Elektron ədəbiyyat və sənət portalı

Somerset Moemin hekayəsi

Bölmə: Dünya ədəbiyyatı 19.01.2022

 

“Aydın yol” XX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, ədəbi tənqidçi Uilyam Somerset Moemin hekayəsini təqdim edir.

 

Cənab Çoxbilmiş

 

Cənab Maks Kelada ilə tanış olmazdan əvvəl ondan zəhləm gedirdi. Müharibə təzəcə bitmiş, okeanda üzən gəmilər sərnişinlərlə dolmağa başlamışdı. Bilet tapmaq o qədər çətinləşmişdi ki, gəmi xidmətçilərinin təklif etdiyi istənilən yerlə razılaşmağa məcbur idim. Ayrıca kayuta ümid etmək belə mümkün deyildi, buna görə də ikinəfərlik kayuta görə çox sevindim. Ancaq mənimlə qalacaq ikinci sərnişinin soyadını eşidəndə əsəblərim yerindən oynadı. Bu həm də o demək idi ki, pəncərə bağlı qalacaq, otağı gecənin boğucu havası bürüyəcək. San-Fransiskodan Yokohamayadək olan on dörd günlük yolu kayutda kiminləsə qalmaq onsuz da yaxşı bir şey deyil, lakin sərnişinin soyadı Smit, yaxud Braun olsaydı, birtəhər dözmək olardı.

Kayuta daxil olanda cənab Keladanın əşyaları artıq orada idi. Bağlamalar çox pis görünürdü: üzərinə xeyli yarlıq yapışdırılmışdı, paltar çantası da çox böyük idi. Əşyaları ətrafa səpələnmişdi. Dərhal hiss etdim ki, cənab Kelada möhtəşəm “Müsyö Koti”nin daimi müştərisidir. Əlüzyuyanın qarşısına “Koti”dən ətir, saç şampunu və brilyantin  qoyulmuşdu. Onun qızılla işlənmiş ebonit fırçaları göz oxşayırdı. Ancaq cənab Keladanın özündən qəti xoşum gəlmirdi. Kayutdan çıxıb siqaret çəkilən otağa getdim. Başımı qatmaq üçün kart sifariş edib onları düzməklə məşğul idim ki, bir kişi yaxınlaşıb mənim “filankəs” olmağım barədə yanılıb-yanılmadığını soruşdu və dişlərini ağardaraq gülümsədi:

– Mən cənab Keladayam, – deyərək yanımda əyləşdi.

– Hə, deyəsən, bir kayutda gedəcəyik.

– Düşünürəm ki, bizimki gətirib. Bəzən kiminlə yol getdiyini belə bilmirsən. Sizin ingilis olduğunuzu eşidəndə elə sevindim ki... Məncə, ingilislər xaricdə bir-birinə dəstək olmalıdır. Yəqin, nə dediyimi anladınız.

Gözlərimi yumub-açmaqla cavab verdim.

– Deməli, siz ingilissiniz? – soruşdum. Bu sual bəlkə də bir az yersiz çıxdı.

– Əlbəttə. Hər halda, amerikalı olduğumu düşünmürsünüz. Mən iliyimədək britaniyalıyam.

  Cənab Kelada cibindən pasportunu çıxarıb burnumun qabağında ora-bura yellədi.

Britaniya kralı Corcun maraqlı təbəələri var idi. Cənab Kelada balacaboy, qaraşın, dolu bir kişi idi. Üzü tərtəmiz taraş olunmuşdu, ətli burnu qarmağa oxşayırdı, iri gözləri işıldayırdı, uzun və parlaq saçları qıvrım idi, ingilislərə xas olmayan rəvan nitqlə və jestlərlə danışırdı. Əmin idim ki, göstərdiyi Britaniya pasportu ilə yaxından tanış olsam, cənab Keladanın doğulduğu yerin səmasının İngiltərə səmasından daha tünd olduğunu aşkar edə bilərəm.

– Nə içirsiniz? – məndən soruşdu.

Ona şübhəli nəzərlərlə baxdım. Spirtli içkini qadağan edən qanun hələ də qüvvədə idi və aydın görünürdü ki, gəmidə spirtli içki satılmır. Ancaq cənab Keladanın üzündə şərqlilərə məxsus təbəssüm göründü.

– Limonadlı viski, yoxsa turş martini? Adını de, qalanı mənlikdir.

O hər iki cibindən bir şüşə çıxarıb qarşıma qoydu. Mən martinini seçib ofisiantdan buz və iki stəkan gətirməyi xahiş etdim.

– Yaxşı kokteyldir, – bildirdim.

– Bəs necə. Bundan məndə çoxdur. Gəmidə dostların varsa, rahat şəkildə deyə bilərsən ki, istənilən növ spirtli içkisi olan bir tanışın var.

Cənab Kelada çox zəvzək idi. O, Nyu-York və San-Fransisko haqda danışır, pyeslər, rəsm əsərləri barədə fikirlər söyləyir, bəzən siyasətçiləri müzakirə edirdi. Vətənpərvər idi, ancaq Britaniya bayrağı nə qədər əzəmətli kətandan hazırlansa da, əsli İsgəndəriyyə və ya Beyrutdan olan biri tərəfindən “dalğalandırılanda” öz əzəmətini itirməyə başlayır. Cənab Kelada səmimi ünsiyyətin tərəfdarı idi. Lovğalıq etmək fikrində deyiləm, ancaq düşünürəm ki, tanımadığım bir şəxs mənə müraciət edirsə, adımın qarşısına “cənab” sözünü əlavə etsə, daha ədəbli çıxar. Amma cənab Kelada adımın qarşısından həmin “cənab” sözünü çıxarıb kənara atmışdı. Şübhəsiz, bunu sərbəst olmağım üçün etmişdi. Ancaq cənab Kelada heç xoşuma gəlmirdi. Gəlib yanımda oturandan sonra kartı kənara qoymuşdum. Söhbətimizin ilk dəfədən bu qədər uzun alınması məni yenidən kartla başımı qatmağa vadar etdi.

– Üçü dördün üstünə qoy, – cənab Kelada səsləndi.

Kart oynayarkən ən xoşlamadığım şey kiminsə kartı necə düzməyim barədə kənardan göstəriş verməsidir.

– Düz gəlir, düz gəlir, – cənab Kelada səsini qaldırdı, – onu valetin üstünə qoy.

Mən hirslənib ürəyimdə ona söyərək kartı kənara qoydum. O, kartları götürüb soruşdu:

– Fokus xoşlayırsan?

– Yox, zəhləm gedir, – cavab verdim.

– Mən sənə yalnız birini göstərəcəyəm.

Üçüncünü göstərəndən sonra dedim ki, aşağı düşüb yemək masasında özümə yer tutmağa gedirəm.

– Narahat olma, sənin üçün yer saxlamışam. Bir kayutda olduğumuzu biləndə belə qərara gəldim ki, eyni masa arxasında otursaq yaxşıdır.

Cənab Kelada artıq məni təngə gətirmişdi. İndi nəinki bir kayutu paylaşmalı, artıq gündə üç dəfə onunla bir masa arxasında yemək yeməli idim. Göyərtəyə də çıxmaq mümkün deyildi, dərhal mənə qoşulurdu. Onu kənarlaşdırmaq qeyri-mümkün idi. Ağlına belə gəlmirdi ki, mənim üçün xoşagəlməz adama çevrilib. Əmin idi ki, özünə xoş olduğu kimi, başqalarına da xoş təsir bağışlayır. Şəxsi evinizdə onu pilləkəndən salıb qapını üzünə çırpsanız belə, şübhələnməzdi ki, arzuolunmaz qonaqdır.

Cənab Kelada ünsiyyətcil adam idi və üç gün ərzində gəmidəki bütün sərnişinlərlə münasibət qura bilmişdi. Həyatda, demək olar, hər şeylə məşğul olub. Nəzarətçi işləyib, idman mükafatları üçün pul yığıb, qolf oynamağı və disk atmağı öyrənib, hərrac, konsertlər, bal və ziyafətlər təşkil edib. Bir sözlə, cənab Kelada həmişə və hər yerdə qarşındadır. Əlbəttə,  o, gəmidə ən nifrət olunan şəxs idi. Onu cənab Çoxbilmiş adlandırsaq da, bu müraciəti kompliment kimi qəbul edirdi. Cənab Kelada xüsusən də yemək vaxtı dözülməz idi. Çünki hamılıqla bir saata yaxın onun çənəsinin altına düşürdük. Hamıyla zarafatlaşır, deyib-gülür, boşboğazlıq edirdi. Həm də mübahisə etməyi xoşlayırdı, guya hər şeyi hamıdan yaxşı bilirdi. Onunla nədəsə razılaşmamaq – mənliyinə zərbə vurmaq demək idi, fikirləri ilə razılaşanadək ən əhəmiyyətsiz müzakirəni belə yarımçıq saxlamazdı. Heç vaxt düşünmürdü ki, səhv edə bilər. O, necə deyərlər, hərşeyşünas idi.

Biz bir həkimlə eyni masa arxasında otururduq. Cənab Kelada istədiyi kimi özünü apara bilərdi, çünki həkim tənbəl, mən isə laqeyd idim. Təkcə bizimlə əyləşən Ramsi adlı bir nəfər hər ikimizdən fərqlənirdi. O da cənab Kelada kimi ehkamçı idi və qarşısındakının şərqlilərə məxsus özünəinam hissini heç cür həzm edə bilmirdi. Onların mübahisəsi bezdirici olur, bitib-tükənmək bilmirdi.

Ramsi ABŞ-dan idi, Kobedə Amerikanın konsulluq xidmətində çalışırdı. Görünüşcə iricüssəli, ağırçəkili bir kişi idi. Piyli bədəni hazır geyimlər mağazasından alınmış kostyuma pərçim olunmuşdu. Ramsi yenidən öz vəzifəsini icra etmək üçün artıq bir il idi ki, Nyu-Yorkdakı evində tək qalan arvadı ilə birgə Kobeyə geri qayıdırdı. Xanım Ramsi xoş ədaya, yumor hissinə malik çox gözəl, zərif qadın idi. Konsulluq xidmətində məvacib az olduğuna görə sadə, ancaq səliqəli geyinərdi.

Mən ona qətiyyən fikir verməyəcəkdim. Ancaq o, bəlkə də qadınlar arasında adi sayılsa da, bizim dövrümüzdə çox da əhəmiyyət verilməyən bir xüsusiyyətə malik idi. Ona nəzər saldıqda kübarlığına valeh olmamaq mümkün deyildi. Gül-çiçək geyimini bəzədiyi kimi, kübarlıq da onu bəzəyirdi.

Bir gün axşam şam yeməyi zamanı söhbət təsadüfən mirvaridən düşdü. Həmin vaxt qəzetlər fərasətli yaponların süni yolla hazırladıqları mirvari barədə çox yazırdı. Həkim bildirdi ki, bizimkilər istər-istəməz saf mirvarinin qiymətini aşağı salmağa məcbur olacaq. Onun fikrincə, süni mirvarilər, doğrudan da, gözəldir və belə getsə, tezliklə ən mükəmməl səviyyəyə çatacaq.

Bu arada cənab Kelada da yeni mövzu ətrafında gedən söhbətə müdaxilə etdi, bizə mirvari haqqında bilməli olduğumuz şeylərdən danışdı.

Düşünmürəm ki, Ramsi mirvari barədə hansısa bilgiyə malik idi, ancaq o, cənab Çoxbilmişin üstünə düşmək imkanını əldən vermək istəmirdi. Artıq beş dəqiqədən sonra biz qızğın bir mübahisənin şahidinə çevrilmişdik. Əvvəllər cənab Keladanın coşqunluq və hərarətlə mübahisə etdiyini dəfələrlə müşahidə etmişdim, ancaq onu bu cür heç vaxt görməmişdim. Nəhayət, Ramsinin hansısa sözü onu lap özündən çıxardı və o, yumruğunu masaya vuraraq qışqırdı:

 – Nə danışdığımı yaxşı bilirəm. Mən Yaponiyaya məhz yaponların həmin mirvari biznesi ilə yaxından tanış olmaq üçün gedirəm. Mən bu sahənin adamıyam və hər kəs də təsdiqləyə bilər ki, mirvari haqqında dediklərim doğrudur. Mən dünyanın ən gözəl mirvariləri haqqında hər şeyi bilirəm. Əgər nəyisə bilmirəmsə, deməli, onu bilmək lazım deyil.

Bu bizim üçün yeni məlumat idi. Axı cənab Kelada nə qədər boşboğaz olsa da, heç vaxt nə ilə məşğul olduğunu deməmişdi. Yalnız dumanlı şəkildə bilirdik ki, Yaponiyaya ezamiyyətə gedir. O, qalibanə tərzdə masa ətrafındakılara nəzər saldı.

– Yaponlar mənim ilk baxışdan ayırd edə bilmədiyim süni mirvarini heç vaxt hazırlaya bilməzlər.

O, xanım Ramsinin taxdığı boyunbağıya işarə edib dedi:

 – Xanım Ramsi, bax sizin boynunuzdan asdığınız mirvari heç vaxt indikindən bir sent belə aşağı satılmayacaq və sözümün də ağasıyam.

Xanım Ramsi azacıq qızardı və özünəməxsus kübarlıqla boyunbağını paltarının altında gizlətdi. Əri Ramsi qabağa əyildi. Bizə baxıb təbəssümlə soruşdu:

– Xanım Ramsinin boyunbağısı gözəldir, eləmi?

– Mən onu dərhal hiss etdim, – cənab Kelada cavab verdi, – bax əsl mirvari belə olar.

– Onu mən almamışam, ancaq fikriniz maraqlıdır, deyə bilərsinizmi, qiyməti neçəyə olar?

– Açıq satışda təqribən 15 min dollar. Ancaq Beşinci Avenyuda buna 30 mindən artıq pul verildiyini eşitsəm, təəccüblənmərəm.

Ramsi rişxəndlə gülümsədi.

– Təəccüb edəcəksiniz, ancaq bilin ki, xanım Ramsi bu boyunbağını biz Nyu-Yorkdan çıxmazdan bir gün əvvəl univermaqdan 18 dollara alıb, bəli.

Cənab Kelada qıpqırmızı oldu.

– Yalandır. Bu nəinki əsl mirvaridir, həm də ölçüsünə görə mənim gördüyüm mirvarilərin ən yaxşısıdır.

– Mərc gəlirsiniz? 100 dollardan mərc gəlirəm ki, mirvari saxtadır.

– Gəlirəm.

Xanım Ramsi:

– Elmer, axı niyə hər xırda şeyə görə mərcə girirsən, – deyib təbəssümlə, həm də həyəcanlı tonda ərinə etiraz etdi. 

– Niyə də yox? Əgər belə asan yolla pul qazanmaq mümkündürsə, gərək axmaq olasan ki, bu imkanı qaçırasan.

– Axı biz bunu necə sübut edəcəyik? – xanım davam etdi, – mənim quru sözlərimlə?

– Qoyun boyunbağına yaxından baxım, əgər saxtadırsa, özüm deyəcəyəm. Bundan ötrü 100 dollar itirməyə hazıram, – cənab Kelada bildirdi.

– Çıxar onu, əzizim. Qoy bu centlmen ona istədiyi qədər baxsın.

Xanım Ramsi bir an tərəddüd etdi, sonra əlini ilgəyə tərəf apardı.

– Mən aça bilmirəm, – dedi, – gərək cənab Kelada sözümə inansın.

Həmin an mənə elə gəldi ki, nəsə bir hadisə baş verəcək, ancaq məsələyə müdaxilə etməkdən özümü saxladım.

Ramsi yerindən sıçradı:

– Mən açaram.

O, boyunbağını açıb cənab Keladaya uzatdı. Cənab Kelada cibindən böyüdücü şüşə çıxarıb mirvariləri incələməyə başladı. Onun hamar və qaraşın simasında bir təbəssüm yarandı. Ağzını açmışdı ki, birdən gözü xanım Ramsinin baxışlarına tuş gəldi. Qadının rəngi ağarmışdı, sanki ürəyi gedəcəkdi. Gözləri bərəlmiş vəziyyətdə, cənab Keladaya dəhşətli nəzərlərlə, ümidsiz şəkildə yalvarırmış kimi baxırdı.

Cənab Kelada ağzıaçıq vəziyyətdə donub-qaldı, üzü qızarmağa başladı. Hiss olunurdu ki, cənab Kelada artıq öz iradəsi ilə mübarizə aparır.

– Mən səhv etmişəm, – nəhayət, etiraf etdi. – Bunu yaxşı oxşadıblar, yalnız böyüdücü ilə baxdıqdan sonra gördüm ki, həqiqi mirvari deyil. Məncə, 18 dollar bu lənətə gəlmiş boyunbağının əsl qiymətidir.

Cənab Kelada cibindəki pul kisəsindən 100 dollarlıq əsginası çıxarıb heç bir söz demədən Ramsiyə uzatdı.

Ramsi:

– Cavan oğlan, yəqin, düşdüyünüz vəziyyət sizə gələn dəfə özünüzdən bu dərəcədə razı olmamağı öyrədəcək, – deyib pulu aldı.

Bu zaman cənab Keladanın əsəbdən əlləri əsirdi.

Bu qəbildən olan digər hadisələr kimi, bu hadisə də bütün gəmiyə yayıldı. Cənab Kelada da onu gülünc hala salan bu duruma dözməli oldu. Cənab Çoxbilmişin bu cür ilişməsi çox məzəli idi. Mübahisədən dərhal sonra xanım Ramsinin başı ağrıdığından öz kayutuna qayıtdı.

Növbəti gün tezdən durub üzümü qırxırdım. Cənab Kelada yatağında uzanıb siqaret çəkirdi. Qəfildən xışıltı səsləri gəldi, qapının altından içəri zərf salındığını gördüm. Qapını açıb ətrafa baxdım. Heç kim yox idi. Zərfi qaldırdım. Üzərində cənab Keladanın çap hərfləri ilə yazılmış adını oxudum. Zərfi ona uzatdım.

– Kim göndərib? – deyə zərfi açdı.

Zərfin içindən məktub yox, 100 dollarlıq əsginas çıxarıb qəribə nəzərlərlə mənə baxdı. Sonra zərfi xırda hissələrə parçalayıb:

 – Pəncərədən bayıra atarsan? – soruşdu.

Dediyi kimi edib maraqlı nəzərlərlə gülümsədim.

– Tanrı heç kimi belə axmaq imtahana çəkməsin, – dedi.

– Yəni boyunbağı əsl mirvaridən idi?

– Bəli. Belə gözəl arvadım olsaydı, özüm Kobedə qala-qala onun bir il Nyu-Yorkda tək yaşamasına imkan verməzdim, – deyə  təsdiqlədi.

Həmin an cənab Keladanı çox bəyəndim. O isə cibindəki pul kisəsini çıxarıb 100 dollarlıq əsginası səliqə ilə ora qoydu.

 

 

 

Orijinaldan tərcümə edən: İlqar Qarayev