Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar

Bölmə: Xəbər 20.01.2022

Azərbaycan xalqının qan yaddaşına əbədi olaraq Qanlı Yanvar kimi həkk olunmuş 20 yanvar faciəsindən 32 il ötür

 

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da heç bir xəbərdarlıq edilmədən paytaxt Bakıya yeridilərək dinc əhaliyə divan tutmuş sovet silahlı qüvvələrinin qoşun hissələri tərəfindən 147 mülki vətəndaş qətlə yetirildi, 638 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi, yüzlərlə insan işgəncələrə məruz qaldı. Həmin günlər Bakıda törədilən qanlı qətliamlar və əmlak talanı halları respublikanın bir çox region və şəhərlərində də həyata keçirildi. Qətlə yetirilənlər arasında azərbaycanlılarla yanaşı 6 rus, 3 yəhudi, 3 tatar, uşaqlar, qocalar, qadınlar var idi...

    Sovet imperiyası tərəfindən hazırlanmış bu amansız təcavüz aktının başlıca məqsədi – Azərbaycan xalqının milli azadlıq ruhunun boğulması və Ermənistan parlamentinin həmin ilin yanvarın 9-da Dağlıq Qarabağı öz tərkibinə daxil etmək qərarına qarşı Bakıda keçirilən kütləvi etirazların qarşısının alınması idi.

    Respublikada hökm sürən xaos və anarxiyadan, hakimiyyətdə olanların siyasi səriştəsizliyindən qaynaqlanmış bu hadisənin səhəri günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev Bakıda törədilmiş qətliamı kəskin şəkildə pisləyərək əliyalın dinc əhaliyə qarşı təşkil olunmuş bu terroru insan hüquq və azadlıqlarına, demokratik dəyərlərə qarşı yönəlmiş aksiya adlandırdı.

    Düz 32 il əvvəl baş vermiş bu qanlı faciə yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan xalqını yumruq kimi birləşdirdi. Bu birlik heç bir siyasi, hüquqi, insani normaya sığmayan vandallıq aktına – qəfil müdaxilə ilə Azərbaycana soxulmuş sovet qoşunları tərəfindən törədilən hərbi-siyasi cinayətə etirazın, keçmiş sovetlər imperiyasına inamsızlıq və nifrət hissinin birliyi idi...

    İllər ötdü, Azərbaycan xalqı yenidən birləşdi, bir nöqtəyə vuran dəmir yumruğa çevrildi. Bu dəfəki birlik 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə sevincinin, xalqın dövlətinə, ordusuna, müzəffər Ali Baş Komandanına sonsuz inam və rəğbətin birliyi idi!

    Düz 32 ildir hər il yanvarın 20-də yüz minlərlə insan müqəddəs ziyarətgaha çevrilmiş Şəhidlər Xiyabanına gəlir, Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərini ağrı və məhəbbətlə yad edir...