bilməz,

Yer də, göy də, qılınc da, bayraq da ala bilməz.

Qovaram o qapında keşik çəkən iti də,

Möhkəm-möhkəm bağlaram qıfılı, kilidi də.

Açarı da tullaram pəncərədən o yana,

Səndən bir tük də düşməz özgələrin payına.

Səhərəcən qapında qoy ulasın o köpək,

Hansı it sənə məndən yaxşı keşik çəkəcək?!..

 

Lap evlənsən, mən səni evindən oğurlaram,

Ər olmazsan heç kəsə, heç kəsə yar olmaram.

Lap ölüm ayağında allam ölümdən səni,

Amma necə alım mən Sənin əlindən səni?!

Yenə getdin, qalmadın, – bir gör nə günə qaldım;

Yenə mənim olmadın, yenə Özünə qaldın…